Doğum evində olunan peyvəndlər (Vərəm və Hepatit B)

Peyvəndlərin qoruyucu təsir göstərə bilməsi üçün onların xüsusi təqvim üzrə edilməsi əsas şərtdir. Valideynlərə peyvəndləri vaxtında etdirmək, özlərini və uşaqlarını xəstəliklərdən qorumaq tövsiyə olunur. Azərbaycanda peyvəndlər dövlət tərəfindən təsdiq edilmiş Milli Peyvənd Təqviminə uyğun olaraq həyata keçirilir. Bu təqvimə əsasən, körpələrə doğum evində ilk 12 saat ərzində Hepatit B-yə qarşı HepB peyvəndi və vərəmə qarşı BSJ peyvəndi vurulur.

BSJ peyvəndi (Bacillus Calmette-Guérin) yeni doğulmuş körpələrə vərəm xəstəliyinə qarşı immunitet yaratmaq məqsədilə tətbiq edilən canlı, zəiflədilmiş peyvənddir. BSJ peyvəndi vərəmin ağır formalarının qarşısını almaqda təsirli hesab olunur. Vərəm meningiti, miliyer vərəm (yayılmış) kimi ağırlaşmış vərəm keçirmə ehtimalı peyvənddən sonra 80% -ə qədər azalır.

BSJ peyvəndi hər zaman sol qol – çiyindən dəri içinə vurulur. Körpələrin 95%-ində 2-3 həftə sonra inyeksiya yerində şişlik və eritema ilə bərabər mavi-qırmızı pustula əmələ gəlir. Ortalama 3 aya çapıq izi qalaraq sağalır.

Əgər körpənin sol qolunda bu çapıq əmələ gəlməyibsə, peyvəndin vurulduğuna dair əlimizdə sənəd varsa, təkrar peyvəndləməyə ehtiyac yoxdur.

Əgər yenidoğulmuşa hər hansı səbəb üzündən BSJ peyvəndi edilməyibsə və peyvəndin edilməsinə əks-göstəriş yoxdursa, belə halda 2 aydan böyük yenidoğulmuşa Mantu sınağının mənfi nəticəsindən sonra poliklinika tərəfindən bu peyvəndin edilməsi təmin olunmalıdır.

Hep B peyvəndi

Hepatit B, Hepatit B virusu (HBV) ilə yoluxan və qaraciyərə zərər verən bir infeksiyadır. Bu virus, qan vasitəsilə və bədən mayeləri ilə yayılır. Xəstəlik uzun müddət davam etdikdə qaraciyər sirrozu və qaraciyər xərçənginə səbəb ola bilər. Hepatit B peyvəndi, bu virusla bağlı qorunma təmin edən ən təsirli üsuldur. Bu peyvənd, virusun bir hissəsini ehtiva edir və bu, bədənə təhlükəsiz bir şəkildə verilərək immun cavab yaradır. Hep B peyvəndi doğum kilosu 2000gr üzərində olan bütün yenidoğulmuşlara tətbiq olunmalıdır. Hepatit B peyvəndi 3 doza şəklindədir: ilk doza, doğumdan sonra ilk 12 saatda, ikinci doza 1-2 ay sonra, üçüncü doza isə 6 ay sonra verilir. Bu planlama heksavaksin kimi qarışıq peyvənd varsa, dəyişə bilir. Hepatit B peyvəndi, təxminən 95% effektivdir və düzgün tətbiq edildikdə Hepatit B infeksiyasına qarşı uzunmüddətli qoruma təmin edir. Peyvənd əzələ içinə vurulur. Son dozadan sonra tam qoruyuculuq əldə olunur.

Burda ən önəmli nüans hepatit B daşıyıcılığı olan anadan doğulan körpəyə yanaşmadır. Yenidoğulmuş doğumdan dərhal sonra yuyundurulur. İlk 12 saat ərzində peyvəndlə bərabər başqa bir nahiyyədən hepatit b immunlobulini vurulur. Peyvəndi və immunqlobulini uyğun şəkildə olunmuş körpələr anaları tərəfindən əmizdirilə bilər.

 

Bağırlı Şəbnəm

Pediatr