Hər bir qadının həyatında hamiləlik dövr&u...
(Rumın kimsəsiz uşaqların keysi)
Bağlılıq valideynlə uşaq arasında olan emosional bir əlaqə olub, sıxıntı, yorğunluq, narahatlıq və xəstəlik zamanı stresin tənzimlənməsində əsas rol oynayır. Bağlılıq kiçik uşaqların ətraf mühiti (burada mənfi stimullar olsa belə) araşdırmasına kömək edir.
Bağlılıq mövzusu uşaq evlərində böyüyən uşaqlar üçün xüsusilə aktualdır. Hələ 1952-ci ildə psixoloq və psixoanalitik C.Boulbi analardan erkən ayrılmanın və institualizasiyanın mənfi nəticələri haqqında bildirmişdi. Ümumdünya Səhiyyə Təşkilatına verdiyi bir hesabatda o, bu təsirləri ətraflı izah etmiş və kiçik uşaqların uşaq müəssisələrinə və qurumlara yerləşdirilməsinin mənfi cəhətlərini göstərmiş, isti, uşaqların məsuliyyətli və sevgi dolu bir qayğı ala biləcəyi ailələrində qalmasının və ya başqa ailələrə yerləşdirilməsinin vacibliyini bildirmişdi. Boulbinin orijinal tezisi bundan ibarət idi ki, körpələrin həssas, fərdiləşdirilmiş və sevgi dolu bir qayğıya ehtiyacı var və bu cür qayğıkeşliyin olması körpələrdə təhlükəsizlik və ətrafındakı dünyaya güvən hissini inkişaf etdirməyə imkan yaradır. Bu, digər insanlarla da sosial əlaqələrin inkişafı üçün təməl və model kimi xidmət edir. Baxıcılar və körpələr arasındakı bu erkən münasibət böyüdükcə uşağın digər böyüklər və yaşıdları ilə münasibətlərinin prototipini təşkil edə bilər.
Uşaq evlərində əlverişsiz şəraitdə böyümənin zərərli olduğuna, beynin inkişafı və davranışına mənfi təsir etdiyinə və psixopatologiya riskini çox artırdığına dair əhəmiyyətli elmi dəlillər mövcuddur. Bu cür sosial əlverişsiz şəraitdə böyüyən uşaqlarda beyində boz maddə daha az olur, diqqət pozuntusu, eləcə də psixiatrik problemlərin müxtəlif formaları daha çox rast gəlinir. Qurumlara erkən yetişdirilmənin ictimai münasibətlərin inkişafına mənfi təsir göstərdiyi barədə də məlumatlar var. Ancaq bu gün dünyanın bir çox yerində 8 milyon tərk edilmiş və ya kimsəsiz uşaq hələ də əlverişsiz müəssisələrdə (uşaq evlərində) böyüyür (UNICEF, 2007).
Bu mövzu ilə bağlı ən ibrətverici hadisələrdən biri də Rumıniya uşaq evləri ilə bağlıdır. Rumıniyadakı repressiv Çauşesku rejiminin dəhşətli təzahürlərindən biri də əhalinin sayını və beləliklə işçi qüvvəsini artırmaq məqsədi ilə qəbul edilmiş kontrasepsiya və abortun qadağan edilməsi haqqında fərman idi (1966). Yeni qanunlara riayət edilməsinə gizli polis nəzarət edirdi. Uşaq sayı 5-dən az olan ailələr isə özəl vergi ödəməyə məcbur idilər. Doğum sayı beləcə birdən-birə artdı. Eyni zamanda, gözlənilməyən problemlər meydana çıxdı. Uşaqlarının baxım məsrəflərini qarşılaya bilməyən bir çox yoxsul ailə onları uşaq evlərinə buraxmaq məcburiyyətində qalırdılar. Çauşeski hakimiyyətinin devrildiyi 1989-cu ildə uşaq evlərinə tərk edilmiş uşaqların sayı 17000 idi.
Yetərincə qidalanmayan və həddən artıq gigiyenik olmayan şəraitdə yaşayan uşaqlara qarşı laqeyd və qəddar münasibət hökm sürürdü. Uşaq evlərində geyim çatışmırdı, soyuq idi və uşaqlar tibbi yardım almırdılar. Ancaq ən pisi mental və sensor stimullaşmanın, insan sevgisinin, yaxınlığının və şəfqətin tamamilə olmaması idi. Uşaqlar çılpaq divarlarla əhatə olunmuşdu, oyuncaqlar və kitablar yox idi. Uşaqlar beşiklərdə saxlanılırdı, fiziki cəhətdən zəif idilər. Psixososial deprivasiya o dərəcədə idi ki, qonaqlar görünəndə uşaqlar onları əhatə edir, dizlərinə dırmaşmağa çalışır, qucaqlayır və ya əllərindən tuturdular.
