Valideynlərlə sosail iş

Sosial iş – ikitərəfli prosesdir. Sosial işçi mütləq istifadəçinin resurslarına əsaslanmalıdır, onu öz problemini özü həll etməyə  həvəsləndirməli və təşkil etməlidir.

Ailələrlə sosial işin müxtəlif nəzəri istiqamətləri var. Bəziləri ailə terapiyası adlanır, digərləri ailələrlə sosial iş konsepsiyasını  istifadə edir.  Bu sahədə müxtəlif məktəblər də mövcuddur: bəziləri qısamüddətli müdaxilələr prinsipinin  tərəfdarıdır. Bu zaman onlar ailədə olan problemə yox, əsasən ailənin öz resurslarına fokuslaşırlar.  Digərləri -  uzunmüddətli qayğı/terapiyaya, ailənin tarixinə, münasibətlərində olan gərginlikləri aradan qaldırmağa üstünlük verir. Ailədə yaranan  çətin situasiyadan çıxarılmasında digər bir yanaşma da var – gündəlik situasiyalarda praktiki yardımın göstərilməsi. Məsələn, əgər ailədə valideynlərin uşağa göstərdiyi qayğı  alkoqolizm, şəxsiyyət kimi yetərincə inkişaf etməməsi, psixi xəstəliklər, qəddar rəftar  və s. səbəblərdən lazımi səviyyədə deyilsə, peşəkar sosial işçi bu evdə uzun müddət ərzində işləyə bilər. Bu müddət ərzində sosial işçi hətta həmin uşaq uçün tam güvəndiyi bir böyük  də ola bilər. Eyni zamanda sosial işçi valideynlər üçün uşağa normal qayğı göstərmə nümunəsi ola  bilər. Bununla da sosial işçi valideynlərə  uşağı tərbiyə etmək bacarıqlarını, uşağın  sağlam böyüməsinə və inkişaf etməsinə yönəlmiş davranış normalarını inkişaf etdirməyə köməklik edir.

Ənənəvi olaraq əsas  tərbiyə institutu ailədir. Uşaqlıq dövründə ailəsində nə qazanırsa  uşaq  onu bütün gələcək həyatı boyu qoruyub-saxlayır. Ailədə uşağın şəxsiyyət kimi formalaşmasının əsasları qoyulur, və məktəbə getmək yaşına çatanda o artıq  demək olar yarıya qədər şəxsiyyət kimi formalaşmış olur.

Ailə tərbiyənin  həm müsbət,  həm də mənfi faktoru ola bilər. Uşağa müsbət təsiri ondan ibarətdir  ki, heç kim uşağı onun ən yaxın insanları - anası, atası, bacısı, qardaşı, nənəsi, babası qədər sevmir və qayğı göstərmir. Amma bununla yanaşı, heç bir digər sosial institut uşağın tərbiyəsinə potensial olaraq ailənin  vura  biləcəyi qədər zərər vura bilməz.

Ailə - tərbiyədə əsas, uzunmüddətli  və ən  vacib rol oynayan  xüsusi bir kollektivdir.  Həddindən artıq həyəcanlı ananın həyəcanlı uşaqları  böyüyür;   hökmran valideynlər övladlarına  o qədər təzyiq göstərirlər ki, onlarda  özünəinamsızlıq yaranır;  Səbirsiz, təmkinsiz  ata özü də bilmədən bu tip davranışı öz övladında da formalaşdırır və s. 

Ailə tərbiyəsinin xüsusi rolunu nəzərə alaraq bir suala cavab tapmalıyıq: necə edək ki, ailənin uşağın tərbiyəsində müsbət təsirlərini maksimuma çatdıraq, mənfi təsirlərini isə minimuma endirək.

Ailənin uşağa təsirinin  intensivliyinə və nəticə etbariliyinə görə unikaldır. Çünki bu təsir fasiləsizdir, eyni zamanda şəxsiyyətin formalaşmasına hərtərəfli təsir göstərir, illər boyu davam edir, həmçinin davamlı kontaktklara və valideynlərlə övladları arasında olan  emosional münasibətlərə əsaslanır. Ailədə övladlara yaşlı nəslin həyat təcrübəsi, mədəniyyət səviyyəsi və davranış tərzi ötürülür. Ailədəki şərait, o cümlədən ailənin sosial vəziyyəti, məşğuliyyəti, maddi durumu, valideynlərin savadlılıq səviyyəsi uşağın gələcək həyat yolunu müəyyənləşdirir. 

