Boğaz ağrısı uşaqlıq dövründə tez-tez...
Boğaz ağrısı uşaqlıq dövründə tez-tez rast gəlinən bir haldır, adətən bakterial və ya virus infeksiyası nəticəsində yaranır. Boğaz ağrısı adətən fəsadsız keçsə də, bəzən antibiotiklə müalicə tələb oluna bilər. Daha nadir hallarda boğaz ağrısına səbəb olan, ciddi və hətta həyati təhlükəli vəziyyətlər də ola bilər. Bu mövzuda uşaqlarda boğaz ağrısının ən ümumi səbəbləri və müalicələri, eləcə də daha ciddi vəziyyətlərin xəbərdaredici əlamətləri müzakirə ediləcək.
Boğaz ağrısının səbəbləri
Uşağın boğaz ağrısının ən ehtimal olunan səbəbi onun yaşına, fəsilə və coğrafi bölgəyə görə dəyişir. Boğaz ağrısının ən ümumi səbəbi viruslar olsa da, bakteriyalar da tez-tez rast gəlinən səbəblərdəndir. Bakteriya və viruslar bir nəfərdən digərinə əl təması vasitəsilə keçir. Xəstə şəxs burnuna və ya ağzına toxunduqda və sonra başqa birinə birbaşa (əl-ələ təmasla) və ya dolayı yolla (əl vasitəsilə əşya – qapı dəstəyi, telefon, oyuncaq) toxunduqda əllər çirklənir.
Boğaz ağrısının səbəbini yalnız simptomlara əsasən müəyyən etmək çətin prosesdir; əksər hallarda müayinə və laborator testlər tövsiyə olunur.
Viruslar - bir çox virus boğazda ağrı və şişkinlik yarada bilər. Ən çox rast gəlinənlərə soyuqdəymə kimi yuxarı tənəffüs yolları infeksiyalarına səbəb olan viruslar daxildir. Digər viruslara qrip, enterovirus, adenovirus, SARS-CoV-2 və Epstein-Barr virusu daxildir.
Simptomlar - virus infeksiyası ilə müşayiət olunan simptomlara burun axıntısı və tutulması, gözlərdə qızartı və ya qıcıqlanma, öskürək, səsin xırıltılı olması, damaqda ağrı, dəri səpgisi və ya ishal daxil ola bilər. Bundan əlavə, virus infeksiyası olan uşaqlarda qızdırma ola bilər və özlərini pis hiss edə bilərlər.
A qrupu streptokok - (GAS) boğaz ağrısına səbəb olan bakteriyadır. Digər bakteriyalar boğaz ağrısına səbəb ola bilsə də, GAS ən yayılmış bakterial törədicidir; qış aylarında boğaz ağrısı olan uşaqların 30 faizində bu bakteriya aşkarlana bilər. Streptokok boğaz ağrısı adətən qış və erkən yazda baş verir və məktəb yaşlı uşaqlarda və onların kiçik bacı-qardaşlarında daha çox rast gəlinir.
Simptomlar - üç yaşdan yuxarı uşaqlarda streptokok boğaz ağrısı simptomları adətən qəfil başlayır və bunlara qızdırma (≥38°C), baş ağrısı, qarın ağrısı, ürəkbulanma və qusma daxildir. Digər simptomlara boyun limfa vəzilərinin şişməsi, damaqda qırmızı səpkilər və uvulanın şişməsi daxildir.
İki-üç yaşdan kiçik uşaqlarda streptokok boğaz ağrısı nadirdir. Bununla belə, bu yaş qrupunda GAS infeksiyası baş verə bilər və burun axıntısı, uzunmüddətli tutulma, az dərəcədə qızdırma (≤38.3°C) və boyun limfa vəzilərinin ağrılı şişməsi ilə özünü göstərə bilər.
Digər səbəblər - infeksiya ilə əlaqəli olmayan digər ümumi səbəblərə ağızdan quru hava ilə nəfəs alma (xüsusilə qış aylarında) və allergiyalar (allergik rinit) daxildir. Boğaz ağrısının əksər halları viruslardan qaynaqlanır və müalicə tələb etmir. Bununla belə, A qrupu streptokok (GAS) ilə yoluxmuş uşaqları tanıyıb müalicə etmək vacibdir ki, infeksiyanın yayılması və daha ciddi fəsadların, məsələn revmatik qızdırmanın qarşısı alınsın.
Valideynlər üçün uşağın boğaz ağrısının virusdan yoxsa GAS-dan qaynaqlandığını anlamaq çətindir. Xüsusilə aşağıdakılardan biri və ya bir neçəsi varsa, valideynlərə həkimə müraciət etmələri tövsiyə olunur:
· Temperatur ≥38.3°C
· Fəsil - payız, qış və ya erkən yazdır
· Uşaqda öskürək yoxdur
· Uşaq 3-15 yaş arasındadır
· Yaxın zamanda streptokok mənşəli boğaz ağrısı olan biri ilə təmas
· Uşaqda nəfəs alma və ya udma çətinliyi var
· Uşağın səsi boğuq çıxır
· Boyun ağrısı və ya ağzını açmaqda çətinlik
Laborator testlər - əgər həkim uşağın streptokok boğaz ağrısı ola biləcəyindən şübhələnirsə, diaqnozu təsdiqləmək üçün test edilə bilər. Boğazdan yaxma götürməklə aparılan iki əsas test mövcuddur: sürətli test və boğaz kulturası (əkilmə). Sürətli test nəticələri bir neçə dəqiqəyə hazır olur. Kulturanın nəticələri isə 24-48 saat ərzində çıxır. Hansı testin daha uyğun olduğu uşağın vəziyyətindən və nəticəyə nə qədər tez ehtiyac olduğundan asılıdır. Əgər sürətli test və ya kulturada GAS aşkarlanarsa, antibiotiklə müalicə başlanılır. Sürətli test mənfi çıxarsa, əksər hallarda kultur testinin (əkilmə) aparılması tələb olunur.
