Uşaqlara probiotiklərin təyin edilməsi

"Probiotiklər" termini ilk dəfə 1965-ci ildə D.Lilly və R.Stillwell  tərəfindən istifadə edilmiş və insan bədəni üçün əlverişli olan digər bakteriyaların böyüməsinə şərait yaradan bakteriya substansiyası kimi müəyyən edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müasir tərifinə görə, probiotiklər lazımi miqdarda tətbiq edildikdə bədənə faydalı təsir göstərən canlı mikroorqanizmlərdir. Bir qayda olaraq yeni probiotiklər yaradarkən laktobakilli və bifidobakteriyalardan, daha az hallarda Saccharomyces mayası və Escherichia colinin bəzi ştamlarından istifadə olunur.

Hazırda probiotiklərin böyük bir seçimi mövcuddur. Probiotiklər həm  müalicəvi qida, həm qida əlavəsi, həm də dərman kimi təyin edilə bilər. Onların istifadəsinin əhatə dairəsi genişdir: müxtəlif patoloji vəziyyətlər və pozuntular, xüsusilə mədə-bağırsaq traktının həm funksional pozuntuları, həm də xəstəliklərinin qarşısının alınması və müalicəsi zamanı tətbiq  edilir. Probiotik xəstəliyi müalicə etmək, diaqnoz qoymaq və ya qarşısını almaq üçün istifadə edilərsə, dərman sayılır.

Probiotiklər ilk istifadə edildiyi andan bu günə qədər tədqiqatçıların diqqət mərkəzindədır. Bu baxımdan çoxlu sayda təsdiqlənmiş probiotiklərin mövcud olmasına baxmayaraq, uşaqlara bu cür dərmanların təyin edilməsində  xüsusilə diqqətlə yanaşılmalıdır. Probiotik eyni zamanda həm təhlükəsiz, həm də təsirli olmalıdır. 

2017-ci ildə Ümumdünya Qastroenteroloji Təşkilatı (ÜQT) tərəfindən probiotiklərə dərman kimi aşağıdakı tələblər irəli sürülür: 

  • adı ilə növün genetik identifikasiyası

  • ştamın göstərilməsi

  • dərman formasında istifadə müddəti və tövsiyə olunan saxlama şəraiti

  • təhlükəsizlik (lazımi saxlama şəraitində)

  • dozanın terapevtik effektə uyğunluğu

  • istifadə təlimatlarında fizioloji təsirin müəyyən edilməsi

  • marketinq sonrası tədqiqat üçün əlaqə məlumatlarının olması

ÜQT-in tövsiyələri probiotik məhsulların həm pəhriz əlavəsi, həm də dərman kimi istifadəsinin təhlükəsizlik meyarlarını müəyyənləşdirir (uşaqlar üçün də olmaqla). Probiotikin həm qida əlavəsi, həm də dərman kimi istifadə edilməsinin əsas meyarları onun növ və  ştam spesifikliyidir. 

Probiotiklərin mədə-bağırsaq traktının mühitindəki sabitliyi də onların vacib xüsusiyyətidir. Aşağı pH, pankreas fermentləri və öd turşuları kimi amillər mikroorqanizmlərə zərər verici təsir göstərir. Buna görə probiotiklər çox vaxt bağırsaqda  həll olan kapsul şəklində istehsal edilir. Bəzi mikroorqanizmlər mədə-bağırsaq traktının aqressiv mühitinə daha davamlıdır. Lactobacillus acidophilus, Bifidobacterium pseudolongum, Bifidobacterium longum aşağı pH və ödün təsirinə, LGG və bifidobakteriyalar BB-12 xlorid turşusuna davamlıdır.  

Həyatın ilk aylarında uşaqlarda mədədə pH səviyyəsinin aşağı olması səbəbindən mədənin turşu mühitində bakteriyaların yaşaması mümkündür. Bu da körpələrdə kapsulsuz formaların tətbiqini mümkün edir. Lakin yaş göstəricisinin artması (iki ilə pH indeksi yetkinin dəyərlərinə uyğun olur) probiotiklərin maksimum sağ qalma nisbətini qoruyacaq dərman formalarının yaradılmasını  zəruri edir.

 Probiotiklərin tərkibinə daxil olan köməkçi maddələrə xüsusi diqqət verilməlidir. Onlar təhlükəsiz olmalı, toksiki olmamalı, aktiv (əsas) maddə ilə reaksiyaya girməməlidir. Nişasta, laktoza və s. kimi üzvi mənşəli köməkçi komponentlərə üstünlük verilir.