Şüurlu, məqsədyönlü tərbiyə ilə yanaşı uşağa  ailədaxili mühit də təsir göstərir. Bu təsirin effekti illər boyu  toplanır və istənilən yaşda uşaqların psixoloji və sosioloji   davranış aspektlərində özünü biruzə verir. Düzdür, bu təsirlərin xarakteri bir qədər dəyişilmişdir: məsələn, əgər keçmiş illərdə uşağın təhsil müddəti və müvəffəqiyyətliliyi ailənin maddi vəziyyətindən asılı idisə, indi daha çox valideynlərin savadlı olması təsir göstərir, yəni ali savadlı valideynlərin uşaqları daha yaxşı oxuyur.

Savaddan əlavə övladların gələcək taleyinə ailənin tərkibi və ailədaxili münasibətlərin xarakteri də təsir edir.

Valideynlər tərəfindən övladlarına təsir göstərməyin bir neçə  psixoloji mexanizmləri mövcuddur:

Birincisi, möhkəmləndirmə: valideynin düzgün hesab etdiyi davranışı rəğbətləndirərək və qoyulmuş qaydaları pozduqda cəzalandıraraq, valideynlər uşaqlarının şüuruna müəyyən normalar sistemi yeridirlər və  bu normalara əməl etmək uşaqlar üçün tədricən adət halını alır və daxili tələbata çevrilir.

İkincisi, eyniləşdirmə:  uşaq  valideynini təqlid edir, onlardan gördüyü nümunəyə görə hərəkət edir, onlar kimi olmaq istəyir.

Üçüncüsü,  anlama:  uşağın daxili dünyasına bələd olmaqla, onun problemlərinə həssaslıqla yanaşmaqla valideyn övladının düşüncəsini və kommunikativ  (ünsiyyət qurma)  xüsusiyyətlərini  formalaşdırır.

Ailə  tərbiyəsinin  aşağıdakı  prinsipləri  ayırd edilir:

  • məqsəd qoyma
  • tərbiyənin sosial yönümlülüyü
  • tərbiyənin real həyatla əlaqəsi
  • tərbiyə prosesinin planlaşdırılması  və  proqnozlaşdırılması
  • ailə və ictimai tərbiyənin vəhdəti
  • tərbiyə prosesinin dinamikliyi və dominantlığı
  • müsbət  emosional fon
  • uşağın şəxsiyyət kimi inkişafının xüsusiyyətləri və imkanlarının nəzərə alınması
  • tərbiyə pozisiyasında vahid tələblərin qoyulması
  • tərbiyələndirilənin (uşağın)  fəaliyyətlərə cəlb olunması.

Ailə  tərbiyəsində  istifadə  edilən  metodlar:

  • Inandırma
  • tərbiyələndiriləndə düşüncəliliyin inkişafı, dünyagörüşünün , baxışlarının  və  müstəqil düşüncənin  formaşlaşmasına dəstək göstərmək;
  • həyat fəaliyyətinin təşkili- böyüklər tərəfindən uşağın normal fiziki, sosial və mənəvi cəhətdən inkişaf etməsi üçün optimal şəraitin (sosial, məişət, sanitar-gigiyenik, ailədəki mənəvi və əmək atmosferi, valideynlərin savadlılıq səviyyəsi) yaradılması.
  • korreksiya – pedaqoji üsulların köməyi ilə uşağın arzuolunmaz hərəkətlərini, davranışlarını düzəltmək;
  • mükafatlandırma və cəzalandırma – pedaqoji stimullaşdırma üsulu kimi uşağı ictimai-faydalı fəaliyyətə yönləndirir və arzuolunmaz hərəkətlərdən, əməllərdən əngəlləyr.

