Uşaqlarda atopik dermatit

Atopik dermatit (AD) dərinin xroniki residivli gedişə malik multifaktoral (genetik, ətraf mühit) iltihabi xəstəliyidir. Adətən orqanizmin allergik reaksiyalara irsi meyilliyi fonunda yaranır və çox vaxt bronxial astma, allergik rinit, allegik konyuktivit, qida allergiyası kimi allergik patologiyanın başqa formaları üçün risk faktoru  rolunu oynayır. AD körpələrdə və ümumiyyətlə uşaqlarda çox müşahidə olunan vəziyyət olub, müxtəlif profilli mütəxəssislərin – pediatrların, allerqoloqların, dermatoloqların praktikasında tez-tez rast gəlinir. Adətən erkən uşaqlıq dövründə, xüsusən  ilk 3-6 ay arasında başlayır, yetkinlik yaşınadək davam edə və residivləşə bilər.

Epidemiologiyası. Erkən başlanğıc, davamlı təkrarlanan gediş, xəstəliyin ağır formalarının tezliyinin artması xəstələrin və onun ailə üzvlərinin həyat keyfiyyətini  əhəmiyyətli dərəcədə azaldır. Bu səbəbdən xəstəlik vacib tibbi və həm də sosial bir problemdir. Xəstəlik bütün ölkələrdə və müxtəlif yaş qruplarında müşahidə olunur. İqtisadi inkişaf etmiş ölkələrdə uşaqlar arasında xəstəliyin yayılması 10-28% arasında dəyişir. Erkən yaşlı uşaqlarda allergik xəstəliklərin ümumi strukturunda AD-nin nisbəti 90%-ə çatır. Bu günə qədər ABŞ-da uşaq populyasiyasında  atopik dermatitin yayılması 17,2%, Avropada 15,6%, Yaponiyada isə 24%-ə çatmışdır ki, bu da son üç onillikdə AD aşkarlanması tezliyinin davamlı artmasını göstərir.

Etiologiyası və patogenezi. Atopik dermatitin dəqiq səbəbi bilinmir. Ancaq bəzi faktorların atopik dermatitə səbəb olduğu aşkarlanmışdır. Son illərdə aparılmış molekulyar tədqiqatlar AD-nin patogenezi ilə əlaqəli yeni bir konsepsiyanın yaranmasına kömək etmişdir. Bu konsepsiyaya görə AD-nin patogenezi aparıcı mexanizmlərin üçlüyünü əhatə edir: atopiyaya genetik meyil, epidermal maneənin bütövlüyünün pozulması və dəridə allergik iltihabı həyata keçirən immun reaksiyalar.

 AD-nin genetik olaraq təyin olunan bir xəstəlik olduğu müəyyən edilmişdir. Bu, xəstəliyin erkən başlanğıcı, yüksək  konkordantlıq  (eyni yumurtalı əkizlərdə 77% və müxtəlif yumurtalı əkizlərdə cəmi 15%), valideynlərindən biri atopiyadan əziyyət çəkən uşaqda xəstəlik riskinin ikiqat artması ilə təsdiqlənir. Hər iki valideyn xəstədirsə, risk 5 dəfədən çox artır.

AD-də irsi meylin reallaşmasında çox sayda triggerlər və ətraf mühit amilləri iştirak edir. Hamiləlik və doğuşun patoloji gedişində dölə düşən yüksək antigen yükü, hamiləlik və laktasiya dövründə ananın qidalanmasındakı pozuntular, həmçinin körpənin erkən süni qidalanması, əlavə qidaların erkən tətbiqi və əlavə qidalanmada uşağın yaşına uyğun olmayan məhsulların istifadəsi xüsusi rol oynayır. Mədə-bağırsaq traktının patologiyası və xüsusən müxtəlif antigenlərin sorulmasının artmasına səbəb olan bağırsaq mikrobiotasında dəyişikliklər də AD-nin mühüm bir risk faktorudur. Müasir həyat standartları ilə daha da artan ekologiya və ətraf mühit problemləri, uşağı əhatə edəm mikro mühitinin pozulması AD üçün əhəmiyyətli risk faktorları yaradır. 

