Sosial işin predmeti, obyekti və subyekti

 

Sosial iş sosial funksiyalaşmanın pozulması şəraitində fərdin, ailənin yaxud sosial birliyin daxili və xarici resurslarının istifadə edilməsinin qanuna uyğunluqlarını araşdıran elmdir. Sosial iş bir ixtisas kimi əhalinin sosial problemli təbəqəsinin maraqları və sosial rifahı uğrunda mərumiyyətlərlə mübarizə aparır və yaxşılaşması istiqamətində müvəkkillik edir. Sosial iş haqqında bütün bu yazdıqlarımızı ümumiləşdirsək bir çox sosial iş təqdiqatçılarınında razılaşdığı belə bir tezis ortaya çıxır. Sosial iş elə bir peşədir ki, o, insanların rifahı üçün sosial dəyişikliklər edir, insanlar arasındakı münasibətlərdə problemləri həll edir və insanların rifahını yüksəltmək üçün onları daxili güclərinə, öz daxili potensiallarına arxalanmağa yönəldir.

Ümumiyyətlə, Beynəlxalq Sosial İşçilər Federasiyasının “sosial iş” ifadəsinə verdiyi tərifə baxsaq görərik ki, müxtəlif illərdə müxtəlif təriflər vermişdir. Bu da sosial işin bir elm kimi yaranması, digər fundamental elmlərlə müqayisədə daha yeni tarixə malik olması ilə əlaqədardır. İndi isə Beynəlxalq Sosial İşçilər Federasiyasının “sosial iş” ifadəsinə verdiyi təriflərə nəzər salaq:

1957-ci il: Sosial iş, insanların və qrupların cəmiyyətə daha yaxşı uyğunlaşmaları üçün göstərilən köməyin sistematik bir yoludur. Sosial işçi, cəmiyyətə dəyişiklik gətirmək məqsədinə kömək etmək üçün müştərilərin daxili resurslarını və lazım gələrsə, kənar stimullarını təkmilləşdirməkdə onlarla birgə işləyir. Belə ki, sosial iş, cəmiyyətdə daha böyük harmoniya yaratmaq məqsədinə töhfə verməyə çalışır. Digər peşələr kimi, sosial iş də, mütəxəssis biliyinə, habelə müəyyən prinsip və bacarıqlara əsaslanır. [2]

2000-ci il: "Sosial iş, rifahı artırmaq üçün sosial dəyişikliyi, insan münasibətlərində problemlərin həllini, habelə insanların səlahiyyət və azadlıqlarını dəstəkləyir. Insan davranışı və sosial sistemlərlə bağlı nəzəriyyələrdən istifadə edərək sosial iş, insanların ətraf mühitlə qarşılıqlı əlaqədə olduğu məqamlara müdaxilə edir. İnsan haqları və sosial ədalət prinsipləri sosial işin əsasını təşkil edir. [2]

2014-ci il: "Sosial iş, təcrübəyə, o cümlədən sosial dəyişikliyi və inkişafı, sosial birliyi, habelə insanların səlahiyyət və azadlıqlarını dəstəkləyən akademik tədrisə əsaslanan bir peşədir. Insan haqları, sosial ədalət, kollektiv məsuliyyət, eləcə də müxtəlifliyə hörmət prinsipləri, sosial işin mərkəzində dayanır. Sosial iş və sosial elmlərlə bağlı nəzəriyyələrin, habelə humanitar və instinktiv biliyin dəstəklədiyi sosial iş, insanlarla, habelə həyat problemlərinin həllinə və rifahın artırılmasına ünvanlanan strukturlarla məşğul olur. [3]

Sosial iş eyni zamanda da insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir. Bu peşədə fəaliyyət göstərən peşə sahibləri də sosial işçilər adlanır. Sosial iş sahəsində bir sıra fundamental əsərlərə imza atmış Bredford Şifor və Çarlz Horejsinin (2005) verdikləri tərifə əsasən sosial işçi:

