Musiqinin uşağın inkişafına təsiri  

Musiqi özünəməxsus qayda və qanunların hökm sürdüyü bir gerçəklikdir. Əgər musiqi ümumi qanunlara uyğun olaraq ifa olunursa, yeni bir keyfiyyət qazanır, insana "xüsusi" təsir göstərir.

Bəşəriyyət hələ qədim dövrlərdən musiqinin müalicəvi təsiri ilə tanış idi. Pifaqor ilk dəfə musiqi sənətinə elmi olaraq yanaşaraq, musiqinin ruhun və bədənin sağlamlığına təsir etdiyini söyləmişdi. Platon musiqini ahəngdar şəxsiyyət yetişdirməyin əsas vasitəsi hesab edirdi. Aristotel musiqinin insanın formalaşmasına müəyyən bir şəkildə təsir edə biləcəyini iddia edirdi.
Hətta Misir papiruslarında qədim kahinlərin səs və melodiyaların köməyi ilə misirliləri necə sağaltdıqları barədə qeydlər tapımışldı. Əhdi-Ətiqdə deyilir ki, padşah Davud lira çalaraq padşah Şaulun əsəb pozuntusunu müalicə edirdi. Əbu Nəsr Məhəmməd əl-Farabinin "Musiqinin Böyük Kitabı" traktatında musiqi elminin konsepsiyası və musiqinin insana təsiri öz əksini tapmışdır.  

Orta əsrlərdə şəhərləri vəba epidemiyası bürüdükdə, bunun öhdəsindən gəlmək üçün insanlar durmadan zəng çalırdılar. İndi alimlər müəyyən bir tonda müxtəlif fasilələrlə səslənən səslərin patogen mikrobları öldürməyə qadir olduğunu aşkar ediblər. 19-cu əsrdə alim I Dogel musiqinin təsirindən heyvanlarda və insanlarda qan təzyiqinin, ürək əzələlərinin yığılma tezliyinin, tənəffüsün ritminin və dərinliyinin dəyişdiyini müəyyən etmişdi.

 Son tədqiqat işlərinin nəticələri təsdiqləyir ki, musiqi kompozisiyaları beyində biokimyəvi proseslərə təsir edir, beyin yarımkürələri arasında sinxronluğu və şüurun elastikliyini artırır. Məsələn, məlum olub ki, skripkaçılar ifa edərkən sol əllə aktiv hərəkətlər etdiyi üçün onlarda beynin sağ yarımkürəsinin qabığı daha yaxşı inkişaf edir, pianoçular hər iki əl ilə çaldıqları üçün hər iki yarımkürənin qabığı analoji inkişaf edir. Musiqinin təsirindən beyində xoşbəxtlik və sakitlik hormonu olan endorfinin istehsalı artır, yəni musiqi insan psixikasına dopinq kimi təsir göstərir. 

Montreal Universitetində musiqi neyropersepsiyasının tədqiqatı laboratoriyasında aparılan tədqiqatlar musiqi və musiqi dərslərinin neyronların sıxlığını və neyronlar arası əlaqələrin keyfiyyətini artırdığını, bununla da beyin fəaliyyətini yaxşılaşdırdığını, məlumatları daha yaxşı mənimsəməyi və ünsiyyət qurmağı asanlaşdırdığını müəyyən etmişdir.

 Musiqi uşaqların inkişafına da müsbət təsir göstərir və bu təsir hələ doğuşdan əvvəl başlayır. Hamiləlik dövründə musiqi dinləmək həm hamilə qadına sakitləşdirici və canlandırıcı təsir göstərir, həm də bətnindəki körpəyə müsbət təsir edir. Burqundiya Universitetinin İnkişaf Tədqiqatı Laboratoriyasının rəhbəri Emmanuel Biqandın rəhbərlik etdiyi fransız alimlər qrupunun geniş tədqiqatları buna sübutdur. Tədqiqat işlərinin nəticələri "Musiqinin beyinə faydalı təsirləri" kitabında yer alıb. Tədqiqat nəticəsində məlum olmuşdur ki, uşaq hətta inkişafın prenatal dövründə də kənarda səslənən melodiyaları xatırlaya və sonradan tanıya bilər. Tədqiqatlar hələ danışa bilməyən 3 aylıq körpələrin xüsusi təlimdən sonra zümzümə musiqisini səsləndirə bildyini göstərdi. 

Hamiləliyin təxminən 16-18-ci həftəsindən sonra körpə həyatında ilk səsləri eşidir. 24-cü həftəlik körpə səslərə və səs-küyə cavab olaraq başını döndərir və hamiləliyin son aylarında anasının səsini, ananın doğma dilini, ayrı-ayrı sözləri və qafiyələri tanıya bilir. Hamiləliyin üçüncü trimesterində uşaq ananın dinlədiyi musiqini eşidə bilir.

 2010-cu ildə Tel- Əviv Tibb Mərkəzində 30-37 həftəlik körpələrin qatıldığı tədqiqat zamanı müəyyən olunmuşdur ki, vaxtından əvvəl doğulan körpələr Motsartın musiqisini dinlədikdə  metabolik proseslərin səmərəliliyi artır. 10 dəqiqə və daha çox müddətə dinlədikdən sonra sakitlik zamanı enerji xərclərinin 10-13% azalması müşahidə olunur. Musiqinin bu effekti musiqi dayandırdıqdan sonra dayanır. 