Epidermal baryer mexaniki qorumanı təmin etməklə yanaşı, eyni zamanda dərinin su-lipid tarazlığını qoruyan, zəruri maddələrin və suyun itirilməsinə maneə törədən, toksinlərin, patogen mikroorqanizmlərin və allergenlərin dərinin dərin qatlarına nüfuz etməsinə mane olan mürəkkəb biosensor sistemdir. Gen mutasiyaları ilə əlaqəli olaraq dərinin baryer funksiyasının pozulması AD-nin yaranmasında patogenetik cəhətdən vacib amildir. Dəridəki lipid biosintezinin irsi pozuntuları dərinin hidrolipid təbəqəsinin pozulmasına səbəb olur, transepidermal su itkisini, dəri quruluğunu və müxtəlif qıcıqlandırıcılara həssaslığı artırır. Bundan əlavə, AD xəstələrinin dərisində bakteriya, göbələk və viruslardan qorunmaq üçün lazım olan antimikrob peptidlərin istehsalında bir çatışmazlıq aşkar edilmişdir ki, bu da AD zamanı Staphylococcus aureus tərəfindən artan dəri kolonizasiyasını izah edir. Eyni zamanda qaşınma və cızma ilə dərinin patogen flora ilə infeksilaşması dəfələrlə artır, bu da dəridə xroniki iltihaba səbəb olur.

 Son illərdə dəri və bağırsaq mikrobiota pozuntularının, xüsusən də erkən yaşlı uşaqlarda AD inkişaf sürətini təyin edən məcburi amillər kimi əhəmiyyəti müəyyənləşdirilmişdir. Dəri mikrobiomunun patogenlərə qarşı dayanıqlığı artıran və dəri T-limfositlərinin funksiyalarını gücləndirən antimikrob maddələr istehsal etdiyi müəyyən edilmişdir. Eyni zamanda bağırsaq mikrobiomi uşağın immun sisteminin formalaşmasında vacib rol oynayır və atopiyanın meydana gəlməsində qoruyucu təsir göstərir. Belə ki, AD xəstələrinin 80-95%-də bağırsaq mikrobiota pozuntlarının olduğu, laktobakilli və bifidobakteriyaların çatışmazlığı ilə yanaşı, bağırsaq mikrobiotunda dəyişgən xüsusiyyətləri olan Staphylococcus aureus, E. coli, Candida cinsinin göbələkləri və s. həddindən artıq çoxalması aşkar edilmişdir. Bu da Staphylococcus aureus tərəfindən dəri kolonizasiyasının artmasına səbəb olur. Dərinin Staphylococcus aureus ilə kolonizasiyası və göbələk infeksiyasının olması (Candida albicans) dəridə Th17-nin aktivləşməsinə kömək edir, bu da AD-nin şiddətini artırır. Dəri baryerinin molekulyar və hüceyrə pozuntuları allergenlərlə qarşılıqlı təsir zamanı AD-də rast gəlinən sonrakı allergik iltihab mərhələlərini işə salır. 

Kliniki əlamətləri. AD-nin formalaşmasında üç mərhələ ayırd edilir. Bu mərhələlər remissiya dövrləri ilə bir-birilə ayrıla bilər və ya davamlı olaraq biri digərinə keçə bilər.

 Uşaqlarda atopik dermatit 2 yaşına qədər rast gəlinir. 70% hallarda yanaqlarda, bəzən isə yayılmış şəkildə (ayaqlar, baldırlar, topuqlar, biləklər və oynaq büküşləri) eksudasiya, eritema, ödem, papula və mikrovezikulalar səpkilərlə (eksudativ forma) özünü göstərir. 30% xəstələrdə AD-nin eritematoskvamatoz forması inkişaf edir. Bu zaman xarakter hiperemiya, infiltrasiya və ekssudasiya olmadan zəif qabıqlanma müəyyən olunur. İnfantil ekzema 2 yaşdan kiçik uşaqların 50%-də yoxa çıxır. Digər yarısında isə dermatit davam edir, oynaqlardakı büküşlərə doğru yayılır.

