Körpələrə əlavə qidalarin verilməsi

28

21

Körpələrə əlavə qidalarin verilməsi

Uşaq həyatının ilk ilində hər şey çox sürətlə dəyişir. Sanki ana döşlə əmizdirmənin bütün incəlikləri ilə yenicə tanış olmuşdu. İndi isə artıq yeni və mühüm mərhələ –əlavə qidaların verilməsi başlayır. Körpəni nə ilə yedizdirməli, nədən başlamalı? Əlavə qidalanmaya nə zaman başlamaq lazımdır? Bu və digər suallara aydınlıq gətirək.

 

Əlavə qidalanmaya nə zaman başlamaq lazımdır?

İstər ana südü, istərsə də adaptasiya olunmuş süni süd qarışıqları 6 ayadək körpənin mikro və makronutriyentlərə olan tələbatını ödədiyi üçün əlavə qidalara ehtiyac olmur. Lakin uşaq böyüdükcə və hərəkət qabiliyyəti artdıqca enerji və qida ehtiyacları artır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri həm ana südü ilə, həm süni süd qarışıqları ilə qidalanan uşaqların rasionuna əlavə qidaları 6 aydan başlayaraq daxil etməyi tövsiyə edirlər.

 

Əlavə qidalanmaya daha tez başlamaq olarmı?

Əlavə qidalanmaya çox tez başladıqda körpə orqanizmi hələ yeni qidanı həzm etməyə hazır olmur, uşaqlarda allergiyalara, mədə-bağırsaq pozuntularına, infeksion xəstəliklərə daha tez-tez təsadüf edilir.

 

Körpənin əlavə qidalanmaya  hazır olmasını nədən bilmək olar?

Əlavə qidalanma təyin edilərkən uşağın yaşı ilə yanaşı vəziyyəti və fərdi xüsusiyyətləri də nəzərə  alınmalıdır. Körpənin əlavə qidalanmaya  hazır olmasının bəzi əlamətləri var:

  • körpə sağlamdır, gümrahdır

  • qidaya maraq göstərir, böyüklərin yediyi yeməyin arxasınca baxır, verdikdə həvəslə yeyir

  • hər şeyi ağzına aparır

  • körpənin dili ilə qidanı itələmə refleksi zəifləyir

  • böyüklərin qucağında rahat oturur

 

Əlavə qidalanmaya daha gec başlamaq olarmı?

Əlavə qidaların verilməsi müəyyən səbəblərdən bir qədər  gecikərsə, qorxulu deyil. Lakin bunu uzun müddət təxirə salmaq lazım deyil. Əlavə qidalanmaya gec başlamağın mənfi cəhətləri:

  • körpənin fiziki və  psixomotor inkişafdan geri qalması

  • mikroelementlərin, xüsusən dəmir və sinkin çatışmazlığı

  • körpənin çeynəmə aparatının formalaşmasında problemlər

 

 Əlavə qida verərkən nələrə diqqət yetirmək lazımdır?

  • Əlavə qidalanmaya tədricən, uşağın ehtiyaclarını nəzərə alaraq keçmək lazımdır.

  • Qidalar az miqdarla – 1/2 çay  qaşığından başlanmalı, təqribən 7 gün ərzində miqdarı  artırılmalıdır. Qidanın miqdarı 150-200 mq-dan çox olmamalıdır;

  • Uşaq az yedikdə məcbur etmək lazım deyil. Əsas məqsəd qida marağının formalaşdırılmasıdır. Bu halda çatmayan qidanın əvəzinə başqa bir yemək vermək olar.

  • Yeni qidaları verməyə körpə ac ikən, günün birinci yarısında – səhər, bəzən günorta yeməyində cəhd edin.

  • Körpənin qida rasionuna 7-10 gün ərzində 1 növdən artıq əlavə qida daxil edilməməlidir. Bu, hansı qidanın allergik reaksiyalara və ya həzm pozuntusuna   səbəb olub-olmadığını müəyyən etməyə imkan verəcək.

  • Əlavə qidalanmaya keçdikdən sonra həyatın ilk ilində müxtəlif yemək və dadların verilməsi xüsusilə vacibdir, çünki, bu zaman körpənin yemək seçimləri formalaşır, eyni zamanda sağlam böyüməsi təmin edilir.

  • Əlavə qidalar əmziklə deyil, qaşıq və ya fincanla verilməlidir.

  • Əlavə qidalar əvvəl püre kimi, daha sonra əzilmiş, ardından kiçik parçalara bölünmüş şəkildə verilir. Beləliklə körpənin fərqli strukturlarda olan qidaları alması təmin edilir. Uzun müddət püre formasında qidalar alan körpələrdə qatı qidalara keçərkən çətinliklər yaşanır.

  • Əlavə qidaların hazırlanması zamanı gigiyenik qaydalara riayət olunmalıdır. Əllər bol su və sabunla yuyulmalı, çiy tərəvəz və meyvələr yaxşıca yuyularaq hazırlanmalıdır.

  • Əlavə qidalar gündəlik olaraq evdə hazırlanmalıdır. Təbii olmayan, konservləşdirilmiş əlavə qidaları bir yaşından əvvəl körpənizə vermək məsləhət deyil. Əgər verilərsə, keyfiyyətinə diqqət yetirilmək lazımdır.

  • Əlavə qidalara keçərkən, xüsusilə qatı qidaların verilməyə başlandığı dövrdə, körpə dili ilə yeməyi itələyə bilər. Uşağın qidanı qəbul etmək istəmədiyini fikirləşməyin. Uşaq bərk qidaya öyrəşdikcə bu hal tədricən keçib gedəcək.

  • Bəzən yeni qidanın tamı körpənin xoşuna gəlməyə bilər. Bu halda o, yeni qidanı tüpürəcək və ya ondan imtina edəcək. Bu vəziyyətdə uşaq məcbur edilməməli və 2-3 həftə sonra təkrar sınanmalıdır.

  • Uşaqlar 9-10 aylıq olduqda özlərinin yeməsinə icazə verilməli, qısa müddət də olsa digər ailə üzvləri ilə süfrəyə otuzdurulmalıdır.

 

Körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi nə zaman məsləhət görülmür?

Edilməli olan peyvəndə 3 gün qalmış və peyvənd edildikdən 3 gün sonra, dişlər çıxan zaman ilk 1 həftə ərzində, tənəffüs yollarının virus infeksiyaları və digər kəskin xəstəliklər zamanı körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi məsləhət görülmür.