Amerikalı psixoloq və tədqiqatçı alim Ç.Nelson ziyarətçilər arasında idi. Rumıniya uşaq evlərinin məhrumiyyət mühitini gördükdən sonra Nelson və həmkarları bu cür yaşayış şərtlərinin uşaq inkişafına emosionalvə koqnitiv təsirlərini öyrənmək üçün 2000-ci ildə Buxarest Erkən Müdaxilə Layihəsini (BEML) başlatdılar. BEML uşaq evlərinə və ailələrə yerləşdirilmiş uşaqlar haqqında ilk və yeganə nəzarət edilən randomizə olunmuş araşdırma olub, bağlılığın vacibliyinə və uşağa qayğı göstərilməməsinin mənfi nəticələrinə dair Boulbi tərəfindən irəli sürülən fikirləri ciddi şəkildə sınamaq imkanı verir.
Tədqiqatın metodları və gedişi
Rumıniyanın Buxarest şəhərində Çavuşesku rejiminin yıxılmasından on il sonra başlayan araşdırmada şəhərdəki uşaq evlərinə yerləşdirilmiş kiçik uşaqlar nümunə üçün seçilmişdi. Hələ də bu institusional şəraitdə yaşayan uşaqlar (ortalama yaş 22 aylıq) idrak, beyin fəaliyyəti daxil olmaqla geniş diapazonlu bir çox sahələr üzrə qiymətləndirimişldi. Bu ilkin qiymətləndirmədən sonra uşaqlar (n = 136) artıq qayğı daxilində uşaq evlərində və ya mümkün olduqda qurumlardan uzaqlaşdırılaraq əvəzedici ailələrin himayəsində yaşamağa davam edirdilər. Bu uşaqları qəbul edən ailələr tədqiqatçılar tərəfindən yoxlanılırdı. Müayinə və müdaxilə boyunca (hər uşaq 54 aylıq yaşa çatana qədər) bu ailələrə uşaqlara qulluq üçün əhəmiyyətli psixoloji və iqtisadi dəstək verilirdi.
BEML çərçivəsində layihədə iştirak edən və uşaq evlərində yerləşdirilmiş bütün uşaqlar üçün bağlılıq səviyyəsi təsadüfi randomizasiya mərhələsindən əvvəl qiymətləndirilmişdir. Uşaqların çoxu uşağına adekvat cavab verə bilməyən və lazımlı hərəkətləri etməyə qadir olmayan "köməksiz" anaların uşaqlarına xas olan bir etibarsız və nizamlanmamış bağlılıq nümunəsini göstərmişdi
Uşaqlarda 30, 42 və 54 aylıq dövrlərdə və sonradan 8 və 12 yaşlarında
müdaxilənin bağlılığa təsiri təkrar qiymətləndirildi. Bu, valideynlərlə yaxın emosional təmas olmaması nəticəsində ortaya çıxan psixi pozuntu olub, qorxu, həddindən artıq sayıqlıq, həmyaşıdları ilə münasibət qura bilməmək, aqressivlik (reaktiv bağlanma pozuntusu) və ya "yapışqanlıq" (diqqəti cəlb etmək üçün tanımadığı insanlara qarşı ayrı-seçkilik etmədən səmimi davranış – ifrat bağlanma pozuntusu) ilə ifadə edilir. Foster qrupundakı uşaqlarda zaman keçdikcə reaktiv bağlanma pozuntusu əlamətlərində əhəmiyyətli dərəcədə azalma müəyyən olunmuşdur.
Təkrari qiymətləndirmə zamanı 42 aylıq dövrdə ailələrə yerləşdirilən uşaqlar uşaq evlərində yaşayan uşaqlarla (17,5%) müqayisədə daha yüksək etibarlı bağlılıq səviyyəsi (49,2%) göstərdilər. Eyni zamanda, 24 aydan yuxarı yaşda əvəzedici ailələrdə yerləşdirilmiş uşaqlarla müqayisədə, ailələrə 24 ayadək yerləşdirilən uşaqlar arasında etibarlı bağlılıq səviyyəsi xeyli yüksək idi. Bu, uşağın baxıcısına heç bir bağlılıq göstərmədiyi ən ekstremal vəziyyətdə belə elastiklik səviyyəsinin saxlanıldığını, növbəti yetkin baxıcı ilə etibarlı uyğunlaşma əlaqəsinin formalaşması üçün kifayət olduğunu göstərir. Bununla birlikdə, bu plastiklik məhdud deyil və "zaman pəncərəsi" var. Məlumatlar göstərir ki, uşaq adekvat bir ailə mühitinə nə qədər tez yerləşdirilərsə, məhrumiyyətin zərərli təsirindən qurtulma ehtimalı o qədər yüksək olur. Yəni nə qədər tez olarsa, bir o qədər yaxşıdır.
Nəticələr
BEML (Rumıniyalı kimsəsiz uşaqların araşdırılmasına əsasən) inkişafın kritik dövrlərində erkən psixososial deprivasiyanın uşaqlıqda və sonrakı illərdə uşağın nevroloji, bioloji inkişafına təsirini, institusional təhsilin bağlılığın formalaşmasında mənfi rolunu, ailələrə yerləşdirilən uşaqlarda daha yüksək etibarlı bağlılıq səviyyəsi olduğunu göstərdi.
Mənbə
Early Psychosocial Deprivation: Longitudinal Studies (Romanian Orphans' Case). Konsul'tativnaya psikhologiya i psikhoterapiya = Counseling Psychology and Psychotherapy, 2019. Vol. 27, no. 2, pp. 167–177. doi:10.17759/cpp.2019270211.
Fikriniz
0
0