Öyrənmə çətinliyi

Öyrənmə çətinliyi ümumiləşmiş hal olaraq öyrənməklə bağlı yaranan spesifik problemləri ifadə edir. Bu çətinlik şəxsin öyrənmək və müəyyən qabiliyyətlərdən istifadəsində problemlər yaradır. Ən çox təsirə məruz qalan qabiliyyətlər bunlardır: oxumaq, yazmaq, dinləmək, fikir yürütmək və riyazi tapşırıqları yerinə yetirmək.

Öyrənmək çətinliyi müxtəlif şəxslərdə fərqli məzmunlarda ola bilir. Öyrənmə çətinliyi olan bir şəxsin problemi digər öyrənmə çətinliyi olan başqa bir şəxsdə olduğundan fərqlənə bilər. Tədqiqatçılar öyrənmə çətinliklərini törədən səbəblərin insan beyninin necə işləməsində və qəbul edilən informasiyanı necə emal etməsində fərqliliklərin meydana çıxması ilə əlaqədar olduğunu iddia edirlər. Bəzən bu uşaqları “tənbəl” uşaqlar kimi səciyyələndirirlər. Əksinə onlar, adətən, orta, yaxud ortadan yuxarı hesab olunan intellektual imkanlara malik olurlar. Fəqət onların beyinləri informasiyanı sadəcə olaraq, fərqli yönümdə qəbul edir. Öyrənmə çətinliyinin müalicəsi yoxdur. Bu insanın həyatı boyu davam edir. Bununla belə, öyrənmə çətinliyi olan uşaqların yüksək nailiyyətlər qazanmaq üçün potensialları olduğunu nəzərə alaraq, əlilliklərinin yaratdığı problemlərdən yan ötməyi təmin edən yolları onlara öyrətmək mümkündür. Öyrənmə çətinliyi olan uşaqlara düzgün yardım göstərilmiş olduğu təqdirdə, onların öyrənmə problemləri uğurla həll edilə bilər.

Uşağın öyrənmə çətinliyi olduğunu nişan verən müəyyən əlamətlər var. Bu daha çox məktəbdə, ibtidai sinifdə təhsil zamanı müşahidə edilməyə meyilli olduğundan bu əlamətlərin əksəriyyəti məhz ibtidai məktəb tapşırıqları ilə bağlı olaraq aşkarlanır. Uşaqda bu əlamətlərin hamısı, yaxud əksəriyyəti müşahidə olunmaya da bilər. Ancaq bununla belə, əgər uşaqda göstərilən problemlərin bir qismi üzə çıxmış olarsa, o zaman valideynlər və müəllimlər uşaqda öyrənmə çətinliyi ola bilməsi ehtimalını nəzərdən keçirməlidir.

Uşaqda öyrənmə çətinliyi varsa, o:

·      əlifbanı öyrənməkdə, sözləri tələffüz etməkdə, yaxud hərfləri səslərə uyğunlaşdırmaqda çətinlik çəkə bilər.

·      mətni ucadan oxuyan zaman xeyli yanlışlıqlara yol verə, eyni sözləri təkrarlaya və tez-tez fasilələr edib dayana bilər.

·      oxuduqlarını anlamaya bilər.

·      sözlərin tələffüzündə çətinlik çəkə bilər.

·      xətti olduqca səliqəsiz ola, qələmi yöndəmsiz tuta bilər.

·      fikirlərini yazılı şəkildə ifadə etmək istəyərkən çətinlik çəkə bilər.

·      dili ləng öyrənər, lüğət ehtiyyatı məhdud olar.

·      hərflərin yaratdığı səsləri xatırlamaqda çətinlik çəkə bilər, yaxud sözlər arasında fərqləri aşkar etdiyi zaman çaşbaş qala bilər.

·      zarafatları, gülməli şəkilləri və istehzaları anlamaqda çətinlik çəkə bilər.

·      təlimatları yerinə yetirməkdə çətinlik çəkə bilər.

·      sözləri yanlış tələffüz edə, yaxud oxşar səslənən sözləri yerində işlətməyə bilər.

·      hər hansı bir fikri ifadə etmək istədiyi zaman diqqətini cəmləməkdə, yaxud yazıda və danışıqda ona lazım olan sözü fikirləşib tapmaqda çətinlik çəkə bilər.

·      bir-birinin sözünü kəsmədən növbəli danışıq qaydası kimi müəyyənləşən ünsiyyət qaydalarına əməl etməməyə, dinləyən şəxsə olduqca yaxın dayana bilər.

·      riyazi işarələri qarışıq sala və rəqəmləri düz oxumaya bilər.

·      hər hansı bir əhvalatı xronoloji ardıcıllıqla (əvvəl nə baş verib, sonra nə baş verib, daha sonra nə olub və s.) nəql etməyi bacarmaya bilər.

·      tapşırığın həllinə haradan başlamaq, bunu necə davam etdirmək lazım gəldiyinə əmin olmaya bilər.

Əgər uşaqda oxumaq, yazmaq, dinləmək, danışmaq, yaxud riyaziyyatı anlamaqla bağlı problemlər yaranmış olarsa, o zaman müəllimlər və valideynlər araşdırmalarını daha da dərinləşdirməlidirlər. Uşağın əziyyət çəkdiyi problem sadalanan problemlərdən, hətta hər hansı biri olsa belə, bu, müəllimləri və valideynləri eyni dərəcədə qayğılandırmalıdır. Uşaq hər bir halda, diaqnostikadankeçməli və onda öyrənmə çətinliyinin olub-olmaması üzə çıxarılmalıdır.   

Valideynlər üçün tövsiyələr

Öyrənmə çətinliyi barədə məlumatlanın, belə ki, nə qədər çox bilsəniz özünüzə də, övladınıza da bir o qədər köməklik edə bilərsiniz. Uşağınız yaxşı bir iş görəndə onu tərifləyin. Uşağın nə ilə məşğul olmağı daha çox xoşladığını aşkar edin. Övladınıza özünün güclü tərəflərini, qabiliyyətlərini gerçəkləşdirə bilməsi üçün geniş imkanlar yaradın. Övladınızın öyrənməsi üçün hansı yolların daha yaxşı olduğunu müəyyənləşdirin. Övladınızın ev işlərində də sizə yardım etməsinə icazə verin. Bu, onda özünəinam hissini qüvvətləndirər, konkret qabiliyyətlərini inkişaf etdirə bilər. Təlimatları sadələşdirin, tapşırıqları kiçik mərhələlərə ayırın, övladınızın səylərini mükafatlandırın. Övladınızın ev tapşırıqlarını prioritetə çevirin, onların uğurla yerinə yetirməsi üçün necə kömək etməli olduğunuz barədə daha çox məlumat əldə edin. Müəllimlərlə görüşün və uşağınızın tədris ehtiyaclarına dair bir plan işləyib hazırlamaqda müştərək olun.

 

Lalə Vəliyeva

Uşaq inkişafı mütəxəssisi, uşaq psixoloqu