Hər bir qadının həyatında hamiləlik dövr&u...
Poliomielit poliovirus tərəfindən törədilən, onurğa beyninin ön buynuzlarının və beyin kötüyünün motor neyronlarının zədələnməsi ilə gedən infeksion xəstəlikdir. Motor neyronların zədələnməsi və skelet əzələlərinin denervasiyası səbəbindən meydana çıxan süst asimmetrik əzələ zəifliyi və atrofiyası xəstəliyin əsas klinik əlamətləridir. Poliomielit yüksək dərəcədə yoluxucu xəstəlik olub, bir neçə saat ərzində ümumi ifliclə nəticələnə bilər.
Patofiziologiyası
Poliovirus pikornaviruslar ailəsinin enterovirus cinsinə aid RNT tərkibli virusdur. Tək telli RNT nüvəsi lipidsiz protein kapsidi ilə əhatə olunmuşdur və bu, poliovirusu lipid həlledicilərinə qarşı davamlı edir. Virusun antigen cəhətdən fərqlənən üç ştamı (tip 1, tip 2 və tip 3) məlumdur. Paralitik xəstəliklərin 85%-i I növ tərəfindən törədilir. Bir növə yoluxma digər növlərdən qorumur. Eyni zamanda, 3 ştamın hər birinə qarşı immunitet ömürlükdür.
Poliomielit virusları insandan-insana fekal-oral yolla və ya daha az hallarda çirklənmiş su və ya qida vasitəsilə yoluxur. İnkubasiya dövrünün ilk 1-3 həftəsində viruslar ağız-udlağın və mədə-bağırsaq traktının aşağı şöbələrinin selikli qişasında çoxalır. Bu dövrdə virus tüpürcək və nəcislə xaric ola bilər və insandan-insana ötürülülə bilər. İlkin mərhələdən sonra virus boyun və müsariqə limfa düyünlərinə, daha sonra qan dövranına daxil olur. Viremiyadan sonra yoluxmuş xəstələrin yalnız 5%-də sinir sistemi selektiv şəkildə zədələnir. Poliovirus ya hematoensefalitik baryeri keçərək, ya da periferik sinirlərdən aksonal nəql yolu ilə sinir sisteminə daxil olaraq, mərkəzönü beyin qırışını, talamusu, hipotalamusu, beyin kötüyünün motor nüvələrini və retikulyar formasiyanı, vestibulyar nüvələri və beyincik nüvələrini, həmçinin onurğa beyninin ön və ara sütunlarında olan neyronları zədələyə bilər.
Epidemiologiyası
Kəskin poliomielit hallarının çoxu uşaqlarda, əsasən 5 yaşdan kiçik uşaqlarda rast gəlinir. İnfeksiyalaşma hallarının 1-2%-i nevroloji simptomlara səbəb olur. 200 infeksiyalaşmadan birində geri dönməyən iflic inkişaf edir. Kəskin paralitik poliomielitdən ölüm halları 5-10%-dir, lakin bulbar zədələnmə zamanı 20-60% -ə çata bilər.
Poliovirus əleyhinə vaksinin tətbiqi sayəsində əvvəllər ən dəhşətli yoluxucu xəstəliklərdən olan poliomileitin qarşısı tamamilə alına bilər. Xəstələnmə hallarının sayı xeyli azalmışdır və hazırda bir çox ölkələrdə poliovirus infeksiyasının aradan qaldırıldığı hesab olunur. Lakin dünyada hətta bir yoluxmuş uşaq olduğu müddətdə bütün ölkələrdə uşaqlar poliomileit xəstəliyinə tutulma riski altındadır. Bu qalan davamlı ocaqlarda poliomielitin məhv edilməməsi 10 ildən sonra dünyada hər il 200.000-ə qədər yeni xəstəlik hallarına səbəb ola bilər.
1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Poliomielitlə Qlobal Mübarizə Təşəbbüsünü başlatdı. Həmin vaxt 125 ölkə poliomielit xəstəliyinə görə endemik ərazi idi. 1995-ci ildən MECACAR – poliomielitin ləğv edilməsi üzrə genişmiqyaslı proqram həyata keçirilməyə başlanmışdır. 2016-cı ilədək yalnız üç ölkə – Pakistan, Əfqanıstan və Nigeriya poliomielit xəstəliyinə görə endemik ərazi idi. 2018-ci ildə verilən məlumata görə 1988-ci ildən bəri vəhşi poliovirusla xəstələnmə hadisələrinin sayı 350.000 hadisədən 33 hadisəyə qədər, yəni 99%-dən çox azalmışdır.
