Hər bir qadının həyatında hamiləlik dövr&u...
Rinosinusit burunun selikli qişasının və paranazal sinusların əsasən kəskin respirator virus infeksiyaları fonunda inkişaf edən vahid iltihabi prosesi olub, paranazal sinusların aerasiya və drenaj funksiyasının pozulması ilə müşayiət olunur. Rinosinusit zamanı burun boşluğu ilə yanaşı haymor boşluğunda, alın ciblərində, burun ciblərində də iltihabı proses inkişaf edir.
Epidemiologiyası
Yaşla əlaqədar anatomik və fizioloji xüsusiyyətlərinə görə uşaqlarda rinosinusitin rast gəlmə tezliyi yetkinlərə nisbətən demək olar ki, 2 dəfə çoxdur, halbuki daha az diaqnostika olunur. Xəstəlik daha çox qışda – qrip epidemiyaları və kəskin respirator xəstəlikər dövründə rast gəlinir. Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri 9-23% hallarda kəskin və ya residivləşən bakterial rinosinusitlə agırlaşır. Dünyadakı uşaq əhalisinin 5%-də rinosinusitin bu və ya digər forması müəyyən olunur. Müasir farmakoterapiyanın imkanlarına baxmayaraq xəstəliyin xroniki formaya keçməsi hər il 1,5-2% artır.
Etiopatogenezi
Rinosinusiti aşağıdakı mikroorqanizmlər törədə bilər: viruslar, bakteriyalar, göbələklər, qarışıq mikroblar. Əksəriyyət hallarda kəskin rinosinusit viruslu etiologiyaya malikdir. Uşaqlarda hər il orta hesabla 6-8 dəfə yuxarı tənəffüs yollarının virus infeksiyası aşkar edilir. Tədqiqatların nəticələri kəskin rinosinusitin əsasən respirator viruslar (rinovirus, respirator-sinsitial, adenovirus) tərəfindən törədildiyini təsdiqləyir. Virusların təsiri ilə səyrici epitelin hüceyrələrinin kirpikcikləri məhv olur, selikli qişanın ödemi inkişaf edir, bu da paranazal sinusların disfunksiyasına və gələcəkdə burunun əlavə ciblərinin blokadasına səbəb olur. Kirpikciklərin məhv olması, paranazal sinusların ventilyasiyasının pozulması, selikli qişanın artan ödemi fonunda sekretin qatılılığının artması mukosiliar nəqliyyatın səmərəliliyini kəskin azaldır və drenajın pozulmasına gətirib çıxararaq ikincili bakterial iltihabın inkişafına şərait yaradır: kəskin virus rinosinusiti sürətlə bakterial hala çevrilir.
Bakterial rinosinusitin patogenlərinin spektri nisbətən sabit qalır və daha çox Streptococcus pneumoniae və Haemophilus influenzae, daha az - Streptococcus pyogenes, Moraxella catarrhalis (daha çox uşaqlarda), Staphylococcus aureus (kiçik uşaqlarda), qram-mənfi bakteriyalara rast gəlinir. Streptococcus pyogenes və Moraxella catarrhalis həm monoflora, həm də bakteriya assosiasiyası şəklində müəyyən oluna bilər. 10% hallarda kəskin rinosinusitin səbəbi bakteriya assosiasiyası ilə təmsil olunur. Uşaqlarda patogenlərin toplanmasının və böyüməsinin əsas yeri nazofarengial limfoid toxumasıdır (adenoidlər). Göbələklərin törətdiyi rinosinusitlər isə ən çox şəkərli diabeti olan və ya zəifləmiş immuniteti olan uşaqlarda rast gəlinir.
Rinosinusitin inkişafında allergiya amilinin xüsusi rolu var. "Ağırlaşmış allergik anamnez" ifadəsi davamlı iltihabın olmasını göstərir. "Allergik" uşaqlarda rinosinusit və otit dörd dəfə daha çox rast gəlinir. Üstəlik, allergik rinosinusit dedikdə, çox vaxt onun ağır və orta dərəcədə ağır formaları nəzərdə tutulur, çünki yüngül formalar xəstəlik hallarının yalnız 4%-ni təşkil edir . Göbələklərin törətdiyi allergik sinusit adətən bronxial astma əlamətləri ilə müşayiət olunur.
Rinosinusitin inkişafının səbəblərindən biri də genetik olaraq qan zərdabında laktoferrinin səviyyəsinin aşağı olmasıdır. Laktoferrinin səviyyəsinin aşağı olması fonunda patogenlərin invaziyası baş verir və rinosinusitin meydana çıxması demək olar ki, qaçılmaz olur. Avropada artıq xroniki rinosinusit xəstələrində genom diaqnostikası aparılır.
Klinik təzahürləri
Rinosinusutin 3 növü var:
kəskin,
residivləşən
xroniki
Avropa ölkələrində rinosinusitin bütün növlərinin etiologiyası, patogenezi, diaqnozu və tövsiyə olunan müalicə taktikası haqqında müasir məlumatları özündə əks etdirən əsas sənədə – Rinosinusit və burun poliplərinə dair Avropa memorandumuna (European Position Paper on Rhinosinusitis and Nasal Polyps — EPOS 2012) əsasən paranazal sinuslarda iltihab prosesinin müddəti <12 həftə olarsa, bu, kəskin rinosinusit kimi qəbul edilir. Adətən kəskin rinosinusit tamamilə sağalan xəstəlikdir. Residivləşən rinosinusit il ərzində 1-4 dəfə təkrarlanmaqla baş verən xəstəlikdir. Bu zaman xəstəlik sağaldıqdan 8 həftə keçməmiş əlamətlər yenidən təkrarlanır. Xroniki rinosinusit 12 həftə və daha çox davam edir.
