Anadangəlmə hipotireoz

Hipotireoz – qalxanabənzər vəzin hormonlarının sekresiyasının zəifləməsi və ya funksiyasının tam itirilməsi ilə gedən xəstəlikdir. 

Hipotireozun aşağıdakı formaları var:

  • Birincili hipotireoz – qalxanabənzər vəzin patoloqiyası ilə bağlı (95%) 

  • İkincili hipotireoz – hipofizin patoloqiyası ilə bağlı

  • Üçüncülü hipotireoz – hipotalamus patoloqiyası ilə bağlı

  • Tireoid hormonlara həssaslığın zəifləməsi və ya olmaması

Genezisinə görə: anadangəlmə və qazanılma olur.

Bütün hüceyrələrin aktiv metabolizmi üçün qalxanvari vəzin hormonları vacibdir. Ona görə onun çatışmazlığı zamanı bütün orqan və sistemlərin fəaliyyəti zəifləyir.

Anadangəlmə hipotireoz yenidoğulmuşlar arasında 1:3500-4000 nisbətində rast gəlinir. Bu çox ciddi bir göstəricidir. Belə ki, anadangəlmə hipotireoz diaqnozunu gec qoyub və müalicəyə gec başlayanda uşaqlarda ciddi əqli gerilik inkişaf edir. Halbuki vaxtında müalicəsinə başlanılan uşaqlar öz yaşıdlarından nə əqli, nə fiziki inkişafdan geri qalır. 

Bəzi ölkələrdə xəstəliyi erkən aşkar etmək üçün yenidoğulmuşlarda skrininq test aparılır. Anadangəlmə hipotireoz zamanı tireoid hormonlarının çatışmazlığı beyin differensiasiyasının pozulmasına, neyronların sayının artmamasına, sinir liflərinin mielinizasiyasının pozulmasına gətirib çıxarır. Müalicə ilk gündən başlamalıdır. Gec başlandıqda (4-6 həftəlikdən sonra) bu dəyişikliklər geridönməz olur. Klinikada əsasən ön planda fiziki, əqli və cinsi inkişafın ləngiməsi özünü büruzə verir. Xəstəlik nə qədər erkən başlasa, bu əlamətlər bir o qədər kəskin olur. Yenidogulma dövründə bəzi əlamətlərə diqqət yetirmək bu diaqnozun erkən qoyulmasina imkan verir. Bu uşaqlar artıq çəki ilə doğulurlar, fizioloji sarılıq uzun müddət davam edir, iştahı zəif, udma aktı çətin olur, qəbizlik, yuxululuq müşahidə edilir, qarınları böyük olur, əksər halda göbək yırtığı müşahidə olunur, uşaqların səsi zəif çıxır və ya ağlamırlar, dili çöldə olur. 

Bu kimi əlamətlər pediatrlara hipotireozdan şübhələnməyə və əlavə müayinələrin aparılmasına bir işarədir. Hamiləliyin ilk 12 həftəsində döl ananın qalxanvari vəzindən asılıdır. Yalnız 12-ci həftədən sonra dölün qalxanvari vəzi özü hormon ifrazına başlayır. Bu səbəbdən analar hamiləliyi planlayan zaman və hamiləlik dönəmində mütləq qalxanvari vəzin hormonlarının səviyyəsini yoxlatdırmalıdırlar . Zamanında başlamış hormonal terapiya uşağı əlillikdən qoruyur.          

Mənbələr

  1. https://pubmed.ncbi.nlm.nih.gov  

  2. https://www.thelancet.com/journals/landia/home