Uşaqlarda dərman müalicəsinin mənfi təzahürləri

Farmakoterapiyanın mənfi təzahürləri tez-tez təcili tibbi tədbirlər tələb edən ümumi bir klinik vəziyyətdir. Statistikaya görə, bütün xəstəxanaya yatırılmaların 5% hallarda səbəbi dərmanların mənfi təzahürləridir və stasionar müalicə dövründə xəstələrin 6,5%-i dərmanların əlavə təsirindən əziyyət çəkir. Bu günə qədər uşaqlarda dərman preparatlarının mənfi təzahürlərinin  yayılması, yaş aspekti baxımından əlamətlərin tezliyi və xüsusiyyətləri barədə məlumatlar kifayət qədər deyil. Bu sahədə əlavə məlumatlar effektiv profilaktik tədbirlərin işlənib hazırlanmasına  kömək edə bilər. 

Bununla əlaqədar Amerika alimləri ABŞ-dakı uşaqlarda dərman preparatlarının mənfi təzahürlərinin yayılması ilə bağlı məlumatları təqdim etmək, dərman preparatlarının mənfi təzahürləri ilə əlaqəli tibbi yardıma müraciət edən xəstələrin uşaq populyasiyasını təsvir etmək və istifadə olunan dərman preparatlarındandan və onun törətdiyi kliniki simtomatikadan asılı olaraq mənfi təzahürləriləri xarakterizə etmək üçün bir retrospektiv analiz aparıb.

 

Tədqiqatın metodları və gedişi

0-18 yaşlı xəstələrin dərman preparatlarının mənfi təzahürləri ilə əlaqədar ambulator və ya təcili yardım şöbələrinə göndərilməsi barədə məlumatlar ABŞ-da 1995-2005-ci illər üçün aparılmış milli tədqiqatlardan əldə edilmişdir. Müraciət terapevtik praktikada istifadə olunan dərmanların, dərman preparatlarının və ya bioloji maddələrin arzuolunmaz təsiri diaqnozlardan biri qoyulduqda dərman preparatlarının mənfi təzahürləri kimi təsnif olunmuşdur. Dərman preparatlarının mənfi təzahürlərindən ən çox düzgün təyin olunmuş dərman preparatlarının mənfi təzahürləri səbəbindən anafilaktik şok, düzgün təyin olunmuş dərmanların qeyri-spesifik mənfi təzahürləri, düzgün təyin olunmuş dərmanlarla anesteziya səbəbindən şok, aspirin qastrit, dərman dermatiti, yenidoğulmuşlarda dərmanlara reaksiya, dərman psixozu, allergik reaksiyalar, dərman neyropatiyası rast gəlinmişdir.

Ən çox əlavə təsirlərə səbəb olan dərman preparatları mikrob əleyhinə preparatlar (27.5%), mərkəzi sinir sisteminə təsir edən dərmanlar (6.5% ), hormonlar (6.1% ) olmuşdur. Antibakterial dərmanların istifadəsi səbəbindən mənfi halların yarıdan çoxuna penisillin və ya sefalosporin qrupu antibiotikləri (müvafiq olaraq 40% və 15%) səbəb olmuşdur. Mərkəzi sinir sisteminə təsir göstərən dərmanların qəbulu nəticəsində yaranan əlavə təsirlər ən çox stimullaşdırıcıların (37%) və  antidepresantların (29%) istifadəsi ilə əlaqədar idi. Mərkəzi sinir sisteminə təsir edən dərman preparatları ilə əlaqəli əlavə təsirlərin artması yeniyetməlik illərində depresiya və digər emosional və davranış pozuntuları ilə əlaqədar olaraq dərman müalicəsinin artmasını əks etdirir. Psixotrop dərmanlarla əlaqəli mənfi təsirlər arasında baş ağrısı, oyanıqlıq və digər davranış pozuntuları, mədə-bağırsaq simptomları müəyyən edilir. Eyni zamanda, yeniyetmə qızlara dismenoreya, ürək bulanma, qusma və dermatoloji elamətlər törədə bilən kontraseptiv dərmanlar təyin olunur. 

