Uşaqlar və ev heyvanları

Demək olar ki, bütün uşaqlar valideynlərindən ev heyvanlarını saxlamağı xahiş edir. Şübhəsiz ki, bu, ana və atanın qayğılarını artıra və əlavə maliyyə xərcləri tələb edə bilər. Ancaq ailədə ev heyvanlarının olmasının şübhəsiz ki, uşağa müsbət təsiri olacaqdır.

Uşaqlara ev heyvanları lazımdırmı?   

Ailədə ev heyvanının olması uşaqların emosional inkişafına və hətta fiziki sağlamlığına da təsir göstərir. Tədqiqatlar göstərir ki, həyatının ilk ilində ev heyvanları ilə təmasda olan uşaqlarda daha yüksək immun reaksiya müşahidə olunur və tənəffüs infeksiyalarına daha az rast gəlinir. Pişiklər və itlərlə erkən təmas uşaqlarda allergiya riskini azaldır.

Ev heyvanları uşaqlarda hansı keyfiyyətləri inkişaf etdirir? 

Ailədə ev heyvanının olması uşağın tərbiyəsinə və psixologiyasına da ciddi təsir göstərə bilər. Uşaq ev heyvanına qayğı göstərərsə, daha məsuliyyətli və intizamlı olar. Əgər uşaq erkən yaşlardan pişiklərə, itlərə, balıqlara qulluq etməyə kömək edər və sonra bunu özü müstəqil şəkildə edərsə, o zaman  gələcəkdə çətinliklərə daha hazırlıqlı olar. Bu isə şübhəsiz ki, uşağın gələcək həyatı üçün çox əhəmiyyətlidir.

Ev heyvanları uşaqda diqqəti inkişaf etdirir

Heyvanların davranışı daha bəsit olduğu üçün, uşaqlar ev heyvanlarının xüsusiyyətlərini, vərdişlərini və reaksiyalarını daha asan sezirlər. Onlar dördayaqlı dostlarını həvəslə müşahidə edir və öz müşahidələrini böyüklərlə bölüşürlər. Ev heyvanları ilə daimi ünsiyyət uşaqların daha xeyirxah, həssas və şəfqətli olmasına kömək edir, onlarda bağlılıq hissi yaradır. Ev heyvanları ilə ünsiyyət uşağa başqalarına qarşı mərhəmətli olmağı, özündən zəiflərə diqqətlə yanaşmağı öyrədir. Bu, ailənin tək uşaqları üçün xüsusilə vacibdir. Uşaq, həmçinin ailədə başqa kiçik uşağın doğulmasına hazır olacaq, çünki onsuz da həyatını başqa bir canlı ilə bölüşməyə alışmış olur. Uşağın heyvanla düzgün münasibətinin qurulması canlılara və bütünlüklə təbiətə qayğıkeş münasibətinin formalaşmasına səbəb olur.  

Uşağın  hər hansı inkişaf gecikməsi və ya davranış problemi varsa, ev heyvanına sahib olmaq çox faydalıdır.

Hər zaman uşağa "qulaq asmağa" hazır olan  sadiq dostu ilə ünsiyyət, xüsusilə yalnızlığa meyilli olan uşaqlar üçün çox vacibdir. Bu cür uşaqlar sevimli pişikləri və köpəkləri ilə uzun müddət danışa bilər və onlara heç vaxt valideynlərinə danışmadıqlarını söyləyə bilərlər. Autizm və digər inkişaf pozuntuları olan uşaqlar ev heyvanları ilə ünsiyyət zamanı daha yaxşı kommunikativ nailiyyətlər göstərə bilərlər. 

Ev heyvanları ilə oynayan uşaqların fiziki aktivliyi artır

Dörd ayaqlı dostu ilə vaxt keçirən uşaq kompüter, telefon və televizor qarşısında daha az oturacaq. İti olan uşaqlar tez-tez bayırda gəzir və təmiz havada oynayırlar. Bu isə, sağlamlıq üçün çox vacibdir. 

Heyvanlar uşaqda stresi azaldır

Yanında sadiq bir dostu olan uşaqlarda özünə güvən hissi daha yüksəkdir və onun yanında uşaq özünü daha təhlükəsiz hiss edir. Uşaqlar ev heyvanları üçün ucadan oxuyaraq daha asan və tez oxumağa başlayır, çünki utanmalı heç kim yoxdur (çox yaxşı oxumasan belə). 

Ev heyvanları ilə ünsiyyət yeniyetmələri sakitləşdirir

Xarici dünya ilə qarşıdurma vəziyyətində olub, öz problemlərini heç kimlə müzakirə edə bilməyən üsyankar yeniyetmələr üçün ev heyvanları sadiq dinləyiciyə çevrilə bilər. Yeniyetmə hər zaman sadiq dostu ilə özünün ağrılı problemlərini paylaşa bilər. Həmçinin valideyn və yeniyetmələrin ev heyvanlarına qayğı kimi ortaq bir hobbisi olarsa, bu, şübhəsiz ki, ailədəki gərginliyi azaldacaq və valideynlərlə uşaqların münasibətinə müsbət təsir göstərəcək .

Bütün bunlarla yanaşı ev heyvanları saxlamaq qərarını verərkən uşağın və ailə üzvlərinin sağlamlıq vəziyyətini ( heyvan tükünə allergiya), ailə üzvlərinin istəyini, ev heyvanlarına qayğı göstərmək imkanını nəzərə almaq lazımdır. 

Ev heyvanı saxlamaq qərarını verərkən biz heyvanların da həyatı, sağlamlığı və təhlükəsizliyi üçün məsuliyyət daşıdığımızı  unutmamalıyıq.