Ailə  tərbiyəsində  istifadə  edilən  metodlar:

  • Inandırma
  • tərbiyələndiriləndə düşüncəliliyin inkişafı, dünyagörüşünün , baxışlarının  və  müstəqil düşüncənin  formaşlaşmasına dəstək göstərmək;
  • həyat fəaliyyətinin təşkili- böyüklər tərəfindən uşağın normal fiziki, sosial və mənəvi cəhətdən inkişaf etməsi üçün optimal şəraitin (sosial, məişət, sanitar-gigiyenik, ailədəki mənəvi və əmək atmosferi, valideynlərin savadlılıq səviyyəsi) yaradılması.
  • korreksiya – pedaqoji üsulların köməyi ilə uşağın arzuolunmaz hərəkətlərini, davranışlarını düzəltmək;
  • mükafatlandırma və cəzalandırma – pedaqoji stimullaşdırma üsulu kimi uşağı ictimai-faydalı fəaliyyətə yönləndirir və arzuolunmaz hərəkətlərdən, əməllərdən əngəlləyr.

Uşağın adekvat və qeyri-adekvat davranışı ailədə olan  tərbiyə şəraitindən asılıdır.

Qeyri-adekvat davranış   -  Özünü çox aşağı dəyərləndirən uşaqlar öz-özündən narazı olurlar.  Belə hallar uşağın valideynlər tərəfindən daima danlanması, pisləməsi zamanı və ya uşağın qarşısına öhdəsindən gələ bilmədiyi tələblər qoyduqda baş verir. Bu zaman uşaq hiss edir ki, valideynlərinin tələblərinə uyğun gəlmir. Uşağı həddindən çox təriflədikdə, cüzi bir müvəffəqiyyətə görə mükafatlandırdıqda da uşağın davranışında qeyri-adekvatlıq yarana bilər. Bu ailədə uşaq cəzalandırılmır, onun qarşısına qoyulan tələblər çox yüngül olur.

Adekvatlıq – çevik cəza və tərif sisteminin olmasını tələb edir. Uşağı yanında tərifləmək, heyrətlənmək olmaz. Yaxşı hərəkətlərə görə az  hallarda mükafatlandırmaq olar. Son dərəcə ciddi, qəddar cəzalandırmaya yol vermək olmaz.

Özünü yüksək dəyərləndirən uşaqlı ailələrdə (şişirdilmiş yox) uşağa göstərilən diqqət və qayğı kifayət qədər ciddilik, tələbkarlıqla ahəngdarlıq təşkil edir. Burada uşağın şəxsiyyətini alçaldan cəzalara yol verilmir, layiq olduqda isə onu həvəslə tərifləyirlər.

Özünü az dəyərləndirən uşaqlar (çox aşağı dəyərləndirmə şərt deyil) ailədə geniş azadlıq verilməsinə baxmayaraq,  bu azadlıq əslində valideynlərin həm uşağa, həm də  bir-birlərinə qarşı nəzarətsizliyi, etinasızlığıdır.

A.Bolduin tərbiyə təcrübəsində 2 tərz ayırd edir: demokratik və nəzarətdə saxlayan.

Demokratik tərzin parametrləri: valideynlərlə uşaq arasında yüksək səviyyədə verbal ünsiyyət; ailə problemlərinin müzakirəsinə uşağı cəlb etmə; valideynlərin həmişə uşağın köməyinə gəlməyə hazır olması. Demokratik tərbiyə tərzi olan ailələrdə uşaqlarda  bir qədər liderliyə, aqressivliyə, digər uşaqlara nəzarət etmək meyilliliyi olur, lakin özləri  kənardan nəzarətə tabe olmaq istəmirlər; buna baxmayaraq onlara altruizm, empatiya  xas  deyildir.

Nəzarətdə saxlayan tərzin parametrləri: valideynlər tərəfindən uşaqlara çoxlu sayda qadağaların qoyulması və bu  qadağaların səbəblərinin aydın şəkildə uşağa izah edilməsi, məhdudiyyətlərə görə valideynlərlə uşaq arasında ziddiyyətin, fikir ayrılığının yaranmaması. Bu tip tərbiyə olunmuş uşaqlar sözəbaxan, qorxaq, mülayim olurlar.