Dörd yaşadək uşaqlarda da mənfi təzahürlərin ən çox yayılmış səbəbi  antibiotiklər idi (bütün halların 40% =-i; bunun 48%-i penisillinlərin, 19%-i sefalosporinlərin qəbulu ilə əlaqədardır). Antibiotiklərin təyin edilməsi nəticəsində mənfi təzahürləri digər yaş qruplarında daha az yayılmışdır. Hormon terapiyası səbəbiylə əlavə təsirlərin yayılması ən çox 5-11 yaşlı uşaqlarda, mərkəzi sinir sisteminə təsir göstərən dərmanların qəbulu nəticəsində 12-18 yaşlı yeniyetmələrdə aşkar edilmişdir.

1000 xəstəyə nisbətdə mənfi təzahürlərin ən çox rast gəlmə tezliyi şiş əleyhinə vasitələr və immunosupressantlarda (1000 ambulator ziyarətə 19,7 ), hormonlarda (1000 ambulator ziyarətə 7.2 ), mikrob əleyhinə dərmanlarda (1000 ambulator ziyarətə 5,1) müşahidə edilmişdir. Ümumiyyətlə, tibbi yardım üçün hər 1000 müraciətdən 4,2-i dərman preparatlarının mənfi təzahürlərinə görə müraciət təşkil edir.

Dərman preparatlarının mənfi təzahürlərinə görə ambulator müalicə hallarının 2,2%-də antidotlar (məsələn, nalokson) istifadə edilmış, 0.7% hallarda xəstəxanaya yerləşdirmə tələb edilmişdir. Təcili yardım şöbələrinə baş çəkmə hallarının 46,3%-də dərman müalicəsi aparılmış, xəstələrin 5%-i xəstəxanaya yerləşdirilmişdir

 

 Nəticələr.

11 illik müşahidələrin nəticələrinə əsasən, dərman preparatlarının mənfi təzahürləri uşaqlarda farmakoterapiyanın ümumi bir ağılaşması olduğu müəyyən edildi. ABŞ-da hər il yarım milyondan çox uşaqda dərman preparatlarının mənfi təzahürləri səbəbindən tibbi yardıma müraciət edilir. Dərman preparatlarının mənfi təzahürləri üçün ən həssas yaş həyatın ilk dörd ilidir. 5 yaşa qədər uşaqlar müxtəlif mənfi təzahürlər səbəbindən köməyə ehtiyacı olan xəstələrin ən böyük qrupunu (43%) təşkil edirlər. Orta hesabla 0 ilə 4 yaş arasındakı 1000 uşağın təxminən 13-də dərman preparatlarının istifadəsi nəticəsində hər hansı bir mənfi təzahürlər  müəyyən edilir. Dərmanların əlavə təsirləri üzündən tibbi yardıma müraciət edilmənin ən çox rast gəinən (56%) səbəbi müxtəlif allergik, daha çox dəri reaksiyaları, o cümlədən şişkinlik, səpgi və digər qeyri-spesifik allergik simptomlardır. Təhdidedici statistika, dərman preparatları təyin edərkən həkimdən xüsusi ehtiyat tədbirləri tələb edir. Klinisistlər bu potensial mənfi təsirlər haqqında məlumatlı olmalı və müalicə başladıqda xəstələri lazımi xəbərdar etməlidirlər. Bundan əlavə, əldə edilən məlumatlar həm xəstənin yaşından asılı olaraq dərman preparatlarının seçiminə, həm də minimum mənfi təsirlərlə dərman müalicəsinin effektivliyini artırmaq üçün daim nəzarət edilməsinə ehtiyac olduğunu göstərir.

 

Mənbə
 

  1. Florence T. Bourgeois et al. Pediatric Adverse Drug Events in the Outpatient Setting: An 11-Year National Analysis. Pediatrics 2009;124;e744-e750.