Duyğularımızı tanımaq və onlara ad vermək...
Duyğularımızı tanımaq və onlara ad vermək böyüklər üçün bəzən çətin olsa da uşaqlar üçün də asan deyil. Buna görə də uşağınız hissləri haqqında danışanda onu tərifləyin. Beləliklə, uşağınız sizdən nəyisə düzgün etdiyi mesajını alacaq və özü ilə fəxr edəcək. Uşağınızla günün istənilən vaxtında, məsələn ərzaq mağazasında, axşam yeməyində və ya hər hansı oyun vaxtı onun hissləri və mübarizə strategiyaları haqqında danışa bilərsiniz. Uşağınızla əlaqə və dialoq qurduqca o, başqaları ilə ünsiyyətdə olarkən öz duyğularını tanımaqda və onlarla mübarizə aparmaqda çətinlik çəkməyəcək. Beləliklə, siz onun ətrafında olmadıqda (məsələn məktəbdə və ya dostları ilə) sakitləşmək və öz emosiyalarını tənzimləməkdə müvəffəqiyyətli olacaq.
Övladınız üçün hisslər haqqında kitablar oxuyun:
Uşaq kitabları çox vaxt hikmətlə doludur. Güclü və vacib anlayışları sadə, lakin mənalı sözlərlə izah edirlər. Uşağınızla birlikdə duyğuları araşdırmaq, qəzəb və qorxu kimi duyğularla mübarizə aparmaq haqqında kitablar oxuya və emosiyalar haqqında danışa bilərsiniz. "Sizcə, bu hekayədə tısbağanı bu qədər əsəbiləşdirən nə ola bilərdi?" "Səncə, dovşan bu vəziyyətdə necə hiss etdi?" kimi kitabdakı personajlar haqqında müxtəlif suallar verməklə uşağınızın duyğularını daha yaxşı müəyyənləşdirməsinə kömək edə bilərsiniz.
Televiziya seriallarına və ya filmlərinə baxarkən uşağınıza emosiyalarla bağlı suallar verin:
Uşağınızın sevimli televiziya şousu və ya filminə baxarkən, oradakı hər hansı bir xarakterin hissləri ilə bağlı suallar verin. "Sizcə, bu personaj necə hiss edir?", "Əvvəllər belə hiss etmisiniz?", "Bir insanı bu şəkildə hiss etməyə nə səbəb ola bilər?" kimi suallar verə bilərsiniz. Beləliklə, uşağınızın duyğularını daha yaxşı tanımasına və digər insanlarla empatiya qurmasına kömək edə bilərsiniz.
Rövşən Nəcəfov
Klinik psixoloq, psixoterapevt
Fikriniz
0
0