  • Əsaslı peşə hazırlığına malikdir (müvafiq sahə üzrə bilik və bacarıqlara malik olan, peşəsinin tələbinə uyğun olaraq etik normaları dərindən bilən və onları böyük ustalıqla iş prosesində tətbiq etməyi bacaran)
  • Əsasən əhalinin zəif müdafiə olunmuş təbəqələrinə (uşaqlar, ailələr, yaşlılar, əlillər, azlıqlar) özlərini, ətraflarındakı şəxsləri və sosial müəssisələri dəyişməyə istiqamətlənmiş Spesifik xidmətləri göstərir.
  • İnsanlara sosial ehtiyacları qarşılamağa və mövcud çətinlikləri aradan qaldırmağa yardım edir ki, onlar maksimum səviyyədə yaxşı həyat tərzi sürə bilsinlər və cəmiyyət üçün faydalı şəxslər olsunlar. [1, s. 37]

Beynəlxalq sosial işçilər Federasiyasının sosial işə verdiyi tərifdən çıxış edərək deyə bilərik ki, sosial iş peşəsi:

  • sosial dəyişiklikləri, insanlar arasında münasibətlərdə problemlərin həll edilməsinin rifahı və yaxşılaşdırmaq məqsədilə insanlara səlahiyyətlərin ve sərbəstliyin verilməsini təbliğ edir;
  • insanların davranışları nəzəriyyələrindən və sosial sistemlərdən istifadə etməklə, sosial iş insanların öz mühiti ilə münasibətlərinə müdaxilə edir;
  • insan hüquqları və sosial ədalət prinsipləri sosial iş üçün böyük əhəmiyyət kəsb edir.

Sosial işi daha yaxşı dərk etmək üçün onun predmeti, obyekti və subyektini də nəzərdən keçirmək əsas şərtlərdən biridir. Sosial işin predmeti fərdin, ailənin yaxud lokal sosiumun cəmiyyətlə qarşılıqlı münasibətlərinin pozulması və bərpa edilməsi həmçinin idarə edilməsi qanunauyğunluqlarını öyrənməkdir. Sosial iş anlayışları 2 kateqoriyada nəzərdən keçirir:

  • Fənnlərarası kateqoriyalarda (məsələn-məqsəd, benefisiar, kömək, dövlət, sağlamlıq, hüquqi status, büdccə, ailə və s.)
  • Xüsusi kateqoriyalarda (çətin həyat şəraiti, sosial iş, sosial müdafiə, sosial kömək, sosial təminast, sosial xidmət)

Sosial iş obyektləri – sosial iş təcrübəsi vasitəsilə sosial problemlərinin həll edilməsinə, sosial  yardıma və dəstəyə ehtiyacı olan insan, sosial qrup və ya birliklər hesab olunur. Sosial iş obyektlərinin fərqli cəhəti çətin həyat şəraitinin  olmasıdır.

Çətin həyat şəraiti insanın ətrafdakılarla sosial əlaqələrini və normal həyat fəaliyyətini obyektiv surətdə pozan, insan tərəfindən subyektiv olaraq bunu “çətin”, sosial xidmətlərin dəstəyini və yardımını tələb edən bir situasiya  kimi qəbul etdiyi  şərait nəzərdə tutulur. Çətin həyat şəraiti anlayışına aid olan nümunələr aşağıdakıları misal gətirə bilərik:

  • Əlillik (anadangəlmə, xəstəlik, travma nəticəsində orqanizmin funksiyalarının dayanıqlı pozulması);
  • Qocalıq, xəstəlik səbəbindən özünəxidmət bacarıqlarının itirilməsi (yerimək, məişət və gigiyenik prosedurlarının yerinə yetirilməsində çətinlik çəkmək);
  • kimsəsizlik  (18 yaşına çatmayan uşaqların valideynlərinin vəfatı nəticəsində);
  • baxımsızlıq (valideynlərin etinasızlığı, öz funksiyalarının yerinə yetirməməsi, uşağın ailəsi ilə əlaqələrinin tam qırılma təhlükəsi);
  • aztəminatlılıq (həyati və sosial ehtiyacların ödənilməsi üçün maddi resursların çatmamazlığı);
  • işsizlik (müxtəlif səbəblərdən əmək qabiliyyətli insanların işinin və gəlirlərinin olmaması);
  • müəyyən yaşayış yerinin olmaması (faktiki olaraq sosial cəhətdən münasib evinin, maddi imkanlarının olmaması, səfillik, müəyyən səmərəli məşğuliyyətinin olmaması);
  • münaqişəli və qəddar davranışlı ailə (ər-arvad, uşaq-valideyn arasında çətin həll olunan ziddiyyətlər səbəbindən yaranan mübahisələr, emosional gərginlik);
  • fiziki, psixi (emosional) və seksual (cinsi) zorakılıq;
  • tənhalıq (şəxsiyyətin daxili dünyasında və münasibətlərində olan əlaqələrin qırılmasının göstəricisi olan subyektiv halı)
  • alkoqol və narkotik vasitələrdən alüdəçilik.

