Ana südünün tərkibi

28

21

2021-04-18 10:25:59

Həyatın ilk ilində uşaqların, xüsusən yeni doğulmuş uşaqların ana südü ilə qidalanması yeganə fizioloji haldır. Orqanların, sistemlərin və bütövlükdə orqanizmin tam inkişafı prosesi bətndaxili dövrdə tam başa çatmır. Yetkinləşmə, diferensiasiya prosesi uşaq doğulandan sonra da davam edir. Həyatın ilk ilində bu proseslər daha sürətlə davam edir və buna görə körpələr endogen və ekzogen təsirlərə daha həssasdırlar. Bu dövrdə normal inkişaf  və adaptasiya prosesləri üçün düzgün  qidalanma xüsusilə əhəmiyyətlidir.

 

 Ana südü körpələrin böyüməsi və inkişafı üçün ən ideal qida olub, körpəni ehtiyacı olduğu miqdarda  makro və mikronutriyentlərlə təmin edir. Ana südünün tərkibində 500-ə yaxın komponent vardır ki, bunların bəziləri hələ axıradək öyrənilməyib. Halbuki ən keyfiyyətli süd qarışıqlarında belə bu komponentlərin sayı 50-dən çox deyil. Hətta  müasir mükəmməl texnologiyalar belə ana südü ilə eyni tərkibli süd qarışıqları yaratmağa imkan vermir. Ana südünün tərkibində olan qida maddələrinin (zülal, yağ, karbohidratlar) nisbəti ən ideal səviyyədədir. Bir sözlə, nə keyfiyyətinə, nə də tərkibinə görə ana südündə olan bioloji aktiv  birləşmələri tam təkrarlamaq mümkün deyil.

 

Ana südünün tərkibinin 87%-i körpənin orqanizmi tərəfindən daha yaxşı sorulan bioloji aktiv sudan təşkil olunub. Beləliklə, ana südü qida olmaqla yanaşı, uşağın suya olan tələbatını tamamilə və gigiyenik baxımdan təhlükəsiz olaraq  ödəyir.

 

Ana südü zülalın ümumi miqdar və tərkibi ilə fərqlənir. İnsanın südü digər məməlilərin südündən tərkibində daha az protein olması ilə fərqlənir. Ana südündəki zülallar ümumi kütlənin təqribən 1%-ni təşkil edir. Ana südündə zülalın miqdarı 9-1,3 qr/dl müəyyən edilir. Zülalın miqdarı yetkin süddə daha da azalır. Belə ki, daha yüksək zülal konsentrasiyası körpənin böyrəklərini çox yükləyə və həzm prosesini poza bilər.

 

Ana südündə olan 18 zülal fraksiyasının qan zərdabında olanlarla eyni olduğu aşkar olunmuşdur. Ana südündə zülalların aşağıdakı fraksiyaları müəyyən olunur: kazein, α-laktalbumin, laktoferrin,  lizosim, immunqlobulin A (Ig A), zərdab albumini və s. Bundan əlavə, müəyyən bir konsentrasiyada  qeyri-protein azot komponenti (sidik cövhəri, sidik turşusu, kreatinin, kreatin, amin turşuları, nukleotidlər, müxtəlif  “südlü” azot əsasları) müəyyən olunub.

 

 Ana südü ilə daxil olan zülalın ümumi miqdarının cəmi 0,8%-i həzm, yəni qidalanma üçün nəzərdə tutulub. Qalan protein hidrolizə uğramır və IgA  95.2%, IgG - 2.9%, IgM - 1.9% şəklindədir. İnək südündə IgG üstünlük təşkil edir (90%). Ana südündə olan optimal protein miqdarı həm orqanizmin plastik və enerji ehtiyaclarını ödəmək üçün kifayətdir, həm də yeni doğulmuş uşağın maddələr mübadiləsi səviyyəsinə uyğundur. Ana südündəki proteinlərin heç biri inək südündəki ilə eyni deyil. Ana südündə çətin həzm olunan kazeinin miqdarı azlıq təşkil edir. Laktasiya dövründə zərdab zülallarının kazeinə nisbəti dəyişir; ağız südündə 80:20 arasında olduğu halda, yetkin süddə 60:40 olur. İnək südündə isə bu nisbət 20:80 nisbətindədir. Laktasiya dövründə ana südünün tərkibindəki  kazeinin miqdarının artımı qidalanma arasındakı müddəti artırmağa imkan verir.

