Hər bir qadının həyatında hamiləlik dövr&u...
Serebral iflic prenatal və perinatal baş beyin zədələnməsi nəticəsində baş verən, proqressivləşməyən, hərəki məhdudiyyətə səbəb olan pozuntudur və ən çox rast gəlinən əlilliklərdəndir. Serebral iflicin simptomları mülayimdən ağır gedişliyə qədər uşaqdan uşağa dəyişir. Bu, beynin zədələnmə dərəcəsindən aslıdır. Uşaqlarda motor bacarıqların gecikməsi, əzələ tonusunun dəyişməsi, nitq inkişafında gecikmələr, ataksiya, koordinasiya pozuntusu, qeyri-iradi hərəkətlər (hiperkinezlər), udma problemləri, qıcolmalar, əqli gerilik, görmə problemləri rast gəlinən əlamətlərdir. Serebral iflicdə erkən diaqnoz və erkən müdaxilə çox vacibdir.
Serebral iflicin səbəbləri nələrdir?
Hamiləlik və doğuş zamanı yenidoğulmuşun beyin zədələnməsi, hamiləliyin patologiyaları, asfiksiya, sarılıq, beynə qansızma, travmalar, ensefalit və meningit kimi neyroinfeksiyalar serebral iflicə səbəb ola bilər.
Risq qrupuna aid uşaqlar
Vaxtından əvvəl doğulanlar
Əkiz doğulanlar
Ayaq gəlişilə doğulanlar
Ana ilə uşaq arasında RH uyğunsuzluq
Serebral iflicin müxtəlif tipləri var. Hər bir tip üçün xüsusi hərəki pozuntu xarakterikdir. Spastik tip ən geniş yayılmış serebral iflic tipidir. Bu zaman yeriş anormallığı, duruş pozuntusu, ətraflarda spastiklik, reflekslərin yüksəlməsi, yeriyərkən ayaqları çarpazlaşdırma xarakterikdir.
Hipotonik tip spastik tipin əksinə əzələ hipotoniyası ilə görülür. Ətrafların sallanması kimi görünən bu tipdə əzələ sistemini kontrol etmək çətinləşir. Boynunu yaxşı tuta bilməmək, reflekslərdə zəifləmə, yerimə pozuntusu xarakterikdir.
Ataktik tip ən az rast gəlinən serebral iflic tipidir. Yerimənin çox gecikməsi, baş və gövdə kontrolunun olmaması, müvazinət pozuntusu, ataksiya, motor bacarıqların inkişaf etməməsi bu tip üçün xarakterikdir.
Diskinetik tipə aid olan uşaqlar bədən hərəkətlərini idarə etməkdə çətinlik çəkirlər. Hiperkinezlər ətraflarda, üzdə, dildə müşahidə olunur. Bunlar uşağın yerimə, oturma, udma, danışmasına çətinlik yaradır.
Qarışıq tip spastik və diskinetik tiplərin birlikdə olmasıdır. Spastik və diskinetik tipə aid olan narahatlıqlar eyni vaxtda olur.
Diaqnoz qoyularkən nevroloq ilk növbədə uşağın doğumdan əvvəl, doğum zamanı və doğumdan sonrakı anamnezini toplamalıdır. Beyin zədəsini dəqiqləşdirmək üçün beyin MRT olunmalı, qıcolmalar varsa EEQ olunmalı, görmə, eşitmə pozuntusu varsa, mütəxəssis müayinəsinə göndərilməli, laborator müayinələr olunmalıdır. Bu uşaqların cəmiyyətə qoşulması, öz ehtiyaclarını qarşılaya bilmələri, sosial əlaqələri üçün erkən müdaxiləyə, erkən reabilitasiyaya ehtiyacları var. Xüsusu bir medikamentoz müalicəsi yoxdur, simptomatik olaraq qıcolma əleyhinə preparatlar, miorelaksant qrup preparatlar istifadə oluna bilər. Ətraflarında spastiklik olan xəstələrdə botoks müalicəsi də tövsiyə olunur. Ən ideal müalicə fiziki müalicə – müalicəvi idman hərəkətləridir ki, bu da fizioterapevt mütəxəssisin köməyilə uzun müddət davam etməlidir.
Mənbələr
https://www.medicana.com.tr/saglik-rehberi-detay/10334/serebral-palsi-nedir
https://www.healthline.com/health/cerebral-palsy#classifications
Fikriniz
0
0