Boğaz ağrısının müalicəsi
Boğaz ağrısının müalicəsi səbəbindən asılıdır; streptokok boğaz ağrısı antibiotiklə, viral faringit isə istirahət, ağrıkəsicilər və simptomların nisbətən yüngülləşdirilməsi ilə müalicə olunur.
Streptokok boğaz ağrısı - adətən penisilin və ya ona bənzər antibiotiklərlə (məsələn, amoksisillin) müalicə olunur. Penisilinə allergiyası olan uşaqlara alternativ antibiotiklər verilir. Antibiotiklər adətən gündə bir, iki və ya üç dəfə suspenziya və ya tablet şəklində verilir. Bir dəfəlik inyeksiya variantı da mövcuddur və ağızdan dərman qəbul etməyə çətinlik çəkən uşaqlara tövsiyə oluna bilər. Uşaq antibiotiki saat 17:00-dan əvvəl qəbul edərsə, ertəsi gün səhər artıq yoluxdurucu olmaya bilər; əgər uşaq özünü yaxşı hiss edirsə və artıq qızdırması yoxdursa, həkim məktəbə getməsinə icazə verə bilər. Ancaq antibiotik kursu tam bitməlidir (adətən 10 gün). Əgər uşaq 3 gün ərzində yaxşılaşmasa və ya pisləşsə, yenidən müayinə olunmalıdır.
Eyni zamanda valideynlər uşağın susuzlaşmaması üçün diqqətli olmalıdır, çünki boğaz ağrısı səbəbilə uşaq yemək və ya su içmək istəməyə bilər. Uşaq qida və maye qəbulundan imtina edirsə xəstəxana şəraitində müalicə təyin oluna bilər.
Virus səbəbli boğaz ağrısı - virus infeksiyası səbəbilə olan boğaz ağrısı adətən 4-5 gün davam edir. Bu müddət ərzində ağrını azaltmaq üçün tədbirlər faydalı ola bilər, lakin virusu aradan qaldırmaz. Viruslara qarşı antibiotik təsirli deyil və tövsiyə olunmur. Virus infeksiyası olan uşaq, artıq 24 saat qızdırması yoxdursa və özünü yaxşı hiss edirsə, məktəbə qayıda bilər.
Ağrıkəsicilər - boğaz ağrısı asetaminofen (parasetamol) və ya qeyri-steroid antiinflamatuar dərmanlarla (ibuprofen) müalicə oluna bilər. Asetaminofen 4-6 saatda bir verilə bilər, lakin 24 saat ərzində 5 dəfədən çox verilməməlidir. 3 aydan kiçik uşaqlarda istifadə üçün həkimlə məsləhətləşmək lazımdır. Doza uşağın çəkisinə görə hesablanmalıdır. Ibuprofen 6-8 saatda bir verilə bilər. 6 aydan kiçik uşaqlarda istifadə edilməməlidir. Doza uşağın çəkisinə görə hesablanmalıdır. Aspirin 18 yaşdan kiçik uşaqlarda tövsiyə olunmur, çünki Reye sindromu adlanan ciddi bir vəziyyətə səbəb ola bilər!!!
Susuzlaşmanı izləyin - boğaz ağrısı olan uşaqlar yemək və içməkdən imtina edə bilər. Bu, susuzlaşmaya səbəb ola bilər. Susuzlaşma riskini azaltmaq üçün valideynlər uşağa isti və ya soyuq içkilər (uşağın xoşuna gələn) verə bilər. Yüngül susuzlaşma əlamətləri: ağızda quruluq, sidik miqdarının azalması (6 saatda bir yaş bezin dəyişilməməsi). Orta və ya ağır susuzlaşma: çox az sidik ifrazı, ağlayarkən göz yaşı gəlməməsi, quru ağız və batmış gözlər. Orta və ya ağır susuzlaşması olan uşaq təcili həkimə aparılmalıdır.
Qarqara - duzlu su ilə qarqara boğaz ağrısını azaltmaq üçün köhnə üsullardandır. Təsiri dəqiq bilinməsə də, zərərli deyil. 1 stəkan (240 ml) ilıq suya 1/4 - 1/2 çay qaşığı duz əlavə olunur. Qarqara edilir və su udulmadan tüpürülür. 6 yaşdan kiçik uşaqlar qarqara edə bilmədiyindən bu üsul onlara tövsiyə edilmir.
Spreylər - tropikal boğaz spreylərinin effekti tam sübut olunmasa da ağrını yüngülləşdirmək məqsədilə həkim təyinatı ilə istifadə oluna bilər.
Mənbə:
National Library of Medicine
(www.nlm.nih.gov/medlineplus/sorethroat.html)
The Nemours Foundation
(kidshealth.org/en/parents/strep-throat.html)
Şəlalə Poluxova
Pediatr
Fikriniz
0
0