Rinosinusitin əmələ gəlməsinə aşağıdakı xəstəliklər şərait yarada bilir: rinit, adenoidit, burun boşluğunun anomaliyaları, immun çatışmazlığı, bəzi genetik çatışmazlıqlar.
Xəstəlik özünü nazal obstruksiya – burundan nəfəsalmanın çətinləşməsi, baş ağrıları, burundan axıntıların olması, qulaq tutulması, temperaturun yüksəlməsi, ümumi halsızlıq və öskürmə ilə göstərir. Burundan gələn axıntı xəstəliyi törədən mikrobun növündən asılı olaraq selikli və ya irinli ola bilir. Hal-hazırda klinik praktikada əsas problem virus və bakterial mənşəli kəskin rinosinusitlərin fərqləndirilməsidir.
Kəskin bakterial rinosinusit diaqnozu üçün "qızıl standart" sinusdan alınan klinik materialda bakteriyaların yüksək konsentrasiyalarda (≥104 KƏV/ ml) müəyyən olunmasıdır. Lakin burunun əlavə ciblərinin punksiysı invaziv və olduqca travmatik bir manipulyasiya olduğundan yalnız ciddi göstərişlərə əsasən aparılmalıdır. ABŞ-ın IDSA İnfeksion Xəstəliklər Cəmiyyətinin kəskin rinosinusit olan yetkinlərin və uşaqların idarə olunması üzrə rəhbərliyində kəskin bakterial rinosinusit diaqnozu meyarları müəyyən olunmuşdur: simptomların 7-10 gündən çox davam etməsi, 5 günlük xəstəlikdən sonra simptomların "ikinci dalğası"nın yaranması, xəstəliyin ağır simptomlarla (39°C və daha yüksək temperatur, burundan irinli ifrazatın gəlməsi) başlaması və bu əlamətlərin xəstəliyin başlanğıcından 3-4 gün sonra da davam etməsi.
Klinik praktikada tənəffüs sisteminin funksional vahidliyini nəzərə almaq lazımdır. Bu səbəbdən “rinosinusit” diaqnozu qoyularkən, aşağı tənəffüs yolları da müayinə olunmalıdır. Rinosinusit həm kəskin, həm də xroniki pnevmoniya ilə ağırlaşa bilər. Həmçinin eşitmə borusun da patologiyasının inkişaf ehtimalı yüksəkir.
Müalicəsi
Bədən temperaturunun 38 dərəcədən çox artması və güclü baş ağrısı ilə müşayiət olunan şiddətli rinosinusit istisna olmaqla, xəstəliyin səbəbi adətən viruslar olduğundan ilk 3 günündən əvvəl antibakterial dərmanların təyini əsassızdır. Kəskin bakterial rinosinusitdən və ya virus mənşəli rinosinusitin bakterial ağırlaşmasından şübhə olduqda antibiotiklər: amoxicillin və ya amoxicillin/ klavulan turşusu, həmçinin “respirator” ftorxinolonlar, ən çox levofloxacin təyin edilir. Kəskin rinosinusit zamanı patogenetik və simptomatik terapiyanın əsas məqsədi ödem və iltihabı azaltmaq, burun sekresiyasının reoloji xüsusiyyətlərini normallaşdırmaq və patoloji möhtəviyyatın eliminasiyasını təmin etməkdən ibarətdir. Burun boşluğunda ödemin qarşısını almaq məqsədilə yerli istifadə üçün vasokonstriktor preparatlar (damcılar, spreylər), iltihab əleyhinə dərmanlar təyin edilir və burun boşluğu duz məhlulları ilə sulanır. Kəskin rinosinusitin ağır gedişində infeksiyanın göz yuvasına və kranial boşluğa yayılmaması üçün zədələnmiş sinuslardan axıntıların yaxşı boşaldılmasını təmin etmək lazımdır. Bunun üçün paranazal sinusların yuyulmasının müxtəlif üsulları (punksiyon, zondlama) istifadə olunur.
Mənbələr
Крюков А.И., ТуровскийА.Б. Этиотропная терапия бактериального синусита // Consilium Medicum. Пульмонология. - 2005. Том 7. - №1. - С. 7-10.
Лазаревич, И.Л. Острый риносинусит: диагностика, лечение. Вестник оториноларингологии. - 2013. - №5
Berger, W.E. Nonallergic rhinitis in children/ W.E. Berger, J.E. Schonfeld // Curr Allergy Asthma. - 2007. - №
Allergic Rhinitis and its Impact on Asthma (ARIA) 2008/ J. Bousquet, H.J. Schunemann, B. Samolinski [et al]. // Allergy. - 2008 - №63
Antimicrobial treatment guidelines for acute bacterial rhinosinusitis/ J.B. Anon, M.R. Jacobs, M.D. Poole [et al]. // Otolaryngology-Head and Neck Surgery. - 2004. - №130
Fikriniz
0
0