Körpələrdə minimal həzm pozuntuları

28

21

2021-04-18 10:33:03

Uşaq həyatının ilk ili orqan və sistemlərinin sürətli böyüməsi və inkişafı ilə xarakterizə olunur. Məhz bu yaş dövründə tez-tez hər hansı bir üzvi səbəbə əsaslanmayan həzm narahatlığı əlamətləri qeyd olunur. Uşaqda minimal həzm pozuntuları valideynlərin həkimə tez-tez müraciət etməyinin əsas səbəblərindəndir.
Yenidoğulmuşların həzm sisteminin anatomik-fizioloji xüsusiyyətləri və yetkin olmaması funksional həzm pozuntularının inkişafı üçün risk faktorudur. Həzm sisteminin inkişafı həm ayrı-ayrı orqanlarda dəyişiklikləri, həm də bağırsaq, immun, sinir və endokrin sistemlərin kompleks sistemlərarası qarşılıqlı təsirlərini  əhatə edir. Bu proseslərdə ən vacib rolu bağırsaq mikrobiotası oynayır. Bağırsaq mikrobiotasının formalaşması  həyatın ilk 3 ilində aktiv şəkildə baş verir. 2005-ci ildə aparılmış araşdırmanın nəticəsi göstərmişdir ki, həyatın ilk altı ayında hər ikinci sağlam uşaq həzm narahatlığının ən azı bir əlamətindən əziyyət çəkir:

 

  • requrqitasiya 30–67 %

  • kolika 5–20 %

  • funksional qəbizlik 3–27 %

  • funksional ishal 6-7 %

  • disxeziya 2.4 %

  • yenidoğulmuşlarım  ruminasiya sindromu 1.9 %  

 

Həyatın ilk ilində uşaqlarda nadir hallarda ağlama və narahatlıq epizodları, kliniki cəhətdən əhəmiyyətsiz requrqitasiya və ya qəbizliyə meyilli nəcis ifrazının pozuntusu, mədə-bağırsaq sisteminin inkişafı ilə əlaqəli minimal həzm pozuntusu və ya qastrointesrisial simptomlar kimi təyin edilə bilər. Həzm pozuntusunun minimal təzahürləri halında həzm narahatlığının simptomları adətən əhəmiyyətsiz olub müntəzəm hala gəlməmişdir və uşağın sağlamlığı üçün təhlükə yaratmır, lakin bu hal həm uşağı, həm də valideynləri çox narahat edə və ailə üzvlərinin həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər. Valideynlər əczaçılara müraciət edərək, tibb baxımından elmi əsaslandırılmayan müxtəlif tövsiyələr alırlar. Minimal həzm pozuntusundan tutmuş, funksional həzm pozuntuları əlamətlərinə qədər həzm narahatlığı simptomlarının şiddətindən asılı olmayaraq tibbi nöqteyi-nəzərdən əsassız olaraq dərman və ya qeyri-dərman müalicəsi təyin edilir,  uşaq üçün  süd qarışıqları başqası ilə əvəz olunur. Funksional həzm pozuntuları zamanı təyin olunan dərmanlar tez-tez funksional pozuntuların əlamətlərini düzəltməkdə təsirli olmamaqla yanaşı, müxtəlif mənfi reaksiyalara səbəb ola bilər ki, bu da valideynlərin narahatlığının daha da artımasına səbəb ola bilər. Bundan əlavə, valideynlər ailə üzvlərindən, dostlarından məsləhət və kömək axtarır, təcrübələrini bölüşür və sosial şəbəkələrdə olan məsləhətlərdən istifadə edirlər.

 

Elmi ədəbiyyatda körpələrin bağırsaq kolikası ilə analarda yorğunluq və apatiyanın, anaların doğuşdan sonrakı depressiyasının, valideyn-uşaq, xüsusən ata-uşaq və valideyn-valideyn əlaqəsində mənfi dəyişikliklərin meydana çıxması, həmçinin uşaqla  təhlükəli  davranma arasında əlaqənin olmasına dair dəlillərin mövcud olması göstərilir. Beləliklə, həzm narahatlığın simptomları olan bir uşağın tibbi müayinəsi, valideynlərin narahatlıq səviyyəsinin və vəziyyətin öhdəsindən necə gəldiklərini qiymətləndirməklə müşayiət olunmalıdır. Bütün bunları  nəzərə alsaq, funksional həzm pozuntularının minimal təzahürlərin meydana gəlmə mərhələsində, vaxtında düzəldilməsi çox aktual görünür.

 

Əksər valideynlər uşaqdakı mədə-bağırsaq simptomlarının səbəbləri barədə məlumat tələb edirlər. Valideynlər üçün asanlıqla başa düşülən formada mümkün mexanizmlərin tam izahı onların narahatlığını azalda bilər, uşağa empatiya hissini və öz qabiliyyətlərinə inamı gücləndirə bilər. Ancaq bunun üçün mədə-bağırsaq traktının yetkinləşməsi zamanı baş verən fizioloji proseslər və bir uşağın həzm disfunksiyası əlamətlərinin olmasına valideynlərin psixoloji uyğunlaşma prosesləri arasındakı əlaqəni başa düşmək lazımdır. Məsələn, requrqitasiya və reflü inkişafında bir tərəfdən çox miqdarda qidalanma, üfüqi vəziyyətdə bəslənmə və ya bəsləndikdən dərhal sonra üfüqi bir vəziyyətin verilməsi, digər tərəfdən körpənin anatomik və fizioloji xüsusiyyətləri (qida borusunun qısa, onun kor əyilmə  bucağı, qida borusunun aşağı sfinkterinin tənzimləmə xüsusiyyətləri və s.) rol oynaya bilər.

