Uşaqlıqda kütlə indeksinin həddindən artıq olması yetkin yaşlarda ürəyinişemik xəstəliyi riskini artırır

Müasir cəmiyyətdə uşaqlar arasında yayılan piylənmə "epidemiyası" hazıda mənfi təsir göstərən və gələcəkdə daha da ağır nəticələrə səbəb olan bir zəncirvari reaksiya ilə müqayisə edilə bilər. Məlumdur ki, piylənmədən əziyyət çəkən uşaqlar endokrin problemlərindən əlavə, gənc yaşlarda kardiovaskulyar xəstəliklərin inkişafına səbəb ola bilən ürəyin işemik xəstəliyinin (ÜİX) risk faktorlarına (hipertoniya, dislipidemiya, qlükozaya tolerantlığın pozulması, damar disfunksiyaları) da  malikdirlər. 

Ancaq uşaqlarda piylənmənin uzunmüddətli nəticələri və yetkinlik dövründə ürəyin işemik xəstəliyinin inkişafına təsiri tam müəyyən edilməmişdir. Bu səbəbdən Danimarkalı alimlər müasir cəmiyyətdə uşaqlıq dövründəki piylənmə ilə yetkinlik dövrundə ÜİX arasında mümkün qasrşılıqlı əlaqəni aşkarlamaq üçün retrospektiv populyasiya tədqiqatı aparmışlar.

Tədqiqatın metodları və gedişi 

Araşdırmaya 1930-cu ildən 1976-cı ilə qədər olan dövrdə Danimarkada anadan olan 276.835 nəfər haqqında məlumatlar daxil edilmişdir. Uşaqlıqdakı (7-13 yaş) çəki və boyun illik ölçülməsi və bədən kütlə indeksinin (BKİ) hesablanması məlumatlarından istifadə edilmişdir. 1955-1960-cı illərdəki uşaqların antropometrik göstəricilərindən BKİ-nin normal dəyərlərini və müvafiq yaş və cins üçün Z-meyarını hesablamaq üçün istifadə edilmişdir, çünki o dövrdə uşaqlar arasında piylənmənin yayılması aşağı və sabit səviyyədə idi. Doğularkən çəki 1943-cü ildən nəzərə alınmağa başlandı. 2001-ci ilin sonuna qədər 25 yaşından sonra danimarkalılarda rast gələn ürək-damar hadisələri haqqında məlumat toplanmışdır. 

Nəticələr

139.857 oğlan və 136.978 qız üçün antropometrik məlumatlar əldə edildi. Təbii olaraq, BKİ yaşla əlaqədar olaraq artırdı. 46 illik izləmə dövründə 10.235 kişi və 4.318 qadına ÜİX diaqnozu qoyulmuş və ya ölmüş, kişilərdə 8.392 ölümcül və 3.113 ölümcül olmayan, qadınlarda isə müvafiq olaraq 3.637 və 991 hadisə qeyd edilmişdir. Reqression təhlil yetkin yaşlarda ürək-damar hadisələri riskinin (ümumi, ölümcül və ya qeyri- ölümcül) 7-13 yaş arası oğlanlarda və 10-13 yaşlı qızlarda BKİ ilə müsbət qarşılıqlı əlaqədə olduğunu göstərdi. Bu qarşılıqlı əlaqə hər yaşda xətti xarakterə malik  idi. Başqa sözlə, oğlan uşağının BKİ normanın yuxarı həddini nə qədər çox keçirdisə, kişidə ürək-damar hadisələri riski o qədər yüksək olurdu. Bənzər bir qarşılıqlı əlaqə qızlar və qadınlar üçün də müəyyən edilmişdir. 

Təhlilin növbəti mərhələsi uşaqlıqdakı BKİ-nin orta və ya orta səviyyədən yüksək olarkən, 25-60 yaş arasında  ürək-damar hadisələri ehtimalını hesablamaq idi. 13 yaşında olarkən bədən çəkisi 11,2 kq artıq olan (yəni BKİ Z-meyarının 2 vahiddən çox olması) uşağın normal bədən çəkisi və BMİ olan həmyaşıdları ilə müqayisədə ürək-damar hadisələri riski 33% artmışdır.

Uşaqlıqda yüksək BMİ yetkin yaşda UİX riski yüksək olanların artması ilə əlaqələndirilir. Bu qarşılıqlı əlaqə oğlanlarda daha aydın görünür və uşaq böyüdükcə daha da artır. 

Beləliklə, əhali arasında əsaslı bir tədqiqatın  nəticələri təsdiqlədi ki, bədən çəkisi artıq uşaqların sayının artması UİX riski yüksək olanların və bununla əlaqəli həyati təhlükəsi olan ürək-damar hadisələrin sayını artırır. Beləliklə, tədqiqatçılar bu nəticəyə gəlirlər ki, hazırda böyüklər üçün bir nömrəli vəzifə uşaqların yaş və cinsə uyğun müəyyən bir çəki əldə etməsinə və saxlamasına kömək etməkdir. Bu gün çəkiyə nəzarət etmək sabah ürək-damar xəstəlikləri riskini azaltmaq deməkdir.

Mənbə

  1. Jennifer L. Baker et al. Childhood Body-Mass Index and the Risk of Coronary Heart Disease in Adulthood. New Engl J Med. 2007