Probiotiklərə qoyulan ümumi tələblərə əlavə olaraq, uşaqlar üçün hazırlanan preparatlarda potensial allergen kimi boyalardan və  dadlandırıcılardan, habelə uşağın həzm prosesinə əlavə bir yük verən maddələrdən (laktoza, bitki yağları) istifadə etmək arzuolunmazdır. Məsələn, uşaqlarda kəskin bağırsaq infeksiyası tez-tez laktaza çatışmazlığı ilə müşayiət olunur və bu da köməkçi bir komponent kimi laktoza ehtiva edən dərmanların farmakokinetikasına təsir göstərə bilər. Həyatın ilk aylarında və illərində uşaqlar üçün xüsusi bir dadı və qoxusu olmayan damcılara və ya süspenziyalara üstünlük verilir.

Uşaqlara probiotik təyin edərkən ilk növbədə xəstənin yaşına diqqət edilməlidir. Dərmanın istifadə qaydalarına uyğun olaraq bu və ya digər yaşda istifadəsi təsdiqlənməlidir. Bundan əlavə, probiotik seçərkən uşaqlarda müxtəlif yaş dövrlərində bağırsaq mikrobiotasında fərqli mikroorqanizmlərin üstünlük təşkil etməsi nəzərə alınmalıdır. Yenidoğulma dövrdə Bifidobacterium bifidum, Bifidobacterium infantis və B. longum üstünlük təşkil edir, yəni bu mikroorqanizmləri ehtiva edən probiotiklər həyatın ilk aylarında uşaqlar üçün optimal hesab edilə bilər. 8 aydan 1 yaşa qədər uşaqlarda B. longum, B. bifidum, Bifidobacterium breve və lactobacilli üstünlük təşkil edir, daha böyük yaşlı uşaqlarda və yeniyetmələrdə Bifidobacterium adolescentis, B. longum üstünlük təşkil edir. Buna görə hər yaşda bağırsaq mikrobiotasına oxşar  tərkibi olan probiotiklərin istifadəsi məqsədəuyğun hesab edilir.

 Probiotiklərin təyin edilməsi ilə əlaqəli eyni dərəcədə vacib bir məsələ onların dozasıdır. Məsələn, probiotikləri istifadə edərkən preparatın bir dozasında mikroorqanizmlərin sayı ən azı 107 CFU olduqda əhəmiyyətli bir təsir  göstərdiyi güman edilir. Doza seçərkən rəsmi təlimatlara etibar etmək lazımdır. Burada müəyyən vəziyyətlər üçün optimal doza rejimi təsvir olunmalıdır. 

Probiotik preparatın keyfiyyətinə onun saxlama şəraiti də təsir göstərə bilir. Buna görə də daşınma və saxlama üçün xüsusi temperatur rejimi tələb etməyən dərmanlar üstünlük verilir.

 Probiotiklər uşaqlarda, o cümlədən südəmər uşaqlarda kəskin, həmçinin infeksion və antibiotilklərlə assosiasiya olunmuş ishalın  müalicəsinin və profilaktikasının bir komponenti kimi uğurla tətbiq olunur. Xüsusilə B. bifidum (B. lactis) və S. thermophilus birləşməsi ishalın ağırlığını (nəcis ifrazının sayı, eksikoz dərəcəsi) və bununla da parenteral rehidrasiyaya ehtiyacını azaldır. Probiotiklərin  profilaktik peyvəndlər ilə eyni vaxtda istifadə olunması spesifik anticisimlərin sintezini artırır. Qida allergiyasının gedişinə bağırsaq mikrobiotasının təsiri ilə bağlı araşdırmaların gedişində körpələrdə atopik dermatit zamanı laktobakilli ştamların və ya onların bifidobakteriyalarla birləşməsinin təyin olunduqda SCORAD şkalasına görə müsbət dinamika nümayiş olunmuşdur.

Dərman bazarında bu sinif dərmanların çox olması və eyni zamanda uşaqlarda onların təsirinin kifayət qədər öyrənilməməsi səbəbindən pediatrik praktikada düzgün probiotik seçmək problemi aktual olaraq qalır.


 

Mənbələr

  1. Guarner F, Khan AG, Garisch J, et al. World gastroenterology organisation global guidelines: probiotics and prebiotics, october 2011. 

  2. Дроздов В.Н., Воробьёва О.А., Астаповский А.А., Ших Е.В. Пробиотики в педиатрии: как подойти к выбору эффективного и безопасного препарата для детей. Вопросы современной педиатрии. 2019 

  3. Андреева И.В. Современные доказательные данные эффективности применения Lactobacillus rhamnosus GG и Bifidobacterium lactis BВ-12 в педиатрической практике // Вопросы современной педиатрии. — 2011.