Peyvənddən sonrakı febril qıcolmalar

Alimlər peyvənddən sonrakı febril qıcolmaların uşağın inkişafına təsiri olmadığını sübut ediblər. Belə ki, bir qrup Avstraliya alimi 222 uşaq üzərində tədqiqat aparıb. 30 ayına qədər 62 uşaq peyvənddən sonra 2 həftə ərzində febril qıcolmadan əziyyət çəkib, 30 ayına qədər 70 uşaqda febril qıcolma olub, amma vaksinasiya ilə əlaqədar olmayıb. 90 kontrol uşaqda heç bir zaman febril qıcolma olmayıb.

Febril qıcolmadan 12-24 ay sonra bu uşaqlar elmi-biliklər, dil, motorika və sosial- emosional vərdişlər sahəsində müayinə olunublar. Valideynlər uşaqların davranışları barəsində xüsusi anket doldurublar. Kontrol qrupda 12-42 ay arası uşaqlar müayinə olunublar. Nəticədə 3 qrup uşaq arasında heç bir davranış və inkişaf fərqliliyi qeyd olunmayıb. Hətta, ağır qıcolma uşağın koqnitiv funksiyasına təsir etməyib.

Vaksinasiyadan sonra yarana biləcək febril qicolma valideynlərdə bəzi narahatlıqlara  səbəb olur və bu, valideynlərin peyvənddən imtinası ilə nəticələnir. Valideynlər bilməlidirlər ki, vaksinasiyadan sonra baş verən febril tutma uşaq inkişafına heç bir mənfi təsir göstərmir. Gələcəkdə bu elmi araşdırmanın daha geniş əhali üzərində aparılması nəzərdə tutulur.

 

Mənbə

  1. AAP News  American Academy of Pediatrics  healthychildren .org  

 

 

Vüsalə Əliyeva

Pediatr, UNİCEF-in milli təlimçisi