 

Ana südü əvəz olunmayan amin turşuları ilə zəngindir. Orqanizmdəki amin turşularının çox hissəsinin protein hidrolizi nəticəsində meydana gəldiyi məlumdur. Ana südündə olan amin turşularının müəyyən bir hissəsi hidrolitik deyil, ancaq sərbəst formada olur. Ana südündə xüsusilə sərbəst taurinin yüksək konsentrasiyası yeni doğulmuş uşağın bu amin turşusuna olan  ehtiyacını ödəmək üçün uyğunlaşma mexanizmi kimi qəbul edilə bilər. Taurin hüceyrə mübadiləsində mühüm rol oynayaraq, antioksidant xüsusiyyətə malikdir. İnək südü proteinlərinin amin turşu tərkibi də ana südü zülallarının amin turşu tərkibindən çox fərqlidir. Ana südündə DNT və RNT zəncirini əmələ gətirən nukleotidlər (N) - biopolimerlər müəyyən olunmuşdur. Nukleotidlər immun cavabın formalaşmasında iştirak etməklə yanaşı, universal enerji mənbəyi olmaqla hüceyrələrin böyüməsinə və bölünməsinə kömək edir, həmçinin normal bağırsaq florasının formalaşmasında iştirak edir. İnsan bədənində nukleotidlərin sintezi məhduddur, böyük enerji  sərfi tələb edir və yalnız bəzi toxumalarda mümkündür. Nukleotidlərin insan orqanizminə daxil olmasının demək olar ki, yeganə imkanı onların yeməklə daxil olmasıdır. 

 

Ana südündəki yağların miqdarı 3.2-3.6 g/dl-r. Ana südündə olan lipidlərin 95%-i triqliseridlər (TG), 3-4% fosfolipidlər (PL) və sterollardır (0.1- 0.01%).  Ana südü beynin inkişafı və sinirlərin miyelinizasiyası  üçün vacib olan doymamış yağ turşuları, xüsusən  ω-6  ω-3  ilə zəngindir. Bu səbəbdən ana südü ilə qidalanma psixi reaksiyaların inkişafına müsbət təsir göstərir, uşağın gələcəkdə daha yüksək intellektual inkişafına zəmin yaradır.

 

Ana südündəki karbohidratların əsas mənbəyi β-laktozadır. Karbohidratların konsentrasiyası ağız südündə 4.5% -ə, yetkin süddə 7.0%-ə qədərdir. Laktoza ana südündə olan bütün şəkərin 80-90%-ni təşkil edir və uşağın enerji ehtiyacının 40%-ni ödəyir. β-laktoza Fe, Са, Mg, Mn, Zn sorulmasını təmin edir, mərkəzi sinir sisteminin inkişafına müsbət təsir göstərir, bifidum və laktobakteriyaların inkişafına kömək edir.

 

İnsanın südündə olan mineral maddələrin miqdarı digər məməlilərin südündəkinə nisbətən xeyli aşağıdır. Lakin ana südündə olan mineral və mikroelementlərin yüksək bioloji dəyəri sayəsində  miqdar az olsa belə, həyatın ilk aylarında (4-6 ay) körpənin ehtiyaclarını tam ödəyir. Ana südündə uşağa lazım olan miqdarda vitaminlər, uşağın inkişafı üçün vacib olan müxtəlif bioloji aktiv maddələr, hormonlar, məsələn, boy hormonu, enerji mübadiləsinə təsir edən leptin, adiponektin, insulin, qrelin, rezistin, obestatin, YY peptid, qlyukaqona oxşar peptid var.