 Hər hansı bir musiqi alətində çalmaq dəqiq hərəkətləri və əllərin əlaqələndirilmiş işini tələb edir. Buna görə də uşağın motor bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər. Musiqi alətində çalmaq həm də fəza funksiyalarının inkişafına kömək edə bilər. Əksər musiqi alətləri  fəza koordinatlarını (məsələn, fleyta "yaxın-uzaq" və ya "yuxarı-aşağı", fortepiano-"sağ-sol”) təyin etməyə imkan verir.

 Hal-hazırda musiqi ilə məşğul olmanın koqnitiv funksiyaların inkişafına təsirini qeyd edən bir çox elmi nəşr var. Tədqiqatlarlar musiqi dərsləri zamanı beynin müəyyən strukturlarında dəyişiklikləri göstərir. Kanadalı mütəxəssis Qlenn Şelenberqin araşdırmalarının nəticələrinə görə, musiqi öyrənmə prosesində körpələrin IQ səviyyəsi artır. Şelenberqin sözlərinə görə, musiqi uşağın zehni fəaliyyətini aktivləşdirir, neyrostimulyator rolunu oynayaraq, konsentrasiya olmağa və yaddaşını  gərginləşdirməyə məcbur edir. 

Beyin stimullaşdırıcısı kimi musiqi nitq bacarıqlarını inkişaf etdirməyə, məktəbəqədər təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Tədqiqatlar loqopedik problemləri olan uşaqların ritmik bir melodiya dinlədikdən sonra səsləri daha yaxşı səsləndirməyə başladığını göstərdi. Bundan başqa, onlar musiqinin köməyi ilə qrammatik normaları da daha tez öyrənirlər.

 Davamlı öyrənmə çətinliyi normal zehni və şifahi nitqi, tam görmə və eşitmə qabiliyyəti olan uşaqlar tərəfindən də yaşana bilər. Tədqiqatçıların fikrincə  öyrənmə çətinliyi  məktəb yaşlı uşaqların 15-20%-də rast gəlir və bu pozuntuların artım tendensiyası müşahidə edilir. Musiqi aləti çalmağı öyrənmək riyazi təfəkkürün inkişafına və hətta məktəbdə müvəffəqiyyətin artmasına  kömək edə bilər. Məktəbdə öyrənmə problemi olan uşaqların inkişafı üçün musiqi dərsləri xüsusi əhəmiyyət daşıyır. Musiqinin qavrama və tanıma funksiyalarının inkişafına müsbət təsiri musiqi dərslərini öyrənmə çətinliyi olan uşaqlar üçün korreksiyaedici-inkişafetdirici təlimin vacib bir hissəsi olmağa imkan verir. 

Elmi araşdırmalar musiqi dinləmək və hər hansı bir alətdə çalmaqla yanaşı, mahnı oxumağın da faydalı olduğunu sübut edir. Bəzi saitlərin tələffüzü badamcıqların titrəməsini təmin edir və bədəni xəstəliklərdən təmizləməyə kömək edir. Uşaq mahnı oxuyarkən orqanizmə çox miqdarda oksigen daxil olur, qan dövranı yaxşılaşır, qan təzyiqi azalır və ürək döyüntüsü normallaşır. Qan dövranının yaxşılaşması səs tellərinə, badamcıqlara və çox sayda limfa düyünlərinə faydalı təsir göstərir, yerli immuniteti artırır və belə uşaqlar daha az xəstələnir. Qan dövranının yaxşılaşması beyin fəaliyyətinin aktivləşməsinə səbəb olur, beyin daha intensiv işləməyə başlayır, yaddaş yaxşılaşır, istənilən məlumat daha asan qavranılır.

 Hazırda musiqi terapiyası dünyada tanınan bir elmə çevrilir. Qeyd edək ki, musiqi artıq psixoterapiyada geniş şəkildə tətbiq olunur. Uşağın mahnı oxuması ağciyər xəstəlikləri zamanı çox faydalıdır. Belə ki, musiqi tənəffüs gimnastikasını əvəz etməklə yanaşı, kəskinləşmələrin sayını da əhəmiyyətli dərəcədə azaldır. Bir sözlə, musiqi uşaqları mənəvi cəhətcə zənginləşdirməklə yanaşı, onların fiziki və intellektual inkişafında, sağlamlığının qorunmasında da mühüm rol oynayır.

 

Mənbələr

  1. Абу Насра' аль-Фараби Трактат о достижении счастья // Социально-этические трактаты. Алма-Ата: Наука, 1973

  2. Lubetzky R., Mimouni F.B., Dollberg S., et al. Effect of Music by Mozart on Energy Expenditure in Growing Preterm Infants.  Pediatrics, 2010

  3. Декер-Фойгт Г.Г. Введение в музыкотерапию. СПб.: Питер, 2003

  4. Алвин Дж., Уорик Э. «Музыкальная терапия для детей с аутизмом». М.: Теревинф, 2004