Poliovirusun 3 vəhşi ştamından vəhşi poliovirus tip 2 1999-cu ildə ortadan qaldırıldı. Nigeriyada 2012-ci ilin noyabrında bildirilən son hadisədən bəri vəhşi poliovirus tip 3-ün törətdiyi yeni xəstələnmə halı haqqında məlumat bildirilməmişdir. Bununla bərabər, poliomielitin ləğvi kampaniyası, xəstəliyin poliomielitdən azad ərazilərə keçməsinin qarşısını almaq səyləri bu gün də davam edir. 2002-ci ildə ÜST Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib.
Klinik mənzərə
Poliovirus infeksiyası əksər hallarda (95%) asimptomatik gedişlidir və ya faringit, qastroenterit kimi yüngül simptomlara malikdir. Bu hallara abortiv poliomielit deyilir. Yüngül simptomların olması virusun yayılmasına qarşı immun reaksiya ilə əlaqələndirilir. Xəstələrin yalnız 5%-də sinir sistemi qeyri-paralitik poliomielitdən paralitik poliomielitin ən ağır formasına qədər müxtəlif dərəcədə zərər görür.
Paralitik olmayan poliomielit və ya preparalitik poliomielit
Poliovirus infeksiyası olan xəstələrin təxminən 4%-də aseptik meningit əlamətləri ilə gedən MSS-nin paralitik olmayan zədələnməsi müşahidə olunur. Prodromal simptomlara yayılmış baş ağrısı, 38-40 ºС qızdırma, boğaz ağrısı, iştahsızlıq, ürək bulanma, qusma və əzələ ağrısı daxildir. Bu simptomlar 1-2 həftə sonra yox ola bilər və ya davam edə bilər. Bundan sonra baş ağrısı və qızdırma, həmçinin sinir sisteminin zədələnmə əlamətləri (məsələn, əsəbilik, narahatlıq, emosional qeyri-sabitlik, boyun və bel əzələlərində rigidlik ) və aseptik meningit səbəbiylə Kernig və Brudzinski əlamətləri meydana çıxa bilər. Uşaqlarda adətən yetkinlərə nisbətən daha yüngül simptomlar olur. Preparalitik simptomlar iflic əlamətlərinə də keçə bilər.
Paralitik poliomielit
Virusun təsirinə məruz qaldıqdan nevroloji fazaya qədər inkubasiya müddəti adətən 4-10 gün olur, bəzən 4-5 həftəyə qədər davam edə bilər. Şiddətli əzələ ağrıları və spazmlar meydana çıxır, ardından zəiflik inkişaf edir. Əzələ zəifliyi adətən 48 saat ərzində maksimuma çatır, lakin bir həftədən çox da davam edə bilər. Zəiflik asimmetrik olur, aşağı ətraflar yuxarı ətraflardan daha çox zədələnir. Əzələ tonusu zəifləyir. Reflekslər əvvəlcə canlı olsa da, sonra yox olur. Paralitik poliomielit xəstələrində keçici və ya bəzən davamlı kobud əzələ fassikulyasiyalarına rast gəlinir. Hissiyyat itməsə də, xəstələr zədələnmiş ətraflardakı paresteziyadan şikayət edirlər. İflicin inkişafına səbəb olan amillər aydın deyil, lakin prodromal dövrdə fiziki aktivliyin və əzələdaxili inyeksiyanın vacib kəskinləşmə faktorları ola biləcəyinə dair bəzi dəlillər var.
Bulbar zədələnmə ilə gedən paralitik poliomielit
Ətraf əzələlərində zəifliklə müşaiət olunmayan sırf bulbar poliomielit uşaqlarda, xüsusən də badamcıqları və adenoidləri kəsilmiş uşaqlarda daha çox rast gəlinir. Onurğa beynin zədələnməsi ilə müşaiət olunan bulbar iflic daha çox yetkinlərdə rast gəlinir.
