Antibiotiklərin mikrobioma təsiri

Yoluxucu xəstəliklər yer kürəsində populyasiya tərkibinin müəyyən edilməsində mühüm amil olmuşdur. Vəba, taun, təbii çiçək epidemiyaları milyonlarla insanın həyatına son qoymuşdur. Penisillinin kəşfi tibb tarixində yeni bir dövr açdı. Antibakterial dərmanların gündəlik tibbi praktikada tətbiqi dünyada  xəstələnmə strukturunu kökündən dəyişdirdi. Ən ağır və geniş yayılmış yoluxucu xəstəliklərdən ölüm göstəriciləri əhəmiyyətli dərəcədə azaldı.

Ağır bakterial infeksiyalara qarşı mübarizədə antibiotiklər indi də ən təsirli vasitədir. Ancaq antibiotik terapiyası metodlarının aktiv tətbiqi bakterial müqavimətin artmasına səbəb oldu. ÜST-ün məlumatına görə, Avropa Birliyi ölkələrində hər il 25 mindən çox insan antibiotikə davamlı bakteriyaların yaratdığı infeksiyalardan ölür. Antibiotikə davamlı infeksiyalardan ölüm hallarının artmasının əsas səbəbi qida məhsullarının istehsalında antibiotiklərin geniş  (tibbdən iki dəfə çox) tətbiqidir. Dünyada istehsal olunan antibakterial preparatların 50%-dən çoxu kənd təsərrüfatında, heyvandarlıqda istifadə olunur. Burada əlbəttə ki, antibiotiklərin bütün yaş qruplarında insanlara, o cümlədən uşaqlara nəzarətsiz verilməsi də mühüm rol oynayır.  Beləliklə də antibiotiklərin geniş miqyasda tətbiq edilməsinin ardından antibiotiklərə  rezistentliyin real artımı müşahidə olunur. Nəticədə, xəstəlik və ölüm artımına səbəb olan superinfeksiyalar ortaya çıxır. ÜST ekspertlərinin proqnozlarına görə, infeksiyaların antibiotiklərə qarşı müqavimətinin artması üzündən 2050-ci ildə ölənlərin sayı 10 milyona çatacaq. Bunun qarşısını almaq üçün dünya birliyi antibiotiklərə müqavimətin yayılmasını ehtiva edən bir strategiyaya riayət etməlidir. 

Antibiotiklərin əsas mənfi təsiri mikrobiomaya yönəlmişdir. Bədənimizdə hüceyrə sayı ilə təxminən eyni miqdarda mikroblar var. Onların çoxu bağırsaqda, əsasən də yoğun bağırsaqda yaşayır. Həzm sistemimizdə bakteriya, göbələk və viruslar da daxil olmaqla trilyonlarla mikroorqanizm yaşayır. Bu mikrobiomlar insandan insana fərqlənir və sağlamlığa, həzm sisteminin funksiyasına, immunoloji müqavimətə, insanın psixoloji vəziyyətinə təsir göstərir. İnsan bağırsağının mikrobiomu qan dövranına daxil olaraq orqan və sistemlərə təsir edən bir sıra maddələr, o cümlədən qısa zəncirli yağ turşuları və vitaminlər istehsal edir. Mikrobiomanı hətta “virtual endokrin orqan” adlandırırlar. İnsan beynində olan neyrotransmitterlərin (sinir daşıyıcıları) böyük əksəriyyəti bağırsaq bakteriyaları tərəfindən istehsal edilir. Məsələn, bağırsaq mikrobiotasının bakteriyaları qamma-amin yağ turşusu, histamin, asetilxolin, dopamin və norepinefrin kimi siqnal maddələr sintez edə bilər. Onlara əhval-ruhiyyənin tənzimlənməsində böyük rol oynayan serotonin də daxildir. 

Araşdırmalar bağırsaq mikrobiomu çatışmazlığında beyinin normal inkişafının pozulduğunu ortaya qoyur. Oksford Universitetinin mikrobiom-bağırsaq-beyin əlaqəsi üzrə tədqiqatçısı Katerina Cohnsonun yeni araşdırmaları bağırsaq və beyinin bir-birinə necə bağlı olduğunu, bağırsaq mikrobiomunun psixi vəziyyətə və psixi sağlamlığa təsiri olduğunu bir daha təsdiq etmişdir. 