Qarışıq tipli tərbiyə alan uşaqlar aqressivliyi, biliyə həvəsi, təfəkkürü, fantaziyası  olmayan uşaq kimi böyüyür.

Rusiya pedaqoqları valideyn tərbiyəsinin 3 tipini ayırd edirlər:  səhlənkar (iberal), avtoritar (hökmran) və demokratik.

Səhlənkar (liberal) tip – bu tipdə ailə üzvlərinin bir-birinə qarşı laqeyd, bir-birilərin hisslərinə, işlərinə biganə olması, kənara çərikməsi, ümumiyyətlə  heç bir münasibətlərinin olmaması qeyd olunur.

Digər 2 tip – avtoritar və demokratik tipləri xüsusi bir şkalanın qütblərində yerləşdirmək olar: bir qütbdə - avtoritar:  ailə üzvlərinin bir-birinə qarşı münasibətdə qətilik və saymazlıq, qəddarlıq, aqressiya, hökmranlıq  hökm sürür; Bu zaman böyüklər kiçikləri maksimal dərəcədə özlərinə tabe etməyə çalışır, onların təşəbbüslərinin qarşısını alır, davranışlarını, maraqlarını və hətta arzularını tam nəzarətdə saxlayır, əmrlərinə əməl olunmasını sərt şəkildə tələb edir. Buna kiçiklərin həyatına daimi nəzarət və cəzalandırma vasitəsilə nail olunur. Ünsiyyət ancaq böyüklərdən kiçiyə istiqamətlənir. Avtoritar tip – uşaqları valideynlərindən uzaqlaşdırır, onlarda ailənin arzuolunmayan uşaq olması hissi yaranır. Bəzi valideynlər öz övladlarına  mum və ya gil kimi baxır və onlardan özlərinin istədiyi bir şəxs “yapmağa”  çalışırlar.  Uşaq müqavimət göstərdikdə isə onu cəzalandırırlar, döyürlər, özbaşınalığı “aradan qaldırırlar”.  Belə stil bir tərəfdən uşaqda   intizam və böyüklərin xoşuna gələn davranışlar formalaşdırsada, digər tərəfdən onlarda apatiya və passivliklə yanaşı ətrafdakılara qarşı ədavət, protest və aqressiya doğurur.

Digər qütbdə isə - demokratik tip: əməkdaşlıq, qarşılıqlı yardım, emosiya və hisslər mədəniyyətinin yüksək inkişafı, hər bir ailə üzvünün əsl və tam bərabərhüquqlu olması ilə xarakterizə olunur. Bu tipdə böyüklər kiçiklərlə isti münasibət qurmağa, problemlərin həllinə cəlb etməyə, təşəbbüskarlığa və müstəqilliyə həvəsləndirməyə çalışırlar. Böyüklər müəyyən qaydalar qoyduqda özlərini səhvsiz,yanılmaz hesab etmirlər və tələblərinin motivlərini uşağa izah edirlər, onunla müzakirə edirlər. Uşaqlarda sözə baxma ilə yanaşı onların müstəqil olmasına da üstünlük verirlər.  Avtoritar tərbiyə tipindən fərqli olaraq burada kiçiklərə etibar, təqdir etmə və həvəsləndirmə tərbiyənin əsas üsulları olur. Böyüklərlə kiçiklərin kommunikasiyası ikitərəli xarakterli olur: böyükdən kiçiyə və əksinə, kiçikdən böyüyə. Bu tip tərbiyə uşaqlarda müstəqillik, məsuliyyət, aktivlik, xeyirhaqlıq, mehribanlıq, dözümlülük formalaşdırır.    Reallıqda hər iki tərbiyə tipləri klassik formada nadir hallarda rast gəlinir. Adətən ailələrdə bu və ya digər qütblərə daha yaxın olan kompromis variantlar tətbiq edilir. Bundan əlavə valideynlər də fərqli olur, məsələn, ata – daha avtoritar, ana – demokratik.