Sosial işin obyektlərin təsnifatı aşağıdakı kimidir:

Sağlamlıq – səhhəti həyati problemləri özbaşına həll etməyə imkan verməyən əhali qrupları:

  • əlilliyi olanlar (böyüklər, uşaqlar)
  • əlilliyi olan uşaqlı ailələr
  • şüalanmaya məruz qalmış şəxslər
  • Psixoloji çətinlikləri, stres vəziyyətində, sui-qəsdə meylli olan böyüklər və uşaqlar;

Ekstremal sosial şəraitdə xidmət edən və işləyən əhali qrupları:

  • bu qrupa Böyük Vətən müharibəsi iştirakçıları və onlara bərabər hesab edilən şəxslər, arxa cəbhədə fədakar işləyənlər (yaşa və sağlamlıq vəziyyətinə görə həyat şəraitləri daha da ağır olan), müharibədə həlak olmuş və müharibədən sonra vəfat etmiş hərbi qulluqçuların dul arvadlarına və analarına, yetkinlik yaşına çatmamış əsir olmuş şəxslər;

Ahıllıq, pensiya yaşında olması səbəbindən çətin həyat şəraitinə düşmüş əhali qrupları:

  • Bunlar tənha ahıl şəxslər və ya təqaüdçülərdən ibarət ailələrdir (yaşa görə, əlilliyə görə və s. görə çətin həyat şəraitində yaşayanlar);

Müxtəlif forma və növlərdə təzahür edən deviant davranışlı əhali qrupları:

  • deviant davranışlı uşaqlar və yeniyetmələr aiddir;
  • zorakılığa və qəddarlığa məruz qalmış uşaqlar;
  • sağlamlığı və inkişafı üçün təhlükəli vəziyyətdə olan uşaqlar;
  • azadlıqdan məhrumetmə, xüsusi təlim-tərbiyyə müəssisələrindən    qayıtmış  şəxslər;
  • ailə üzvlərindən içki və ya narkotik maddələr aludəçisi olan  ailələr;

Müxtəlif  kateqoriyalara aid ailələrin çətin,  uğursuz vəziyyətli əhali qrupları:

  • valideynlərini itirmiş və  ya valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərən ailələr;
  • imkansız ailələr;
  • çoxuşaqlı ailələr;
  • natamam ailələr;
  • yetkinlik yaşına çatmayan valideynlərdən ibarət ailələr;
  • gənc ailələr;
  • boşanma ərəfəsində olan ailələr;
  • uğursuz psixoloji mühiti olan, münaqişəli, pedaqoji cəhətdən kamil olmayan valideynli ailələr;
  • müstəqil yaşayan uşaq evlərinin və internat evlərinin məzunları (onların maddi cəhətdən asılılığı aradan qaldırılana və sosial yetkinliyə çatanadək);
  • baxımsız uşaqlar və yeniyetmələr;
  • hamilə qadınlar, südəmər uşağı olan və analıq məzuniyyətində    olan analar;
  • müəyyən yaşayış yeri olmayan, qeydiyyata alınmış qaçqınlar və məcburi  köçkünlər;
  • miqrantlar;
  • Siyasi repressiyalara məruz qalmış və sonradan bəraət qazanmış insanlar;

Sosial işin  subyekti- sosial yardıma və sosial iş sistemində dəstəyə  ehtiyacı olan insanların problemlərini həll edən şəxs, sosial qrup və ya digər birlikdir. Sosial iş subyekti dedikdə bir məqamı yadda saxlamaq vacibdir: onların arasında əsasən sosial işin təşkili ilə məşğul olanlar (onları təşkilatçı və ya idarəedən adlandırmaq olar),  həmçinin   bilavasitə sosial yardım göstərən də vardır. Bunları şərti olaraq praktiki sosial işçilər adlandırmaq olar.

