Zahılıq dövrü

Zahılıq dövrü doğuşdan dərhal sonra başlayır və 6-8 həftə davam edir. Hamiləlik bitdikdən sonra bu müddət ərzində qadının bütün orqan və sistemləri yenidən bərpa olunmağa başlayır. 

Doğuş sonrası uşaqlıq yolundan gələn ifrazatlar loxiyalar adlanır. Loxiyalar ilk 3 gün ərzində qanlı, 4-cü gündən sonra qanlı-qəhvəyi, 10-cu gündən sonra daha açıq rəngdə olur və adətən 3-4 həftə davam edirlər. 

Zahılıq dövründə qarının aşağı nahiyyəsində yüngül ağrı və diskomfort hissi ola bilər. Bu ağrı uşaqlığın yığılması ilə əlaqədardır. Bundan başqa təbii doğuş zamanı qarının ön divarının əzələlərinin (press əzələlərinin) aktiv iştirakına görə əzələ toxumasında yığılan laktat da ağrı hissi gətirə bilər.

Qadınların bir qismində zahılıq dövrünün sonunda aybaşılar bərpa oluna bilir. Bu deməkdir ki, qadının orqanizmi növbəti hamiləliyə hazırdır. Lakin digər qismində, xüsusi ilə süd verən analarda, menstrual sikl bir neçə ay ərzində bərpa olmur. Hər iki vəziyyət normal sayılır.

Normal zahılıq dövründə qadının ümumi vəziyyəti yaxşı, bədən temperaturu normal, ana südü isə körpəyə yetəcək miqdarda ifraz olur. Bu dövr ərzində şəxsi gigiyena qaydalarına riayət etmək çox vacibdir.

Gigiyenik qaydalar:

- Qadının dərisi təmiz olmalı, vaxtı-vaxtında (hər gün) duş almalı, gündə 2 dəfə süd vəziləri ilıq su ilə yuyulmalıdır.

- Əllərin təmizliyinə ciddi riayət olunmalıdır. Ana dırnaqlarını qısa tutmalı, hər əmizdirmədən öncə əllərini sabun ilə yumalıdır.

- Xarici cinsiyyət orqanları və aralıq nahiyyəsi ilıq su ilə öndən arxaya istiqamətində yuyulmalıdır (qasıqdan aralıq istiqamətinə). Sidik kisəsinin vaxtı vaxtında boşaldılması uşaqlığın yığılmasına kömək edir. Bu səbəbdən uzun müddətlik sidiyin saxlanılmaması məsləhət görülür. 

- Gündəlik pedlərin hər 3-4 saatdan bir dəyişdirilməsi məsləhətdir. Aralıq nahiyyəsinə qoyulan tikişlər də xüsusi qulluq tələb edir. Yuyunduqdan sonra salfetlərlə qurulanıb, tikişlər xüsusi antiseptik məhlullarla işlənilməlidir.

- Zahılıq dövründə vanna qəbul etmək, həmçinin hovuz, dəniz, çay və göldə çimmək qadağan olur. Çünki uzun müddət su ilə təmas doğuş yollarına infeksiya düşməsinə səbəb ola bilər. 

- Dar sintetik alt paltarı geyinmək töviyə olunmur.

- Əgər doğuş sırasında aralıq nahiyyəsinə tikişlər qoyulubsa, zahı qadına 7-14 gün ərzində oturmaq məsləhət görülmür. 

- Bağırsaqların normal fəaliyyəti üçün qəbzlik verən qida məhsullarından uzaq durmaq tövsiyə edilir. 

- Alt paltarı və yataq dəsti pambıqdan olmalıdır. 

Qeysəriyyə əməliyyatından sonrakı tikişə neçə qulluq edilməlidir?

Əməliyyətdan sonra mütləq vaxtı-vaxtında həkim müayinəsindən keçmək lazımdır. Hər gün yara antiseptik məhlulla işlənilir, steril sarğı qoyulur. Cərrahi doğuşdan 5-7 gün sonra tikişaçıq qoyulur. Duş zamanı tikiş nahiyyəsi ovucun içi ilə sabunlanır, ilıq su ilə durulanır. Qeysəriyyə əməliyyatından sonra zahı qadın öz körpəsinin çəkisindən artıq ağırlıq qaldırmamalıdır.

Əgər tikiş nahiyyəsində qızartı, səpki, hematoma, yaradan isə seroz, qanlı və yaxud irinli ifrazat gəlirsə mütləq həkiminizlə əlaqə saxlayın.

 

Fidan Həsənova

Ginekoloq