Uşaqlarda və yeniyetmələrdə piylənmə

28

21

2021-04-18 10:42:17

Son illərdə bütün dünyada çəki problemi olan uşaqların və yeniyetmələrin sayında sürətli artım müşahidə olunur və bu, həm pediatrların, həm də valideynlərin problemə ciddi yanaşmasını tələb edir.

 

Uşaqda piylənmə olduğunu necə müəyyənləşdirmək olar?

Uşaqlarda piylənmə uşağın faktiki bədən kütləsinin yaş normativini 15% və daha çox aşmasıdır. Bu zaman bədən kütlə indeksi (bədən çəkisi (kq/boy (m) 2) 30-dan yüksək olur.

 

Uşaqlarda artıq çəkinin yaranma səbəbləri hansılardır?

Uşaqlarda piylənmənin inkişafında həm genetik, həm də mühit faktorlarının, həyat tərzinin rolu var. İrsi meyil haqqında danışarkən, bədəndəki metabolik proseslərin xüsusiyyətlərinin genetik olaraq ötürülməsi nəzərdə tutulur. Çox vaxt köklük deyil, çox yemək vərdişi və ümumiyyətlə həyat tərzi ötürülür. Genetik meyil xarici amillərin təsiri altında reallaşır.

 

Doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar (4 kq-dan artıq) risk qrupuna aiddirlər. Bundan əlavə, piylənmə ciddi patoloji  vəziyyətlər və genetik xəstəliklər nəticəsində də inkişaf edə bilər.

 

Uşaqlarda piylənmənin 90%-i alimentar piylənmədir, yəni həddindən artıq və ya çox kalorili qida qəbulu və aşağı fiziki aktivliyin nəticəsidir. Bu səbəbdən uşaq doğulandan onun qidalanmasına düzgün şəkildə yanaşmaq lazımdır. Körpələrdə piylənmə yüksək kalorili süni süd qarışıqlarının həddindən artıq yedizdirilməsi nəticəsində əmələ gələ bilər. Əz azı ilk altı ay ərzində ana südü ilə qidalanma erkən piylənmənin qarşısını ala bilər.

 

Uşaqlarda fiziki aktivlik də kifayət qədər deyil. Belə ki, uşaqlar günün çox hissəsini məktəbdə və  ev tapşırıqlarını yerinə yetirərkən masa arxasında oturmaqla, kompüter oyunları oynamaqla, televizora, telefona və ya planşetə baxmaqla keçirirlər, yəni kifayət qədər sıx zehni yükə sahib olduqları halda, çox az hərəkət edirlər. Bu da uşaqlarda artıq çəkiyə səbəb olur.

 

Uşaq məktəbdə, ailədə xroniki stres vəziyyətində və ya sosial təcriddə ola bilər. Bu zaman uşaq müsbət emosiyalar qazanmaq, özünü stresdən qorumaq üçün yollar axtarır. Yemək uşaq üçün sevinc və zövq mənbəyinə çevrilə bilər ki, bu da piylənməyə səbəb olan amilə çevrilir.

 

Uşaqlarda piylənmə nə ilə ağırlaşa bilər?

Uşaqlarda piylənmə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər; mədə-bağırsaq sistemi  xəstəlikləri (qəbizlik, ishal, xolesistit, pankreatit və s.), ürək-damar sistemi xəstəlikləri (arterial hipertoniya, ürəyin işinin çətinləşməsi), ateroskleroz,  endokrin və metabolik patologiyalar (insulinə müqavimət, 2-ci tip şəkərli diabet, cinsi inkişaf pozuntular), sümük-əzələ sistemi və oynaq patologiyaları (artroz, skolioz, yastıpəncəlik) və s. Bundan başqa, uşaqda müxtəlif psixoloji çətinliklər, özgüvən  əskikliyi, komplekslər meydana çıxa bilər.

 

Həkimə nə zaman müraciət etmək  lazımdır?

Bədən kütləsi yaş normasının maksimum həddinə yaxınlaşmağa başlayan kimi həkimə müraciət olunmalı və tədbir görülməlidir.

 

Uşaqlarda piylənmə necə müalicə olunur?

Piylənmənin müalicəsi zamanı əsas tədbirlər bədən kütləsinin aşağı salınmasına, yanaşı gedən xəstəliklərin müalicə olunmasına, alınan nəticələrin saxlanmasına yönəldilməlidir. Bədən kütləsini azaltmaq üçün uşağın həyat tərzini dəyişdirmək lazımdır, yəni yaşa uyğun qidalanma rasionu və fiziki aktivlik (gimnastika, üzgüçülük və s.) təmin olunmalıdır. Həkimlə birlikdə uşağın gündəlik kalori miqdarı hesablanmalı və valideynlər buna əməl etməlidir. Əvvəlcə, uşağın pəhrizində tərkibində heyvani yağlar və asan həzm olunan karbohidratlar olan qidaları məhdudlaşdırmaq tövsiyə olunur. Şirələrdə çox miqdarda şəkər olduğu  üçün pəhrizdə tərəvəzlərə üstünlük verilməlidir. Tərkibində piy və duzun miqdarı çox olduğundan, kolbasa verilməməlidir. Uşaq şirniyyat istəyərsə, əvəzinə quru meyvə vermək daha yaxşıdır. Körpələrə əlavə qida kimi sıyıqlar deyil, tərəvəz püreləri verilməlidir.

 

Piylənmə zamanı pediatr və uşaq endokrinoloqu ilə yanaşı genetik, uşaq kardioloqu, uşaq qastroenteroloqu, uşaq ortopedi, neyrocərrah və uşaq psixoloqunun dəstəyi də tələb oluna bilər. Piylənmədən əziyyət çəkən uşaqlara masaj, iqlorefleksoterapiya, hidroterapiya, psixoterapiya göstərişdir.