 

Yeni doğulmuş körpələrdə həzm şirələri az ifraz  olunduğu üçün  mədə- bağırsaq sistemi qidanı həzm etməyə tam hazır deyil. Ana südünün tərkibində  xüsusi fermentlər olduğu üçün, süd özü-özünü parçalayır və asanlıqla sorulur ( ana südü 1.5-2.5 saata, süni süd qarışıqları isə 3-4 saata həzm olunur). Ana südündə çox miqdarda proteolitik maddələr var: aktiv proteazlar, proenzimlər, proteaz aktivatorları, proteaz inhibitorları. Fermentlər qismən qandan, qismən də süd vəzinin epitel hüceyrələrində və immun hüceyrələrdə əmələ gəlir. Ana südündə plazmin, tripsin-2, elastaz, katepsin D, trombin, kallikrein, karboksi və aminopeptidaza müəyyən edilir.

 

Ana südünün əsas kimyəvi tərkibi bənzərsiz və balanslaşdırılmışdır, lakin hazırda onun hüceyrə tərkibi getdikcə daha çox maraq  doğurur. Bioaktiv zülallar hüceyrələrin qidalanmasından əlavə fermentativ, böyüməni stimullaşdırma, immun sisteminin modulyasiyası və patogen mikroorqanizmlərdən qorunma funksiyasını daşıyır. Ana südündə bioaktiv zülallar: laktoferrin, lizosim, ifraz olunan immunoglobulin A, haptokorrin, laktoperoksidaza, A-laktalbumin, lipaza ilə stimullaşdırılmış öd turşusu, β- və k-kazein, şiş böyümə faktoru β müəyyən olunur. 

 

Körpələrdə immun sistem zəif olduğu üçün asanlıqla müxtəlif infeksion xəstəliklərə tutula və bu xəstəlikləri daha ağır keçirə bilərlər. Ana südünün qoruyucu  qabiliyyəti onun tərkibindən qaynaqlanır. Ana südünün tərkibində uşağı yoluxucu xəstəliklərdən qoruyan bir çox amillər, milyonlarla canlı hüceyrə müəyyən edilir. Ana südünün başqa bir antiinfeksion xüsusiyyəti normal bağırsaq florasının inkişafına şərait yaradaraq immuniteti möhkəmləndirməsi, uşağı mikroblardan və parazitlərdən qorumasıdır.  Ana südünün antiseptik qabiliyyəti də var. Döş giləsini və gilə ətrafı nahiyəni ana südü ilə silmək infeksiyalaşma təhlükəsini aradan qaldırır.

 

2007-ci ildə professor Peter Hartmann və Qərbi Avstraliya Universitetindən olan qrupu ilk dəfə olaraq ana südündə sütun hüceyrələrinin varlığını kəşf etdi. Bunlar universal sütun hüceyrələrdir. Bunlardan hər üç rüşeym vərəqi (endoderma, mezoderma və ektoderma) inkişaf edə bilər. Həmçinin embrional sütun hüceyrələri də var ki, bunlar da bədənin hər hansı bir toxumasına  diferensiasiya oluna bilər.

 

Ana südünün tərkibi  hələ  tam öyrənilməyib. Lakin artıq məlum olan faktlar belə ana südünün unikallığını, körpənin indiki və gələcək sağlamlığında, inkişafında əvəzolunmaz rolunu sübut edir.

 

Mənbələr

1.           Mackie R.I., Sghr A., Gaskins H.R. Delovmental microbial ecology of the neonatal gastrointestinal tract // Am. J. Clin. Nutr. – 1999. WHO.

2.           Infant and young child nutrition. Geneva (Switzerland): WHO; 2003. http://www.who.int/ nutrition/publications/infantfeeding/en

3.           И.Н. ЗАХАРОВА, д.м.н., профессор, Е.Б. МАЧНЕВА, к.м.н., И.С.ОБЛОГИНА “ ГРУДНОЕ МОЛОКО – ЖИВАЯ ТКАНЬ!” , 2017