Biri var idi, biri yox idi. Qarlı təpələri...
Salatının 5 yaşı var idi. Onun adını bağçaya yazdırsalar da, hey şıltaqlıq edir, heç cür bağçaya getmək istəmirdi.
-Salatın, bağça elə maraqlıdı ki, orada çoxlu dostların olacaq.
-Yox istəmirəm.
-Elə maraqlı məşğələlər keçəcəksiz ki. Müəllimə sizə plastilin verəcək. Nə istəsən düzəldərsən.
Salatın tez qaçıb şkafdan plastilinləri götürüb stolun üstünə tökdü:
-Bağçanı istəmirəm, özümün plastilinlərim var.
-Axı orada dostlarınla bir yerdə düzəldəcəksən.
-İstəmirəm, çünki o dostları axı heç tanımıram.
-Tanış olacaqsan, onları çox sevəcəksən.
-Ay ana, istəmirəm də.
-Bağçada musiqi dərsi də var. Sən rəqs etməyi, mahnı oxumağı sevirsən.
-Yox, ana, getmirəm
Günlər bir-birini əvəz edir, valideynləri Salatını heç cür yola gətirə bilmirdilər.
Bir səhər anası Salatına dedi:
-Ağıllı balam, dur, hazırlaş gedirik bağçaya. Gedək tanış olaq, əgər xoşun gəlməsə, səni məcbur bağçaya qoyan deyiləm.
Salatın razılaşdı. Yol boyu hey deyirdi:
-Ana birdən məni qoyub gələrsən ha.
-Yox qızım, dedim ki, hələ tanışlıq üçün gedirik.
Onlar bağçaya çatdılar. Ucaboylu yaşıl ağaclar, güllər göz oxşayırdı. Bağçanın həyəti sanki gözəl bir park idi.
-Ana, karusel də var?
-Hə karusel də var, cürbəcür yelləncəklər var. Özüyeriyən oyuncaq atlara bax.
-Ana, nə qəşəng bağçadı.
-Çox gözəl bağçadı. Uşaqlar üçün hər şərait var.
Salatın elə şən əhval-ruhiyyəyə düşmüşdü ki, bilmirdi hansı tərəfə baxsın. Onlar bağçanın binasına daxil olub işıqlı dəhlizlə qrup otağına getdilər. Qapını döyüb gözlədilər. Mehriban simalı bir müəllimə qapını açdı. Gülərüz baxışları ilə Salatını süzüb dedi:
-Xoş gəlmisiz.
-Müəllimə, gəlmişik qrupla tanış olaq.
Müəllimə çox sevindi:
-Salatın, gəl-gəl gör nə gözəl dostların var.
Salatın uşaqlara baxdı. Onların şən çöhrəsi Salatına xoş gəldi. Uşaqların əllərində rəngbərəng həndəsi fiqurlar var idi. Salatın anasına dedi:
-Ana, elə bu gündən bağçada qalmaq istəyirəm. İndi, elə indi istəyirəm.
Ana çox sevindi:
-Bilirdim ki, bağça xoşuna gələcək.
Salatın anası ilə görüşüb ayrıldı. Müəllimə onu uşaqlarla tanış etdi. Əsmər, Aylin, Fuad, Yusif və digər uşaqlar Salatını dövrəyə aldılar. Salatın elə sevinirdi ki. Qrupda gözəl oyuncaqlar guşəsi vardı. Kukla teatrı üçün balaca səhnədə tülkü ilə xoruz şirin-şirin söhbət edirdilər. Salatın isə uşaqlarla əl çalıb gülürdü. Uşaqların şən səsi pəncərədən çölə axıb güllü-çiçəkli həyətə özgə bir sevinc qatırdı.
Fikriniz
0
0