Video oyunların psixikaya təsiri

Dünya əhalisinin orta hesabla 55%-i internetdən istifadə edir. Avropada isə əhalinin 85%-i internet istifadəçisidir. Şimali Amerikada bu rəqəmlər daha böyükdür. Bəzi insanlar gündəlik problemləri həll etmək və ünsiyyət qurmaq üçün internet şəbəkəsinə ehtiyac duyurlar, digərləri isə gecə-gündüz internet qarşısında otururlar.

Video oyunlarla da bağlı eyni vəziyyət müşahidə olunur. Kompüter oyunları xüsusilə də uşaqların istirahətinin təşkil olunmasında çox mühüm rol oynayaraq, həyatımıza ciddi bir şəkildə  daxil olmuşdur. Video oyunlarla təkcə uşaqlar oynamır. Yer kürəsində əhalinin təxminən 25%-i video oyunlar oynayır. Əyləncə Proqramları Təminatı Assosiasiyasının 2018-ci ildə keçirdiyi sorğuda ABŞ-dakı ailələrin 64%-i video oyunlara sahib olduqlarını söyləmişdir. Sorğuda iştirak edən qadınların orta yaşı 36 (sorğuda iştirak edənlərin 45%-i), kişilərin isə 32 olub.

Kompüter oyunları müasir insana əhəmiyyətli dərəcədə təsir göstərir və bu təsir birmənalı deyil. Kompüterdə iş və ya oyun zamanı sanitar-gigiyenik qaydalara əməl edilmirsə, insanda görmə pisləşir, qamət pozulur, baş ağrısı və əzələ ağrıları meydana çıxır, piylənmə inkişaf edir. 

Kompüter oyunları, xüsusilə uşaq psixikasına və psixologiyasına neqativ təsir göstərir. Belə ki, uşaqda aqressivlik və qəddarlıq, dünyanın yanlış qavranılması, digər insanlarla ünsiyyətdə çətinliklər meydana çıxa bilər.

Kompüter oyunları bir çox hallarda asılılığa gətirib çıxarır. Oyunçu oyundakı psixoloji problemləri həll etməyə çalışdıqda asılılığın meydana gəlməsi asanlaşır. Belə ki, oyunlar özünü reallıqda olduğundan fərqli bir insan kimi hiss etməyə, insanın özünün açıq üzə çıxmasına  imkan vermədiyi hisslərinin (məsələn, təcavüz) ortaya  çıxmasına, virtual dünyaya girib, həqiqi əlaqələrin yaratdığı narahatlığı həll etməyə imkan verir.

Tədqiqatlarda kompüter oyunlarından asılılığın yayılmasını göstərən statistika bir-birindən fərqlənir. Yaponiyada Kurihama Asılılıq Müalicə Mərkəzinə rəhbərlik edən S. Xiquçi və tərəfdaşlarının apardığı araşdırmada asılılığın yayılması 0.7%-dən 27.5%-ə qədər dəyişir. Harvard Universitetinin psixoloqu Mareza Orzak təsəlliverici olmayan statistika verir: o hesab edir ki, kompüter oyunları oynayan insanların 40-80%-i oyundan asılıdır. 

Cəmiyyətdə getdikcə bu məsələyə diqqət daha da artır. Problemin aktuallığını nəzərə alaraq, 2018-ci ilin sentyabrında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Kompüter oyunlarından asılılıq “oyun pozuntusu” kimi müəyyən edilmiş və ÜST üzv ölkələrinin Cenevrədə keçirilən 72-ci Ümumdünya Səhiyyə Assambleyası zamanı rəsmi olaraq xəstəlik kimi qəbul edilərək, Beynəlxalq Xəstəliklər Təsnifatına (XBT-11) daxil edilmişdir. 2022-ci ildə qüvvəyə minəcək 11-ci Beynəlxalq Xəstəliklər Təsnifatında oyun pozuntusu oyuna (rəqəmsal oyunlar və ya video oyunlar oynayarkən) nəzarətin pozulması və digər maraq və  fəaliyyətlərlə müqayisədə daha çox üstünlük vermə dərəcəsi ilə fərqlənən, arzuolunmaz nəticələrin meydana çıxmasına baxmayaraq, oyun fəaliyyətlərinin davam etdirilməsi və ya intensivləşdirilməsinə üstünlük verilən oyun davranışı modeli kimi müəyyən olunur. Şəxsi, ailə, sosial, təhsil, peşə və digər vacib funksional sahələrdə ciddi pozuntulara səbəb olan bu davranış modeli kifayət qədər ciddi şəkildə fərqləndiyi və ən azı 12 ay ərzində açıq şəkildə müşahidə olunduğu təqdirdə, oyun pozuntusu  diaqnozu qoyula bilər. 

