Ailələr və uşaqlarla sosial işin ümumi mahiyyəti

Əziz və hörmətli valideynlər, hər birimizin daxil olduğu kiçik bir cəmiyyətimiz var. Burada doğmalarımızla olan münasibətlərimizi tənzimləyir, öz rollarımızı yerinə yetirir, özümüzü inkişaf etdirir və övladlarımızı böyüdürük. Bu kiçik cəmiyyət bizim varlığımızı təsdiq edən, içində daim rahatlıq tapdığımız doğma ailəmizdir. İsti ailə mühitində biz ətraf-aləmdə olan hadisələrin bizə göstərdiyi təsirləri tənzimləyir, çətinliklərə güc gəlmək üçün enerji depolayır, ailə üzvlərimizlə məsləhətləşmələr edərək bütün problemlərə rahatlıqla sinə gərə bilirik. Çünki, ailə bizim ən güvəndiyimiz limandır, hər birimizin dayaq nöqtəsidir. Təbii ki, çətinlik və problemlər yalnız xarici təsirlərdən qaynaqlanmır və bu təsirlər bəzən daxili formada da özünü büruzə verir. Ailə üzvlərinin tez-tez bir-biri ilə anlaşa bilmədiyi, güzəştə gedə bilmədiyi anlar da olur. Erkən müdaxilə, ailə üzvləri arasında bir-birini anlama və uzlaşma olmadığı zaman bu kiçik sarsıntılar gələcəkdə böyük problemlərə gətirib çıxarır. Ər-arvad arasındakı münaqişələr valideynlərarası münaqişələrə, qeyd etdiyimiz münaqişə isə uşaqların taleyinə, inkişafına mənfi təsir göstərir. Bunun üçün vaxtında ciddi, profilaktik addımlar atmaq hər bir şəxsin borcudur. Məhz bu müsbət, eyni zamanda hər iki tərəf üçün həssas sayılan addımların atılması yönündə şəxslər təkcə özlərini deyil, ailə üzvlərini, ələlxüsus uşaqlarını fikirləşməlidirlər. 

Sağlam qərarların verilməsi və sağlam ailə modelinin formalaşması istiqamətində valideynlərin maariflənməsi mütləq şərtdir. Bu çərçivədə ailənin və icmanın üzvləri, həmçinin professional müstəvidə insan və onun həyat fəaliyyəti, hərtərəfli inkişafı prosesini araşdıran, tədqiq edən mütəxəssislərin üzərinə də böyük yük düşür. Bildiyiniz kimi, insan və onun inkişafı ilə bağlı müxtəlif elmlər (psixologiya, pedaqogika, fəlsəfə, antropologiya, anatomiya və s.) mövcuddur. Məhz sosial iş də insanı və ailəni cəmiyyətin başlıca hərəkətverici qüvvəsi kimi öyrənir.

Sosial iş: 

  1. Ailələrin hərtərəfli inkişaf etməsi; 

  2. Cəmiyyət həyatının müxtəlif sahələri barədə dərindən məlumatlanması, maarifləndirilməsi; 

  3. Problemlərinin aşkara çıxarılması, öyrənilməsi və həll edilməsi, çıxış yollarının tapılması; 

  4. Dövlət qurumları ilə ailə arasında vasitəçiliyin təmin olunması;

  5. Ailələrin səlahiyyətləndirilməsi, gücləndirilməsi;

  6. Öz müqəddəratlarını təmin etmələrində onlara yol göstərilməsi;

  7. Həyatlarının hər bir anında ailəyə dəstək verməyi;

  8. Hüquqlarını qorumağı;

  9. Ailənin öz problemleminin həllində əsas və yeganə söz sahibi olması, həmçinin bunun kimi digər vacib məsələlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. 

Qeyd olunanların icrası üçün ali təhsilli, peşəkar sosial işçilər fəaliyyət göstərir və onlar ailələrin, uşaqların sosial xidmətlərlə təmin olunması, fikirlərini müstəqil formada ifadə etməyi, sosial müdafiə üçün zəruri tədbirlərlə təmin olunmaqları, ailə-sosial işçi arasında səmimi münasibətlərin yaranması yönündə öz güclərini və imkanlarını səfərbər edirlər. Sosial işçilər cəmiyyətimizin mənəvi həkimləridirlər. Ailələrin yüksək səviyyədə maraqlarının müdafiə olunmasında hər zaman fəal iştirak edirlər.