Körpəlik dövrünün ilk yarımilliyində (2-6 ay) psixi inkişafın xüsusiyyətləri

Körpəliyin ilk yarımilliyi (erkən körpəlik: 2 – 6 ay) “canlanma kompleksi”nin (doğuluşdan iki ay sonra) yaranması ilə başlayır və uşağın dünyaya gəlməsinin altıncı ayında bitir. Onu da qeyd etmək lazımdır ki, bu inkişaf mərhələsi tez-tez, ana və uşaq arasında olan, emosional ünsiyyət dövrü adlandırılır. Bu inkişaf dövründə psixoloq-mütəxəssisin diqqət mərkəzində olmalı bir sıra məqamlar var. Bu məqamların sırasında valideyn-övlad arasında ünsiyyət forması, uşağın əsas ünsiyyət təlabatı, motivi və qarşılıqlı əlaqədə istifadə etdiyi ünsiyyət vasitələri var. Əlavə olaraq, psixi inkişafın sensor sahəsi bura da daxildir.

İki aydan başlayaraq körpə və yetkin arasında olan ünsiyyət forması M.İ.Lisina tərəfindən “situativ-şəxsi ünsiyyət” adlandırılır. Niyə bəs situativ-şəxsi? İlk olaraq onu nəzərimizdə saxlayaq ki, körpənin valideynlə ünsiyyət qurmaq üçün hər hansı bir əşyanın və ya məzmunun olmasına ehtiyac duymur. Belə bir əlaqəni “vasitəsiz ünsiyyət” kimi dəyərləndirmək olar.Burda ən əsas və əhəmiyyətli məsələ böyüklərin uşağa ayırdığı diqqətdir. Bu diqqət müsbət, xoşməramlı və qərəzsiz olmalıdır. Bununla uşağın əsas ünsiyyət tələbatı ödənilir. Digər əsas məqamlardan biri ondan ibarətdir ki, uşaq ünsiyyət qurduğu zaman valideynin sosial mövqeyi, maddi durumu və xarici görünüşü onun üçün heç bir əhəmiyyət kəsb etmir. Bu dövrdə yetkin insanın yalnız ümumi şəxsiyyəti körpə üçün vacibdir. Ona görə də ünsiyyətin yaranması üçün aparıcı amil şəxsi motiv olur. Bu səbəbdən bu dövrdə körpə və böyük arasında olan ünsiyyət situativ-şəxsi ünsiyyət forması adlandırılır.

Növbəti vacib məqamlardan biri körpələrdə sensor prosesslərin və motor sahənin inkişafında bərabərsizliyin olmasıdır. Belə ki, erkən körpəlik dövründə sensor funksiyalar sürətlə inkişaf edir. Altıncı aydan sonra isə qabaqlayıcı templə motorika (manual, lokomotor və duruş hərəkətlər) inkişaf edir. Uşaqda əşyalara olan maraq öncə vizual və eşitmə diqqətin cəmləşdiriliməsi ilə özünü büruzə verir, sonra isə həmin əşyaların məkanda yerdəyişmənin izlənməsinə başlayırlar.

Hazırda uşaqda diqqət, təfəkkür və qavrama kimi psixi funksiyalar ayrı-ayrılıqda aşkarlanmamışdır. Onun sensor dünyası təəssüratların dəyişməsi ilə təşkil olunur.  Onun diqqətini rəngli, parıldayan, yeni olan əşyalar, musiqi və insanın nitqi cəlb edir. Lakin əşyaların obrazı, erkən körpəlik dövründə, dayanıqlı deyil. Körpə əşyaları bir-birindən ayıra bilmir. Bundan əlavə, əşya körpə uşağın vizual sahəsindən çıxandan sonra olmamış kimi hesab olunur. Əgər uşağın önündə olan hər hansı bir oyuncağı dəsmal ilə örtsəniz, o, həmən əşyanı axtarmağa cəhd göstərməyəcək, oyuncağı digər məkanda və pozada uşağa təqdim etsəniz, uşaq onu tanımayacaq.

Beləliklə erkən körpəlik dövründə uşaq-yetkin arasında olan qarşılıqlı münasibət situativ-şəxsi ünsiyyət formasını daşıyır və əlaqə üçün heç bir vasitə lazım deyil. Bu zaman uşaqda əsas təlabat ona böyük tərəfindən verilən xoşməramlı, qərəzsiz diqqətdir. Bu dövrdə uşaqda inkişafın aparıcı sahəsi sensor sahədir.

 

Mənbələr

  1. Смирнова Е.О. Детская психология: Учебник для вузов. 3-е изд., перераб.-СПб.: Питер, 2009.-304 с.

  2. Карабанова О.А. Возрастная психология: Конспект лекций. Айрис-Пресс, 2005.-240 с.