Dizartriya nitqin tələffüz tərəfinin və ni...
Meşədə dörd ayı yaşayırdı. Onlardan biri ana, biri ata, digərləri şip-şirin balalar idi. Onlar çox sözəbaxan, ağıllı idilər. Anaları nə desə həmin an yerinə yetirər, bundan zövq alardılar.
Balalardan birinin yatmaqla arası yox idi. Yatmağı heç sevmirdi. Balaca bacısını da yatmağa qoymurdu. Elə hey oynamaq istəyirdi.
Bir gün yenə axşam düşmüşdü. Ana ayı saata baxıb dedi:
-Balalarım, yatmaq vaxtıdır!
-Nə tez, ay ana?
O biri bala:
-Tez deyil, mən yorulmuşam, gəl gedək yataq.
-Eee.. sən də yatmağı xoşlayırsan, nə var e yatmaqda… bax oyunumuz yarımçıq qaldı.
-Sabah davam edərik.
Ana ayı balasının yatmağa həvəsi olmadığını görüb dedi:
- Yatmaq çox faydalıdır. Biz yatanda bütün bədən üzvlərimiz dincəlir. Əgər yatmasaq sabahkı işlərimizin öhdəsindən gələ bilmərik. Yorğun halda axı necə gəzərik? Balalarım, əgər biz yatmasaq, fikirlərimiz, düşüncələrimiz də düzgün olmaz. Yəni özümüzü idarə edə bilmərik. Yatın gözəl balalarım, sabah mühüm bir işimiz var.
-Nə işimiz ay ana?
-Meşənin lap dərinliklərinə getməliyik. Orada ağacın koğuşunda bal var, sizin xoşladığınız ləzzətli bal.
Yatmaq istəməyən bala sevincindən atılıb düşdü:
-Bal, bal, hə, bal! Mən o balı çox xoşlayıram.
Ana ayı sözünə davam elədi:
-Balı gətirmək üçün uzun yol qət etməliyik. Yatıb dincəlməsək, o yolu necə gedərik?
Ana ayı balalarını yatızdırmaq üçün layla deməyə başladı.
Balalar gözlərini yumdular. Lakin yatmaq istəməyən bala gözünü yalandan yummuşdu. O, laylanın nə vaxt bitəcəyini, anasının o biri otağa keçəcəyini gözləyirdi.
Aha.. deyəsən bacım yatdı. İndi anam durub gedəcək - deyə sevindi.
Ana ayı balalarının yatdığını zənn edib yan otağa keçdi. Bəzi işləri vardı axı.
Bala ayı cəld qalxıb oyuncaqlarına tərəf getdi. Bayaqkı yarımçıq qalan oyunu davam etmək istəyirdi. Pərdəni azacıq araladı ki, işıq düşsün.
Astadan gah maşınını sürür, gah da oyuncaq topunu ora-bura diyirlədirdi.
Gecə yarıdan keçmişdi, lakin o hələ də oynayırdı. Nəhayət gördü ki, yorğunluqdan göz qapaqları örtülür, tez çarpayısına uzandı. Az keçmədi ki, onu yuxu apardı.
Səhər ana ayı balalarını oyadıb dedi:
-Balalarım, qalxın bal dalınca gedəcəyik.
Balalar tez oyandılar. Əl-üzlərini yuyub dişlərini fırçaladılar. Səhər yeməyi yeyəndə ana ayı balalardan birinin yuxuladığını gördü:
-Deyəsən yuxun gəlir?
-Yox yox anacan.
-Axı yemək yeyə-yeyə yuxulayırsan.
-Yaxşıyam, anacan, narahat olma.
Hazırlanıb yola düşdülər. Ana ayı yol boyu balalarını başa salırdı. O, hər şeyin zəhmətlə əldə etməyi, dosta qaşı sədaqətli olmağı, sevinci də, kədəri də paylaşmağın gözəl xususiyyətlər olmağından bəhs edirdi. Balalar analarına diqqətlə qulaq assalar da, gecənin yarısını oynamaqla keçirən balanı elə ayaqüstə yuxu aparırdı. O, gah səndərləyib yıxılır, gah da gicəllənib yerə dəyirdi.
-Can bala, sən niyə yıxılırsan, elə bi yuxusuzsan axı.
-Hə anacan yuxum gəlir.
Ana ayı balasını kürəyinə atıb yoluna davam elədi.
Bala ayı qabaqda o yan bu yana qaçan, gah tullana-tullana gedən bacısına həsədlə baxırdı. Öz-özünə: “Anamın sözünə baxıb gecə doyunca yatsaydım, mən də onun kimi qıvraq olardım.” deyir və peşman baxışları ilə yuxulayırdı.
Fikriniz
0
0