Sosial iş subyektlərinin təsnifatı aşağıdakı kimidir:

  • Dövlət və dövlət strukturları – müxtəlif səviyyələrdə qanunverici, icra,    məhkəmə orqanları. Bu strukturda xüsusi rolu Səhiyyə və Sosial Müdafiə Nazirliyi  və onun nəzdindəki regional səviyyədə sosial iş idarələri oynayır;
  • Müxtəlif növ sosial xidmətlər
  • Ailə və uşaqlara sosial yardım göstərən mərkəzlər;
  • Yetkinlik yaşına çatmayanlara sosial-reabilitasiya mərkəzləri;
  • Valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək mərkəzləri
  • Uşaq və yeniyetmələr üçün reabilitasiya mərkəzləri
  • Əhaliyə psixoloji dəstək göstərən mərkəzlər
  • Telefonla təcili psixoloji yardım göstərən mərkəzlərində işləyənlər.
  • Dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin, ali təhsil müəssisələrinin və s. və onların şöbələrində işləyənlər;
  • İctimai, xeyriyyə və digər təşkilat və müəssisələrdə işləyənlər;
  • Müəllimlər, həmçinin bilik və bacarıqları aşılayan     tələbələrin  təcrübə rəhbərləri, praktiki sosial işçilər və müxtəlif təşkilatlarda,  müəssisələrdə, sosial sfera sahələrində  tələbələrin istehsalat  təcrübəsini keçməkdə köməklik edən digər işçilər;

Sosial işin subyektlərini təşkil edən sosial işçilər 2 xüsusi qrupda təsnifatlandırmaq olar:

  • Sosial işin tədqiqatçıları: Elmi işçilər müxtəlif metodlardan istifadə edərək sosial işin səviyyəsini analiz edirlər, elmi proqramlar işləyib hazırlayırlar, bu sahədə mövcud olan və yaranmaqda olan yeni tendensiyaları fiksasiya edir,  elmi hesabatlar, kitablar, sosial iş problematikasına aid məqalələr dərc edirlər.
  • Praktiki sosial işlə peşəkar insanlar və ictimai əsaslarla çalışanlar: Onları iki qrupa bölmək olar: təşkilatçı-idarə edənlər və icraçılar, bilavasitə yardım edən, dəstək göstərən, öncə qeyd etdiyimiz sosial iş obyektləri nümayəndələrinin, yəni kliyentlərin sosial müdafiəsini təmin edən praktiki sosial işçilər.

Yuxarıda yazılanları nəzərə alaraq deyə bilərik ki, sosial iş peşəsinin əsasında insanların məhz sosial varlıq kimi dərk və qəbul edilməsi durur. Sosial iş peşəsinin əsasında duran əsas məqam məhz insanlar arasında olan qarşılıqlı asılılıqdır, sosial münasibətlərə əsaslanan bu peşə insanlara bu münasibətlərin və əlaqələrin keyfiyyətinin təkmilləşdirilməsində yardım edir, insanların sosial fəaliyyətinin artırır.

Sosial işin subyektlərinə əsas fəaliyyət sahələrini ümumiləşdirsək:

  • Dövlət strukturları
  • Tibbi qayğı müəssisələri
  • Ailə və uşaq rifahı mərkəzləri
  • Reabilitasiya mərkəzləri
  • Tərbiyə müəssisələri
  • İctimai, xeyriyyə və digər təşkilat və müəssisələr
  • Təhsil müəssisələri

təşkil etdiyini deyə bilərik.

Sosial işin obyektlərinə əsasən sosial işçinin çalışdığı qrupları ümumiləşdirərək:

  • Valideyn himayəsindən məhrum olmuş uşaqlar
  • Ahıllar
  • Küçə uşaqları
  • Qanunla münaqişədə olan insanlar
  • Tək valideynlər
  • Əlilliyi olan insanlar
  • Qaçqın və məcburi köçkünlər
  • Təbii fəlakət qurbanları
  • Zorakılığa (ailə, məişət, fiziki, cinsi) məruz almış insanlar və s.
  • Miqrantları

qeyd edə bilərik.

 

Ədəbiyyat

  1. Bradford W. Sheafor Charles J. Horejsi. Sosyal Hizmet Uygulamasi. NİKA YAYINEVİ Jan 1, 2014, s. 688.
  2. https://www.ifsw.org/sosyal-hizmet-nedir/
  3. https://www.ifsw.org/what-is-social-work/global-definition-of-social-work/