Məktəbəqədər və məktəbyaşlı yaşlı uşaqladarda  atopik dermatit 2 yaşdan 13 yaşadək rast gəlinir və dərinin qalınlaşması, hiperkeratoz,  eritrematoz papulalar, daha sonra lixenoid papulalarla özünü göstərir. Ekzema  daha çox dirsəklərin, dizlərin, ayaqların, budların, boyunun bükücü səthlərdə əmələ gəlir. 

Yeniyetmələrdə atopik dermatit 13 yaşdan böyük olanlarda rast gəlinir və lixenizasiya, dəri quruluğu, qabıqlanma ilə özünü göstərir. Məktəb yaşlarında dermatit daha çox üzdə, gövdənin yuxarı hissələrində, oynaqların büküşlərində və topuqlarda müəyyən olunur. Dermatitin xüsusi formaları əllərin ovuc səthində və ya ayaqların ayaqaltı səthində əmələ gəlir (yuvenil ovuc və ayaqaltı dermatozları).   Əl və ayaq simptomları nəm və soyuq havada, xüsusilə də yazda və payızda daha kəskin hal alır. Yeniyetmələrdə atopik dermatit fasiləsiz residivli gedişə malik olur. 

Diaqnostikası. Uşaqlarda AD-nin müxtəlif mərhələlərində patogenetik mexanizmlərin düzgün başa düşülməsi xəstəliyin gedişatını lazımi dərəcədə qiymətləndirməyə və əsasən klinik məlumatlara və obyektiv diaqnostik testlərə əsaslanaraq vaxtında düzgün diaqnoz qoymağa imkan verir. Müayinə allerqoloji anamnezin toplanması, dəridə patoloji prosesin yayılmasının və şiddətinin qiymətləndirilməsi, həmçinin allerqoloji tədqiqata əsaslanır. 

AD üçün əsas diaqnostik meyarlar aşağıdakılardır: 

  •  dəri qaşınması

  •  atopiyaya görə irsi anamnez

  •  ilk simptomların erkən təzahürü

  •  səpkilərin tipik morfologiyası və lokalizasiyası

  •  xroniki təkrarlanan gediş

  • qeyri-spesifik dəri hiperreaktivliyi

Patoloji prosesin yayılma baxımından aşağıdakı formaları ayırd edilir:

  • məhdud AD – üzün dərisindəki lokalizasiya və 5%-dən çox olmayan bir sahə ilə

  • geniş yayılmış AD – 5-50% bir yayılma sahəsi ilə

  • diffuz AD – 50%-dən çox geniş dəri zədələnməsi ilə 

Dərəcəsinə görə: mülayim, orta və ağır AD fərqləndirilir. 

Klinik təzahürlərin ağırlığının və dinamikasıın, gedişatın ağırlığının və AD müalicəsinin effektivliyinin qiymətləndirilməsi SCORAD (Scoring Atopic Dermatitis), EASY( Eczema Area and Severity Index),  SASSAD (Six Area Six Sign Atopic Dermatitis Severity Score ) şkalalarına görə həyata keçirilir. 

Uşaqlarda atopik dermatitin müalicəsi. AD-nin müalicəsi müasir vasitə və texnologiyalardan istifadə etməklə dəridə allergik iltihabı dayandırmağa və uzun müddətli remissiyanı davam etdirməyə yönəlmiş kompleks və patogenetik olmalıdır. AD-nin müalicəsinin əsas istiqamətləri bunlardır: 

  • pəhriz terapiyasının təyin edilməsi və mənfi ekoloji amillərin idarə edilməsi ilə səbəb allergenlərin aradan qaldırılması

  • antihistaminlərlə sistemli farmakoterapiya;

  • yanaşı gedən patologiyalarnın korreksiyası (həzm sisteminin xəstəliklərinin müalicəsi və bağırsaq mikrobiotasının bərpası)

  • sinir sisteminin funksional vəziyyətinin normallaşdırılması

  • immunoterapiya

  • yerli müalicə

Pəhriz uşağın yaşına uyğun olmalı, alergik amillər xaric edilməli, zülal, yağ və karbohidratlara görə balanslaşdırılmalıdır. Pəhrizin müddəti fərdi olaraq müəyyən edilir və ən azı 6-12 ay olmalıdır. 

