İşləyən valideynlər üçün hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan Respublikasının əmək qanunverciliyində işləyən, himayəsində azyaşlı uşaqları olan valideynlər üçün bir çox əmək güzəştləri nəzərdə tutulur. Ailə öhdəliyi olan şəxslərə işə götürülərkən, əmək müqaviləsi dövründə, həmçinin iş yerləri ixtisar olunarkən müəyyən üstünlük verilir.

Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən:

-       hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

-       yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

-       öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya ”orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Məcəllənin 78-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların işdə saxlanmasına üstünlük verir.

Məcəllənin 240-cı maddəsi hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətlərini müəyyən edir. Belə ki, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı hallara şamil olunmur. Həmçinin, işəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq qısaldılmış iş vaxtı müəyyən edilir. Məcəllənin 91-ci maddəsinə əsasən 36 saatdan artıq olmamaq şərti ilə hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı müəyyən edilmişdir.

Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Məcəllənin 94-cü maddəsinə əsasən işçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir. Bundan əlavə hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

Məcəllənin 242-ci maddəsi qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasını, habelə ezamiyyətlərinin məhdudlaşdırılmasını tənzimləyir. Belə ki, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir. Bu məsələ 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil edilir. Həmçinin, əmək məcəlləsi hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsini təsbit etməklə ailə öhdəliyi olan valideynlərin sosial dəstəklənməsinə imkanlar yaradır. Belə ki, məcəllənin 243-cü maddəsinə əsasən tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər. Yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.

Məcəllənin 245-ci maddəsi qadınlar üçün natamam iş vaxtı müəyyən edilən halları və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması məsələlərini tənzimləyir. Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.  Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Məcəllənin 244-cü maddəsi valideynlər üçün iş yerlərində uşağın yedizdirilməsi üçün fasilələri nəzərdə tutur. Belə ki, yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

Bildiyimiz ki, işəgötürənlər tərəfindən işçilərin qiymətləndirilməsi məqsədilə dövri olaraq attestasiya, sertifikasiya tədbirləri həyata keçirilir. Məcəllənin 66-cı maddəsinə əsasən uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) müvafiq qiymətləndirmədən azaddırlar.

Əmək Məcəlləsində uşaqlarını anasız böyüdən işçilər üçün də təminatlar müəyyən edilir. Belə ki, azyaşlı uşaqları olan qadınlar üçün müəyyən edilmiş hüquqlar üzrə bütün təminatlar uşaqlarını müəyyən səbəbdən (uşaqların anası öldükdə, valideynlik hüququndan məhrum edildikdə, müəyyən müddət müalicə müəssisələrində və azadlıqdan məhrumetmə yerlərində olduqda) anasız təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına da şamil edilir.

 

Pərviz Əliyev

Ailə və uşaq məsələləri üzrə ekspert