Növlərin müxtəlifliyinin azalması və mikrobiotanın tərkibindəki dəyişiklik bir sıra xəstəliklərin inkişaf riski ilə əlaqələndirilir. Xüsusən erkən yaşlarda uşaqlarda bağırsaq mikrobiomunun pozulması sağlamlıq baxımından mənfi nəticələr yarada bilər.

Antibiotiklərin bağırsaq mikrobiomuna mənfi təsiri çoxdan məlumdur. Belə ki, onlar patogen bakteriyalarla yanaşı, lazımi bakteriyaları da məhv edir. Söhbət yalnız qısamüddətli təsirlərdən deyil, həm də mikrob əleyhinə preparatların mikrobiomun tərkibinə və vəziyyətinə uzunmüddətli kompleks təsirindən gedir. Antibiotiklər ilk növbədə bağırsaq mikroflorasına və bağırsağın müdafiə fəaliyyətinə təsir göstərir. Antibiotik terapiyası fonunda mədə-bağırsaq traktınının,,  ağız boşluğunun (stomatit) və cinsiyyət orqanlarının selikli qişasının (vulvovaginit) zədələnməsi ilə gedən antibiotiklə əlaqəli bir sindrom inkişaf edə bilər. Mədə-bağırsaq traktında sindromun ən çox yayılmış təzahürü antibiotiklə assosiasiya olunmuş diareyadır (AAD). Antibakterial dərman qəbul edən uşaqların 39%-də AAD inkişaf edir.

Antibiotik qəbul edərkən və normal mikrobiota zəifləyərkən sitotoksinlər və enterotoksinlər istehsal edən patogen mikroorqanizmlər (C. difficile, Staphylococcus  aureus, Salmonella spp. və s.) çoxalır. Nəticədə bu, ishala və ya iltihabın inkişafına səbəb olur. Bağırsağın antibiotiklə assosiasiya olunmuş ən ağır  pozuntularından biri  C. difficile-nin böyüməsi və çoxalması ilə inkişaf edən pseudomembranoz kolitdir (PMK). 30% hallarda PMK ölümcül olur.

İnsan sağlamlığının qorunması üçün zəruri şərt bağırsağın mikrob müxtəlifliyinə diqqətli münasibətdir. Müasir pediatriyada antibiotik terapiyasından sonra uşaqlarda mikrobiotanın keyfiyyət və kəmiyyət tərkibinin qorunması problemi çox aktualdır. Mikrobiotanın pozulmasının qarşısını almağa  dair müasir tövsiyələrə ilk növbədə rezident mikrofloranın təbii qidası olan pəhriz lifinin və probiotiklərin istifadəsi daxildir. Düzgün bəslənmə, bəslənmənin müxtəlifliyi mikrobiotanın keyfiyyət və kəmiyyət tərkibini normallaşdıraraq bağırsaq mikrobiosenozunu bərpa edir.

Probiotik preparatlar uşaqlarda və yetkinlərdə AAD-nin qarşısını almaq üçün təsirli bir vasitədir. Probiotiklər bağırsaqda patogen və şərti patogen mikroorqanizmlərin böyüməsinə maneə törədən, yerli və ümumi immun reaksiyanı artıran antibakterial maddələri (süd turşusu, hidrogen peroksid, bakteriosinlər) ifraz edir. Bu səbəbdən probiotiklər bağırsaq mikrobiotunu kompleks şəkildə bərpa edə, antibiotiklərin tətbiqi zamanı bağırsaq superinfeksiyasının inkişaf riskini azaltdığı üçün antibiotik terapiyasının effektini artıra bilər.  

 

Mənbələr

  1. Human microbiome project, НМР, 2008 г 

  2. "Be Good To Your Gut" İv Kalinikin

  3. Эффективная фармакотерапия. 2019. Том 15. № 43. Педиатрия.

  4. Чаплин А.В. МИКРОБИОМ ЧЕЛОВЕКА. Вестник Российского государственного медицинского университета,2017