Müasir dövrdə uşağın uğurlu gələcəyi...
Müasir dövrdə uşağın uğurlu gələcəyi yalnız onun akademik göstəriciləri (yaxşı oxumaq, xarici dillər bilmək) ilə deyil, həm də emosional zəkası (EQ) ilə ölçülür.Əvvəllər valideynlər üçün uşağın sadəcə fiziki ehtiyaclarını ödəmək və intellektual inkişafına dəstək olmaq kifayət edirdisə, bu gün emosional zəkanın inkişaf etdirilməsi ən aktual psixoloji mövzulardan biridir. Bu məqalədə emosional zəkanın təbiəti, erkən yaşlarda duyğuların idarə olunması və ailənin bu prosesdəki rolu müzakirə ediləcək.
Sosial İnkişaf və Emosional Zəkanın Təməli
Uşaqların sosial inkişafı onların digər insanlarla sağlam əlaqə qurma bacarığı ilə sıx bağlıdır. Emosional zəka isə bu sosial əlaqələrin təməlini təşkil edir. Körpəlikdən etibarən uşaqlar əvvəlcə öz ehtiyaclarına fokuslansalar da, böyüdükcə ətrafdakıların reaksiyalarını oxumağa başlayırlar. 0-8 yaş dövründə uşaqlar sevinc, qəzəb, qorxu, kədər və təəccüb kimi əsas emosiyaları tanımağı məhz ailə daxilində və sosial mühitdə öyrənirlər. Yüksək EQ-yə malik uşaqlar başqalarının hisslərinə qarşı daha həssas olurlar və qarşılıqlı münasibətlərdə empatiya qurmaqda çətinlik çəkmirlər.
Duyğuları İfadə Etmək və "Self-Regulation" (Özünü Tənzimləmə)
Uşaqlar tez-tez güclü emosiyalarla qarşılaşırlar, lakin onları necə ifadə edəcəklərini hələ bilmədikləri üçün ağlayır, qışqırır və ya əşyaları atırlar. Valideynlərin səhvi adətən bu zaman uşağa "Ağlama, ayıbdır!" və ya "Qəzəblənmək olmaz!" deməkdir. Lakin emosiyalar qadağan edilə bilməz, onlar yalnız idarə oluna bilər.
• Duyğuların adlandırılması: Uşağa yaşadığı hissin adını qoymağa kömək etmək lazımdır ("Görürəm ki, oyuncağın sındığı üçün çox kədərlisən və əsəbiləşmisən").
• Frustration tolerance (məyusluq dözümlülüyü) ilə əlaqəsi: Emosional zəkası güclü olan uşaqlar istəkləri dərhal yerinə yetirilmədikdə yaranan məyusluqla daha yaxşı başa çıxır, özlərini sakitləşdirmək (self-regulation) mexanizmlərini daha tez mənimsəyirlər.
Ailənin Rolu və Empatiyanın İnkişafı
Ailə uşağın emosional təhsil aldığı ilk və ən vacib məktəbdir. Valideynlər özləri emosiyalarını necə idarə edirlərsə, uşaqlar da həmin modeli qəbul edirlər.
• Empatiya ilə dinləmək: Uşaq hər hansı bir səbəbdən ağlayarkən və ya qorxarkən onu tənqid etmək əvəzinə, empatiya ilə yanaşmaq ("Səni başa düşürəm, bu sənin üçün həqiqətən çətindir") uşağın daxili gərginliyini azaldır.
• Qadağalar əvəzinə sərhədlər: Uşağın qəzəblənməyə haqqı var, lakin başqalarına zərər vermək və ya əşyaları qırmaq olmaz. Emosiyaya icazə verilib, davranışa sərhəd qoyulmalıdır.
Emosional Zəkanın Gələcək Həyata Təsiri
Erkən yaşlarda formalaşan emosional zəka uşağın gələcək psixoloji rifahı üçün həyati əhəmiyyət daşıyır. EQ-si yüksək olan uşaqlar gələcəkdə məktəbə adaptasiya prosesində, həmyaşıdları ilə münasibətlərdə və gərginliklərlə mübarizədə daha dözümlü olurlar. Onlar stress qarşısında dərhal təslim olmur, alternativ həll yolları tapırlar.
Nəticə
Uşaqlarda emosional zəkanın inkişafı təbii proses olsa da, böyüklərin şüurlu dəstəyini tələb edir. Duyğuları basdırmaq əvəzinə onları qəbul etmək, uşağa öz daxili dünyasını anlamaqda kömək etmək onun gələcəkdə daha sağlam, özünə inamlı və empatiya bacarığı yüksək bir fərd kimi böyüməsini təmin edir. Unutmayaq ki, ağıllı uşaqlar yetişdirmək qədər, emosional cəhətdən sağlam və güclü uşaqlar yetişdirmək də vacibdir.
Psixoloq:İsmayılzadə Nərminə
Fikriniz
0
0