 

Körpələrdə bağırsaq kolikasının inkişaf mexanizmi iki fərziyyə – qastro-intestisial və davranış baxımından nəzərdən keçirilir. Qastro-intestisial fərziyyə körpələrdə bağırsaq kolikasını mədə-bağırsaq traktının funksional yetişməməsi, bağırsaq mikrobiotasının pozulması və bağırsaq mikrobiotası və beyin əlaqəsinin pozulması, bağırsaq hormonları sistemindəki disbalans və qida allergenlərinə qarşı həssaslıq ilə əlaqələndirir. Davranış fərziyyəsi ana-uşaq modelindəki qarşılıqlı əlaqədəki pozuntuları, analıq narahatlığını və xüsusilə uşağın temperamentini nəzərə alır.

 

Ağlamağın həmişə ağrını göstərməmədiyini başa düşmək və qəbul etmək, valideynlərə əsassız dərmanlara və/və ya pəhriz müdaxilələrinə müraciət etmədən, uşağın vəziyyətinə daha uyğun yanaşmasına kömək edə bilər. Funksional qəbizliyin səbəbi həm ailənin meyilliliyi, həm də pəhrizdə olan səhvlər, həddindən artıq protein qəbulu, maye və pəhriz lifinin qeyri-kafi qəbulu ola bilər.

 

Körpələrdə həzm narahatlığı simptomlarının qarşısının alınması və korreksiyası üçün ilk növbədə qastrointestial əlamətlərin bir xəstəliyin klinik təzahürləri olduğunu və ya həzm sisteminin inkişafının fiziologiyası ilə əlaqədar olduğunu müəyyən etmək vacibdir. Ən əsas məsələ bu cür hallarda əsassız olaraq dərmanların təyin edilməsidir. Xarici tədqiqatçıların fikrinə görə narahatlıq, ağlama  və ya requrqitasiyanın klinik əlamətləri zamanı müalicə məqsədilə empirik olaraq proton nasos inhibitorları uzunmüddətli tətbiq olunur. Lakin, meta analizin nəticələrinə görə, bu cür dərmanlar ağlama müddətinə təsir etmir, əksinə mənfi reaksiyalara səbəb ola bilər.

 

Qeyd etmək lazımdır ki, bu günə qədər körpələrdə kolikanın müalicəsində simetikonun effektivliyinə dair inandırıcı bir dəlil yoxdur.
Beynəlxalq klinik tövsiyyələrə uyğun olaraq uşaqda mədə-bağırsaq simptomlarının olması ana südü ilə qidalandırmağı dayandırmaq üçün göstərici deyil. Ana südü qəbul edə bilməyən körpələrdə həzm pozuntuları əlamətlərinin qarşısının alınmasında tərkibində qatılaşdırıcılar, probiotiklər və orta dərəcədə hidrolizə olunmuş  protein olan süd qarışıqlarından istifadə edilməsi məqsədəuyğundur.

 

Bundan başqa bu cür qarışıqlarda, həyatın ilk aylarında uşaqlarda tez-tez rast gəlinən və həzm narahatlığının mümkün bir səbəbi olan fizioloji keçici laktaza çatışmazlığı səbəbindən laktoza miqdarı azaldılmışdır. Belə uşaqlarda inək zülallarına allergiya istisna edilməlidir. Təsdiq edildikdə, uşaq ana südü ilə qidalandırılarkən, ananın pəhrizində müvafiq pəhriz korreksiyası aparılmalıdır. Süni qidalanma  zamanı isə ya amin turşusu qarışığı və ya yüksək hidroliz edilmiş bir protein qarışığı seçmək lazımdır.

 

Bağırsaq mikrobiosenozu və mədə-bağırsaq xəstəlikləri arasındakı pozuntular arasındakı səbəb əlaqəsi artıq bir şübhə doğurmur. Bağırsaq mikrobiotası bağırsağın epitel təbəqəsinin əmələ gəlməsi, qoruyucu bağırsaq maneəsinin və immun cavabın formalaşması ilə müşayiət olunur. Bəzən uşaqlarda mikrobiomun formalaşması onun tərkibinin dəyişiklikləri ilə müşayiət oluna bilər. Bu, bir uyğunlaşma prosesi kimi qəbul edilə bilər. Bundan əlavə, Laktobacilli və Bifidobakteria  immun reaksiyasını modulyasiya edərək, körpəni sancıdan qoruyur. Həzm narahatlığının şiddətini azaltmaq və ailə üzvlərinin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə probiotiklərin təyini məqsədəuyğun sayılır.

 

Mənbələr

  1. Iacono G, Merolla R, D’Amico D, et al. Gastrointestinal symptoms in infancy: a population-based prospective study. Dig Liver Dis. 2005;
  2. Макарова Е.Г., Клепикова Т.В., Украинцев С.Е. Минимальные расстройства пищеварения: когда проблемы есть, а лечить еще рано. Вопросы современной педиатрии, 2019.
  3. Raiha H, Lehtonen L, Huhtala V, et al. Excessively crying infant in the family: mother-infant, fatherinfant and mother-father interaction. Child Care Health Dev, 2002.
  4. Savino F. Focus on infantile colic. Acta Paediatr, 2007.