Bütün uşaqların aktiv olmasının vacib...
Kontraktura nədir?
Kontraktura - (latın dilindən tərcümədə contraktura – dartılma, daralma) – bir və ya bir neçə oynaqda hərəkətin məhdudluğudur, yəni oynaq elə bir vəziyyətdə olur ki, ətraf tam həcmdə ya açıla, ya da bükülə bilmir.
Bəzən kontrakturalar oynağın orqanik zədələnməsi ilə yanaşı olur və bu problemlər bir-birlərini daha da gücləndirir, vəziyyəti daha da ciddiləşdirirlər. Lakin kontrakturaların müxtəlifliyindən asılı olmayaraq onların yaranmasında və inkişaf etməsində əzələlərin iştirakı mütləqdir, çünki oynağı hərəkətə gətirən məhz əzələlərdir. Buna görə də kontrakturanın əmələ gəlməsinin qarşısının alınması və müalicəsi üçün əzələlərdə baş verən prosesləri öyrənmək lazımdır. Oynağın tam açılmamasının və ya tam bükülməməsinin səbəbi oynağı hərəkətə gətirən əzələnin axıra qədər boşala bilməməsi və nəticədə oynaq sümüklərinin fizioloji vəziyyətə gələ bilməməsidir.
Belə situasiyalar əksər hallarda travmalar, cərrahi əməliyyatlar, iltihabi proseslər, yanıqlar, ağrı sindromu, ətrafın sınığı, çıxığı zamanı uzun müddət eyni vəziyyətdə fiksasiya olunması nəticəsində əmələ gəlir. Əzələlərdə olan patoloji tonus sinir siqnallarının dəyişilməsinə və kontrakturanın formalaşmasına səbəb olur. Sonradan artıq pozulmuş sinir siqnalları əzələlərin normal tonusda olmasına əngəl törədir, bu da kontrakturaların dərinləşməsinə və situasiyanın daha pisləşməsinə gətirib çıxarır. Və yaxud oynaqda olan mexaniki maneə səbəbindən yaranmış kontrakturalar zamanı əzələlər tam həcmdə işlənmədiyinə görə tədricən öz normal tonusunu itirir və artıq kontrakturanın inkişafında nəticə kimi yox, səbəb olaraq situasiyanı getdikcə ağırlaşdırır. Deməli, kontrakturanın yaranmasında səbəb və ya nəticə rolu oynamasından asılı olmayaraq patoloji əzələ tonusunun olması şərtdir.
Kontrakturaların yaranma səbəbləri və növləri
Kontrakturalar yaranma səbəblərinə görə aşağıdakı növlərə ayrılır:
Passiv (struktur) kontrakturalar–yerli toxumaların struktur dəyişiklikləri nəticəsində yaranır (oynaqlarda, oynaqətrafı toxumalar-əzələlərin, vətərlərin, fassiyaların, bağların, dərinin). Passiv kontrakturalar yarandığı toxumanın növünə görə artrogen, miogen, dermatogen, desmogen (vətərlərin yerdəyişməsi) kontrakturalara bölünür.
Aktiv (nevrogen) kontrakturalar–müəyyən əzələlərin uzunmüddətli gərginliyi zamanı yaranır (məsələn: Uşaq Serebral İflici, insultlar, kəllə-beyin travmaları). Onlar əzələ və oynaq kapsulasında ikincili çapıq-distrofik dəyişikliklər əmələ gətirir. Bu zaman nevrogen kontrakturalar dayanıqlı, passiv kontrakturalara çevrilir.
Göründüyü kimi, bu iki növ kontrakturalar bir-biriylə sıx bağlıdır və demək olar ki, eyni bir prosesin mərhələsidir və bir qayda olaraq əzələ sistemində olan dəyişiklikləri özlərində birləşdirir. Aktiv kontrakturalar isə isterik (psixi), mərkəzi və periferik növlərə ayrılır.
Mənşəyinə görə kontrakturaların aşağıdakı növləri ayırd edilir:
Anadangəlmə - dölün inkişaf patologiyalarının nəticəsi olaraq (Məs. əyriboyunluq, əyripəncəlik)
Qazanılmış – keçirilmiş xəstəliklər, travmalar, geniş zədələnmələr nəticəsində
Kontrakturanın inkişaf etmə sürəti patoloji prosesin xarakterindən asılı olur. Oynaqlarda, əzələlərdə və digər toxumalarda gedən xroniki iltihabi proseslər nəticəsində kontrakturalar asta sürətlə inkişaf edir, kəskin proseslərdə isə tez bir zamanda.
Kontrakturaları qarşısının alinması.
Kontrakturaların qarşısının alınmasının ən vacib 2 yolu var: düzgün vəziyyət, hərəkət
Hərəkət
Aktiv
Aktiv – Fiziki dəstəklə
Passiv
İlk növbədə aktiv hərəkətə təşviq etmək lazımdır. Heç vaxt oynağı hərəkətə gətirmək üçün zor tətbiq etməyin – nə əllərinizin köməyilə nə də hansısa ağır əşyanı ətraflarına yerləşdirmək yolu ilə. Heç vaxt oynağın üstünə basmayın, həmişə əzələlərin rahatlaması üçün oynağın aşağı olan hissədən tutun. Hər hansı bir hərəkəti etməzdən əvvəl: simmetrik olub-olmamasına diqqət yetirin. Düşünün-qravitasiya hansı istiqamətdə kontrakturaya təsir edir.
Yadda saxlayın!
Bədənin çəkisi sümüklərin və oynaqların düzgün formalaşmasına təsir göstərir. Bədən vəziyyətinin gün ərzində düzgün idarə edilməsi vacibdir.
Bədən vəziyyətinin gün ərzində idarə edilməsi
Düzgün olmayan yataq vəziyyətləri müxtəlif kontrakturaların yaradılmasına səbəb olur, xüsusən budun, dizin, bükülmüş deformasiyaları və pəncələrin deformasiyasına gətirib çıxarır.
Böyrü üstə uzanmağı dəstəkləmək vacibdir, belə ki, uşağı gün ərzində böyrü üstə uzadın. Əgər bu mümkün deyilsə, uşağı arxası üstə, diz oynaqlarının altına T formalı döşəkcə qoyaraq uzandıra bilərsiniz.
Lalə Vəliyeva
Uşaq inkişafı mütəxəssisi, uşaq psixoloqu
Fikriniz
0
0