Ana–uşaq münasibəti: mənfi təsirləri tanı, bağınızı gücləndir

Uşaq dünyaya gələndə özünü tam güvənsiz bir yerdə tapır və onu sakitləşdirən, təhlükəsizlik verən ilk insan anadır. Ana uşağın həm fiziki, həm də emosional ehtiyaclarını qarşılayır. Ana ilə qurulan güvənli bağ uşağın dünyaya daha inamlı baxmasına və sağlam psixoloji inkişafına kömək edir. 

Əgər ana uşağa sevgi, qayğı və diqqəti ardıcıl şəkildə verə bilmirsə, uşaqda narahatlıq, diqqət çətinliyi və davranış problemləri yarana bilər. İlk illərdə formalaşan bu bağ gələcəkdə uşağın bütün emosional inkişafının təməlini təşkil edir.

Buna görə də ana–uşaq münasibətinə mənfi təsir edən amillər barədə valideynlərin  məlumatlı olmaları çox önəmlidir. 

Bu amillərə:

• Ananın psixoloji vəziyyəti
Bəzən doğuşdan sonra hormonal dəyişikliklər səbəbi ilə ana depressiya yaşaya bilər. Bu zaman ana yorğun, kədərli, narahat olur və bu vəziyyət onun uşağa sevgi və diqqət göstərməsini çətinləşdirir. Nəticədə ana–uşaq bağlılığı zəifləyə bilər. Bu dövrdə ətrafdakıların və ciddi hallarda mütəxəssisin dəstəyi çox vacibdir .

• Həddindən artıq qoruyuculuq
Ananın narahat təbiətli olması uşağa “Sən bacarmazsan” mesajı verir. Bu cür böyüyən uşaqlar gələcəkdə özünə az güvənir,  təşvişli olurlar.

• Sərhədlərin olmaması
Bəzi analar fərqində olmadan uşağın şəxsi sərhədlərini pozurlar — otağa icazəsiz girmək, əşyalarını qarışdırmaq və s. Bu zaman uşaq ya müstəqil ola bilmir, ya da yeniyetməlikdə ana ilə ciddi konflikt yaşayır.

• Tutarsız davranışlar
Ananın emosional vəziyyəti sabit deyilsə, bir gün mehriban, bir gün əsəbi ola bilər. Bu tutarsızlıq uşağın sosial bacarıqlarını və özünü təhlükəsiz hiss etməsini zədələyir.

 Ana-uşaq münasibətini gücləndirmək üçün tövsiyələr

  • Əvvəlcə öz psixoloji sağlamlığınıza diqqət edin. Sağlam ana – sağlam uşaq deməkdir.
  • Uşağın sərhədlərinə hörmət edin. Uşaq da böyüklər kimi özəl sahəyə ehtiyac duyur.
  • Sevginizi həm davranışla, həm də sözlə göstərin. “Səni sevirəm” sözünü eşitmək uşağın özünə dəyər hissini artırır.
  • Davranışı tənqid edin, uşağın özünü yox.
  • Keyfiyyətli vaxt keçirin. Telefon olmadan, televizor olmadan, gündə 15-20 dəqiqə tam diqqətlə oynamaq kifayətdir.
  • Uşağın duyğularını görməyə çalışın. “Ağlama” demək əvəzinə “Sən indi əsəbisən/kədərlisən, yanındayam” demək daha faydalıdır.
  • Uşağı həqiqətən dinləyin. Öz fikrinə hörmət gördüyünü hiss edən uşaq yeniyetməlikdə də sirrini gəlib valideyninə danışır.