Uşaqlarda öskürək

Öskürək xəstəlik deyil, hər hansı bir xəstəliyin əlamətidir. Ona görə də biz öskürəyi müalicə etmirik, yaradan səbəbi tapıb müalicə edirik.

Öskürək tənəffüs yollarındakı yad cismin çıxarılmasına, həmçinin traxeobronxial seliyin çıxarılmasına yönəldilmiş orqanizmin reflektor-qoruyucu reaksiyasıdır. Öskürək valideyinlər tərəfindən həkimə ən çox yönəldilən şikatətlərdəndir. Hesab edilir ki, öskürəyin 53 səbəbi var. Öskürəyin tək səbəbi bronx-ağciyər sistemindəki patologiyalar deyil. Ürək xəstəlikləri, sinusitlər və bəzi dərman preparatlarının qəbulu öskürəyə səbəb ola bilər.

Öskürəyin təsnifatı:

  • Xarakterinə görə: produktiv və qeyri produktiv

  • Davamiyyətinə görə: epizodik, qısamüddətli, pristupabənzər, daimi

  • Gedişinə görə: kəskin və xroniki

Səhərlər yaranan öskürək adətən bronxoektazlarda, xroniki bronxitdə, refluks xəstəliyi zamanı olur. Bronxial astma, ürək çatışmazlığı, sinusitlərdə və göy öskürəkdə gecə öskürəyi olur. Traxeit zamanı ağrılı, “hürücü” öskürək yaranır.

Kəskin öskürək 3-4 həftə, yarımkəskin öskürək 3-8 həftə, xroniki isə 8 həftədən artıq davam edən öskürəkdir.

Kəskin öskürəyin səbəbləri ən çox infeksiyalardır (pnevmoiya, kəskin bronxit, KRX, KRVİ, göy öskürək, plevrit). Bundan başqa, aspirasiya və bronxların yad cismi kəskin öskürəyə səbəb ola bilər.

Xroniki öskürəyin səbəbləri: xroniki bronxit, bronxial astma, sinusit, vərəm, qastroezofaqal refluks, ürək catışmazlığı, postnazal axıntı sindromu (PDS), kistik fibroz.

Öskürəyi deyil, səbəbini müalicə etmək lazımdır. Öncə öskürəyin xarakterini  qiymətləndirmək lazımdır. Produktiv öskürək varsa, mütləq bronxial sekretin xarakteri təyin olunmalıdır, həmçinin bronxospazmının olub-olmamasını müəyyən etmək lazımdır. Öskürək əleyhinə preparatlar mərkəzi və periferik təsirə malik olur. Öskürək əleyhinə preparatlar mütləq həkim tərəfindən təyin olunmalıdır.

Müasir tibdə öskürək əleyhinə dərmanlar demak olar ki, istifadə olunmur. Dünya ölkələrinin çoxunda pediatriya cəmiyyətləri 2 yaşa qədər uşaqlar üçün öskürək əleyhinə preparatları qadağan, 4 yaşa qədər isə arzuolunmaz hesab edirlər.

Mənbələr

  1. Çuçalin A.Q,, Abrosimov V.H. “Öskürək” 

  2. Korovina H.A., Zaplatnikova A.L., Zaxarova İ.N. “Uşaqlarda öskürək” 

  3. Xertl M. “Öskürək və asqirma. Pediadriyada differensial diaqnostika”

  4. Danilyak  İ.Q. “Öskürək”  2001