Kompüter uşağın fiziki sağlamlığı və psixikasına mənfi təsiri göstərə bilər. Lakin bununla  yanaşı, bu “ağıllı” çihazların artıq həyatımızın bir parçası olduğunu  unutmamalıyıq. Xüsusilə kompüterin  və kompüter oyunlarının beynin inkişafına təsiri mövzusunda fikirlər fərqlənir. Kolorado Universiteti və Sietl Elm Mərkəzinin bir qrup alimi koqnitiv-antropoloji yanaşma çərçivəsində araşdırma aparmış və nəticələrini 2017-ci ildə "Kompüter davranışları" jurnalında dərc etmişlər. Müəlliflərin fikrincə, kompüter oyunları yalnız oyun aludəliyi və təsir balansının mənfi təsirlərə doğru dəyişdiyi hallarda mənfi bir fenomen kimi məna kəsb edir.

MRT tədqiqatları göstərir ki, neyron şəbəkələrinin qarşılıqlı əlaqəsi və inkişafı inkişafetdirici video oyunlar ilə artırıla bilər. Üstəlik, boz maddənin ölçülməsi baxımından video oyunlar beynin dorsolateral prefrontal qabıqda,  beynin parahippokampal və somatosensor bölgələrində, gicgah və ənsə paylarında dəyişikliklərə səbəb ola bilər. Hətta beyinləri nəzəri cəhətdən daha az neyroplastikaya sahib olan yetkin oyunçuların adi MRT-də bu strukturlardan bəzilərinin ölçüsünün və sıxlığının artması görünür. 

Az istifadə şərti ilə (məsələn, həftədə təxminən 1-2 saat) inkişafetdirici kompüter oyunlarının yeniyetmələrdə sinir əlaqələrini yaxşılaşdıra biləcəyinə dair sübutlar var. Belə ki, video oyunlar uşaqlarda  sürətli cavabı, əllərin incə motor bacarıqlarını, obyektlərin vizual qavranılmasını, əl-göz koordinasiyasını, yaddaşı və diqqəti, məntiqi düşüncəni, təsnif etmək və ümumiləşdirmək bacarığını, qeyri-standart bir vəziyyətdə analitik düşünmə və məqsədə çatmaq bacarıqlarını, intellektual bacarıqları inkişaf etdirə bilər.

Video oyunların fiziki reabilitasiyaya inteqrasiyası müxtəlif patoloji  vəziyyətlər, o cümlədən  uşaq serebral iflici və autizm  zamanı sınaqdan keçmişdir. Reabilitasiya üçün video oyunlar reabilitasiya texnologiyasında ən yenilikçi və perspektivli sahələrdəndir. İnkişafetdirici video oyunlar evdə bərpaedici reabilitasiya aparmağa imkan verir. Bu, valideynlər üçün vaxt və pula qənaət etməyə imkan verir.

 Müasir uşaqlarda kompüterlə ünsiyyət olduqca erkən başlayır və kompüterin dostdan düşmənə dönməməsi üçün valideynlərin diqqəti və köməyi lazımdır. Hər bir şeyin qədərincə olduqda yaxşı olduğunu unutmamalıyıq.

 

Mənbələr

  1. The use of commercial video games in rehabilitation: a systematic review. Int J Rehabil Res.  2016; 39(4):277-290 (ISSN: 1473-5660) Bonnechère B; Jansen B; Omelina L; Van Sint Jan S Ş”222

  2. Бюллетень Всемирной организации здравоохранения. Все выпуски Бюллетеня ВОЗ.Выпуск 97, Номер 6, июнь 2019 г., 377-440

  3. Pujol J, Fenoll R, Forns J, et al. Video gaming in school children: how much is enough? Ann Neurol. 2016;80:424-4333. 

  4. Paulus MP, Squeglia LM, Bagot K, et al. Screen media activity and brain structure in youth: evidence for diverse structural correlation networks from the ABCD study. Neuroimage. 2019;185:140-1535.Библиофонд URL: http://bibliofond.ru 

  5. Башаев С. В. ОЦЕНКА ВЛИЯНИЯ ИГРОВОЙ СИСТЕМЫ РЕАБИЛИТАЦИИ НА РЕАБИЛИТАЦИЮ ДЕТЕЙ С АУТИЗМОМ И ДЦП / С. В. Башаев, А. А. Подлубная // Международный научно-исследовательский журнал. — 2016. — № 11 (53) Часть 3. — С. 123—127. — URL: https://research-journal.org/medical/ocenka-vliyaniya-igrovoj-sistemy-reabilitacii-na-reabilitaciyu-detej-s-autizmom-i-dcp/ (дата обращения: 10.08.2020. ). doi: 10.18454/IRJ.2016.53.210