Müasir ailələr, ailədaxili münasibətlərin stili  hətta yaxın  keçmişdəki ailələrdən bir çox xüsusiyyətlərinə görə xeyli fərqlənir.  Kişi və qadının sosial rolları sistemində radikal dəyişikliklər baş verir. İndiki ailələrdə valideyn  öhdəliklərinin paylaşdırılması valideynin cinsindən yox, onun individual özəlliklərindən asılı olur.

Bütün dövrlərdə ailədə atanın rolu əvəzedilməz olub. Kişi ailə quranda öz üzərinə böyük bir məsuliyyət götürür - ata olmaq, ailənin dirəyi olmaq. Lakin şəhər tipli həyat tərzi genişləndikcə ailəni idarə etmək funksiyası qadına – anaya, ailənin xanımına keçir,  atanın nüfuzu getdikcə azalır.  Müasir mənzillərdə hər bir məişət şəraiti var və ata ailədən kənarda işlədiyinə görə övladlar onun necə zəhmət çəkdiyini görmürlər, ata oğlanları üçün nümünə ola bilmir. Amma ana ailədən kənarda, istehsalatda işləsə də onun iş günü evdə də davam edir və uşaqlar onun zəhmətini görürlər. Buna rəğmən, ata – ailənin həyati məsələlərində gücü,  ağlı və dirəyidir. Atalıq - kişilər üçün sosial və mənəvi cəhətdən yetkin olmalarına aid bir imtahandır. Bir çox ailə quran gənc oğlanlar ata olmağa hazır olmur və ya bundan qorxur.  Uşaq – ailənin möhkəmliyini göstərən bir sınaqdır. Həyatda bir çox gənc ailələr olur ki, ilk uşaq dünyaya gələnədək çox yaxşı dolanıblar, amma uşaq doğulandan sonra münasibətləri pozulub, ata evdən, arvadından və uşaqdan uzaq  “qaçmağa” çalışır. Bu ya atalıq hissinin və mədəniyyətinin olmaması və ya az inkişaf etməsi ilə bağlı olur və xoşagəlməz olsa da, bu patoloji hall hesab olunmur. Oğlanlarda atalıq hissi qızlarda analıq hissinin yaranmasından bir qədər gecikir. Aristotelin dediyinə görə, kişilər əsl ata qadınların əsl ana olduğundan daha gec olurlar.

Uşaq bağçalarında və məktəblərdə uşaqlarla əsasən qadınların işləməsi kişi diqqətinin defisitinə (çatmamazlığı) , əsasən oğlanlarda qorxaqlığın, özünəqapanmanın, tərsliyin, aqressivliyin yaranmasının səbəbi ola bilir. Uşaqlar üçün asudə vaxtın səmərəli keçirmək, valideynlərə kömək etmək, əlavə biliklər qazanmaq üçün zəhmət çəkmək və s. bu kimi məsələlərə diqqət yetirmək ataların qarşısında duran əsas vəzifələrdəndir.  O, uşaqlarına xeyirhaqlığın, sədaqətliliyin, dostluğun, qayğıkeşliyin canlı nümunəsini göstərməlidir. Bu mənada nəinki ata övladlarını, övladlar da atanı tərbiyə edirlər. Atasının öz həyat yoldaşına göstərdiyi münasibəti oğul evləndikdən sonra öz xanımına qarşı təkrarlayır. Uğursuz ailələrdə uşaqların tərbiyəsi çox çətin olur – uşaqlarda nevrozların sayı, qorxaqlıq, dərslərində müvəffəqiyyətsizlik artır.                                                                                         Anaların rolu ailədə çox böyükdür. Ana uşaqlarına mehribanlıq, sevgi, insanpərvərlik, canyananlıq kimi xüsusiyyətləri aşılayır. Ana – uşağın baxdığı güzgüdür. Əgər ana özü çirkli xalatda gəzirsə, onun tərbiyə etdiyi qız səliqəli və təmizkar böyüyə bilərmi? Əlbətdə ki yox! Beləliklə ananın canlı yaxşı nümunəsi  çox vacibdir. Uşaqların tərbiyəsi ilə yanaşı ananın evdə təsərüffat işləri kimi vəzifələri də var: paltar yumaq, xörək bişirmək və s. Sosioloqların hesablamaları göstərir ki, qadınların evdə sutkalıq yüklənməsi  kişilərinkindən  2 dəfə, ümumi əmək yükü isə 15-20%  artıqdır, çünki anaların ikiqat işgünü var- işdə və evdə. Bu səbəbdən analarda nevroz, yorğunluq olur ki, bu da ailədə olan  ümumi abu-havaya mənfi təsir göstərir. Bütün bu deyilənlər bir daha sübut edir ki, ailə üçün həm ana, həm də atanın olması mütləqdir. Ailə uşağın həyat modelininin yaradıcısıdır, valideynlər uşaq üçün  həyat idealıdırlar.

