Dizartriya nitqin tələffüz tərəfinin və ni...
Dovşanın dörd balası var idi. O, hər gün balalarını təmiz havaya çıxarırdı. Çünki bilirdi ki, təmiz hava balaların böyüməsi və sağlam olması üçün çox faydalıdır. Bu səhər pəncərini açıb çölə baxdı ki, görsün hava necədi. Axı hər gün balalarını havaya uyğun geyindirirdi.
-Ay aman.. nə istidi...
Bala dovşanlar sevinə-sevinə:
-İstidi? Nə yaxşı… biz istini sevirk, biz istini sevirik...
-Yox ,yox, balalarım, bu istidə çölə çıxmaq olmaz. Gün batanı gözləyək, axı gün vurar bizi.
Bala dovşan ağlamsındı:
- Eee…ay ana, darıxıram, gedək, gedək...
- Dedim ki, olmaz, mənim gözəl balalarım, gün batsın, həm talada top oynayarıq, həm təmiz hava alarıq.
Balalardan biri ananın bu sözləri ilə ürəyində razılaşmadı və onun başının işə-gücə qarışmasını gözlədi. Çölə qaçıb oynamaq istəyirdi. Az keçmədi ki, istəyinə nail oldu. O, gizlicə çölə qaçdı.
Günün altında ora- bura qaçıb tullanır, sevinirdi. Yaxınlıqdakı bostana tərəf qaçdı. İstəyirdi bostandakı ləklərdən bir -iki kök çıxarda. Çünki çox acmışdı. Elə təzəcə ləklərin arası ilə gedirdi ki, nəhəng itin mırıltısını eşitdi:
-Mır…mır…mır… icazəsiz bostana girmisən?
-Mən… mən bir dənə kök istəyirəm.
-Bu istidə nolub, acmısan?
-Hə bərk acmışam.
-Olmaz, bostaçı icazə verməz.
-Nə biləcək? Nolar ver. Bir köklə kasıb düşməyəcək ki. Bax nə qədər kök var, çox acmışam həm də.
-Yaxşı, bir kök verirəm, amma tez get evə, gün vuracaq başın ağrıyacaq, halsız olacaqsan.
Doğurdan da bala dovşanı gün vurmuşdu.O, itin ona uzatdığı bir kökü altı kök görürdü:
-Yox e… yox, altı kök istəmirəm biri bəsimdi.
İtin qəhqəhəsinə bostandakı bütün bitkilər silkələndi:
-Nə altı? Ha..ha..ha..gün vurub e… səni, bir kökü altı görursən.
Bala dovşan yaxınlaşıb əli ilə yoxladı:
-Doğurdan e.. bu, bir dənədi. Ay aman, məni gün vurub!- deyib evlərinə qaçdı.
Evlərinə yaxınlaşanda anasını və qardaşlarının həyəcanla onu axtardığını görüb çox məyus halda:
-Ana bir daha sözündən çıxmayacağam. Məni bağışla, sən düz deyirsən, hava çox istidi. Bu istidə gəzmək olmaz.
Ana həyəcanla balasını qucağına aldı. Onun hərarət dolu bədənini hiss edib kədərləndi:
-Bax hərarətin var.
- Hə, ana, söz verirəm bir də sözündən çıxmayacağam. Böyüyün sözünə baxmayan ziyan çəkər...
Ana dovşan balasını sərin otağa apardı. Ona tez bir stəkan soyuq su verdi. Üzünü sərin su ilə yudu, həmçinin ayaqlarıını sərin suya qoydu. Bala dovşan yavaş-yavaş özünə gəlirdi və ürəyində hey özünü danlayırdı.
Fikriniz
0
0