Uzunsov beyinin sədələnməsi disfagiya, disfoniya, tənəffüs çatışmazlığı və vazomotor pozuntulara səbəb olur. Disfagiya, tıntınlıq və nazal requrqitasiya simptomları bulbar zədələnmənin ilk əlamətləridir. Xəstələrdə hıçqırıq, səthi və yavaşlamış tənəffüs, sianoz, narahatlıq kimi əlamətlər ola bilər. Diafraq və qabırğaarası əzələlərin iflici baş verdikdə tənəffüs çatışmazlığı səbəbindən xəstələr üçün həyati təhlükə yaranır və təcili şəkildə intensiv müalicəyə ehtiyac duyulur. Kranial və bulbar sinirlərin zədələnməsi tənəffüs hərəkətlərinin azalmasına və nəticədə hava yolunun seliklə tıxanma problemlərinin yaranmasına və beləliklə, obstruksiyaya səbəb ola bilər. Udlaq əzələlərinin zəifləməsi obstruksiyanı daha da dərinləşdirir. Vazomotor nəzarətin itirilməsi və qan dövranının pozulması da ölüm riskini artırır.
Poliomielitin ensefalit forması
Bu forma çox nadir rast gəlinir və həyəcan, sarsıntı və koma şəklində özünü göstərir. Ölüm nisbəti yüksəkdir.
Diaqnostika
Lümbal punksiya
Qanın ümümi analizi, virus kulturası (nəcis, ağız-udlaq, BOM), PZR, poliomielit virusu serotiplərinə uyğun seroloji testlər
MRT, EMQ
Müalicə
Bütün xəstələr izolyasiya edilməli, həyati funksiyaları (tənəffüs, ürək-damar fəaliyyəri, udma qabiliyyəti, nəbzi, qan təzyiqi) yaxından izlənilməlidir. Poliomielit zamanı standart müalicə dəstəkləyici terapiyadır; istirahət, ehtiyac olduqda analgetiklər və antipiretiklər təyin edilir. Xüsusi bir virus əleyhinə müalicə yoxdur. Uzun müddət yataq rejimi (kontrakturalar ehtimalı olmasına baxmayaraq) lazım ola bilər. İflicli xəstələrin vəziyyətinin tez-tez dəyişməsi yataq yaralarının qarşısını ala bilər.
Fizioterapiya iflicli xəstələrinin reabilitasiyasında mühüm rol oynayır. İsti kompreslər əzələ ağrısını azaltmağa kömək edə bilər. Oynaq kontrakturası və ankilozun qarşısını almaq üçün tez-tez passiv hərəkətlər təyin edilir. Ağır kontrakturalar yarandıqda ortopedik əməliyyatlar göstərişdir. İflici olan xəstələrdə ayaq sallanmalarının, yaraların və deformasiyaların qarşısını almaq üçün şinalardan, Multi-Podus çəkmələrindən istifadə edilir.
Kəllə sinirləri zədələnmiş xəstələrdə udma disfunksiyası inkişaf edə bilər. Tənəffüs yollarını qorumaq və aspirasion pnevmoniyanın qarşısını almaq məqsədilə udma təhlükəsizliyini qiymətləndirmək üçün müallicə prosesinə əvvəlcədən loqoped cəlb olunmalıdır.
Profilaktika
Poliomyelit müalicə olunmur, lakin xəstəliyin qarşısını almaq olar. Təhlükəsiz və təsirli oral poliomielit peyvəndi (OPV) xəstəliyə qarşı lazımi qorunma təmin edir. Təkrar immunizasiya uşağı ömür boyu xəstəlikdən qoruya bilər.
Mənbələr
https://apps.who.int/gb/ebwha/pdf_files/WHA73/A73_12-en.pdf
Stephen Kishner, Michael J Retzer, Acute Poliomyelitis , Medscape, Oct 30, 2019.
Kindberg E, Ax C, Fiore L, Svensson L. Ala67Thr mutation in the poliovirus receptor CD155 is a potential risk factor for vaccine and wild-type paralytic poliomyelitis. J Med Virol. 2009 May. 81(5):933-6. [Medline].
Fikriniz
0
0