Sosial Pedaqoq tərəfindən ailələrlə aparılan işin xüsusiyyətləri.

Müasir dövrdə ailənin funksional olmasında mövcud olan problemlər cəmiyyət tərəfindən bu ailələrə dəstək göstərilməsinin zərurətini yaradır.

Sosial pedaqoq işlədiyi ailələrin kömək üçün ona müraciət etməsini gözləmir və özü onlarla etik normalar çərçivəsində kontakta girir,  “sosial diaqnoz” qoyur, fiziki və yaşa  görə xüsusiyyətlərini, bacarıqlarını öyrənir, onların mikrososiumuna daxil olur və maraq dairəsini, münasibətlərini dərk etməyə çalışır, pozitiv və neqativ təsirlərini araşdırır, tibbi, hüquqi, ekoloji problemlərini müəyyənləşdirir və müəyyən sahələr üzrə fəaliyyət göstərən yerli sosial işçi ilə birgə bu problemlərin öhdəsindən gəlməyə köməklik edir. Sosial pedaqoqun vəzifəsi – ailələrin krizis/böhran situasiyadan çıxmasına köməklik etməkdir. Əsas məqsəd – böhrandan çıxmaq üçün ailənin bütün daxili gücünü səfərbər etməkdir. 

Bunun üçün lazımdır:

  • ilk növbədə problemi araşdırmaq;
  • mütəxəssislərlə konsultasiyalar keçirmək;
  • böhrandan çıxış yollarını müəyyənləşdirmək.

 

           Sosial pedaqoqların fəaliyyətinin əsas istiqamətləri:

  • Valideynlərin maarifləndirilməsi və konsultasiyası 
  • Uğursuz ailələrin diaqnostikası və patronajı
  • Yeni rollar valideynlərin adaptasiyana köməklik etmək
  • Qənaətbəxş fəaliyyət sahəsinin tapılmasında dəstək göstərmək
  • Gənc ailələrə məsləhətlər vermək
  • Peşə yönümünün dəyişdirilməsində dəstək  
  • Mikrososiumda insanların aktiv iştirak etməsi və maraqlarının təmin olunması üçün şəraitin yaradılması və s.

 

Valideynlərlə söhbət edərkən ibrətverici tondan, ağıl verməkdən, məzəmmət etməkdən uzaq olmaq lazımdır, çünki sosial işçinin vəzifəsi onlara kömək etməkdir. Sosial işçinin ailəyə ilk səfəri çox önəmlidir, bu səfərdən ailənin sosial işçiyə güvənəcəyi və ya inanmayacağı,məsləhətlərinə əməl edəcəyi və ya etməyəcəyi asılı olur. İlk səfərdə bütün mövcud problemləri əhatə etmək mümkün olmur, lakin tələsmək, hövsələsizlik etmək  lazım deyil. Ailə ilə söhbət xeyirhaqlıq, səmimilik şəraitində, sakit tonda aparılmalıdır.Təkrar səfər zamanı sosial pedaqoq ötən səfər verilən məsləhətlərinə əməl edilməsini, hansı dəyişikliklər baş verdiyini yoxlayır. Göstərişlərinin yerinə yetirilməsinə nail olmaq üçün sosial pedaqoq nəzakətli, diqqətli olmalı, ailənin imkanlarını və şəraitini nəzərə almalıdır.

İstifadə edilən ədəbiyyat

  1. https://careforchildren.info/family-support-services/
  2. https://journals.sagepub.com/doi/full/10.1177/1468017320940635
  3. http://www.socialworkerstoolbox.com/category/parenting/