Ətraf mühit amillərinə nəzarət AD-nin effektiv müalicəsində vacib bir addımdır: yaxşı havalandırma, optimal rütubət, temperaturu və havanın təmizliyini təmin etmək, uşağın mikro mühitində toz yığanların azaldılması (xalçalar, kitablar, çiçəklər, yumşaq mebel, oyuncaqlar), quş tükündən olan yastıq və yorğandan istifadə etməmək. AD xəstəliyi olan bir xəstənin evində ev heyvanlarının, quşların, akvariumların saxlanması, habelə xəz və yundan hazırlanmış geyimlərin istifadəsi qadağan olunmalıdır.

 AD-nin farmakoterapiyası xəstəliyin forması və gedişi ilə müəyyən edilir. Antihistaminlər, xüsusilə kəskinləşmə zamanı AD xəstələrinin müalicəsi üçün çox istifadə edilən dərmanlardır. Müasir şəraitdə AD müalicəsində, xüsusilə allergik rinit və bronxial astma ilə birlikdə gedən zaman aşağı effektivliyi və yan təsirləri səbəbiylə köhnə nəsil antihistaminləri təyin etmək tövsiyə edilmir. Buna görə 2-ci nəsil antihistaminlərə (loratadin, dezloratadin, cetirizin) üstünlük verilməlidir. Uşağın optimal psixoemosional vəziyyətini təmin etmək və lazım gəldikdə sedativ və vegetotrop dərmanlarla, əgər göstəriş olarsa, neyroleptiklərlə  korreksiya etmək lazımdır.

Uşaqlarda AD zamanı yerli terapiyanın məqsədləri bunlardır:

  • iltihab əleyhinə dərmanlar təyin edərək, iltihabı aradan qaldırmaq və qaşınmanı rahatlaşdırmaq
    qidalandırıcı və nəmləndirici maddələr (yumşaldıcılar) ilə dərinin baryer funksiyasını yaxşılaşdırmaq

  • gündəlik dəriyə qulluğu təmin etmək

AD-nin yerli müalicəsi üçün yeni bir istiqamət, patogen olmayan bakteriyaların lizatlarını ehtiva edən kremlərdən istifadə edərək dərinin təbii mikrobiomunun bərpasıdır. İltihabın və dərinin qaşınmasının aradan qaldırılması tərkibində steroid olmayan iltihab əleyhinə dərmanlar və ya topikal qlükokortikosteroidlər olan xaricə işlənən iltihab əleyhinə dərmanlarla aparılır.

Mənbələr

  1. Tamari M., Tanaka S., Hirota T. Genome-wide association studies of allergic diseases // Allergol. 2013.

  2. Liang Y., Chang C., Lu Q. The Genetics and Epigenetics of Atopic Dermatitis-Filaggrin and Other Polymorphisms // Clin Rev Allergy Immunol. 2016.

  3. Г. И. Смирнова. Атопический дерматит у детей: новое в патогенезе, диагностике и лечении https://www.lvrach.ru/

  4. Д.Ш. Мачарадзе. Атопический дерматит: новые цели терапии, Вопросы современной педиатрии. Том 13, № 4 (2014)

  5. Камашева, Г.Р., Р.Ф. Хакимова.  Профилактика атопического дерматита у детей раннего возраста с отягощенной по атопическим заболеваниям наследственностью / // Аллергология и иммунология. - 2007,- Т. 8.- №1.