Uşaqlarda meningitlərin diaqnostikası

Meningit – baş beyin və ya onurğa beyni qişalarının iltihabi xəstəliyidir. Xəstəlik hava-damcı yolu ilə keçir, bakteriyalar, viruslar, göbələk və parazitlər tərəfindən törənir. Simptomlar gecə vaxtı, güclü səs, parlaq işıqda, bədən vəziyyətini dəyişdikdə  artır. 

Meningitlərin 2/3 hissəsi 15 yaşdan aşağı olanlarda, onlardan 80%-i isə 5 yaşa qədər uşaqlarda qeydə alınır. Yenidoğulmuşlar və 6-9 aylıq uşaqlar xüsusi risk qrupuna daxildir. Uşaqda oyanıqlıq, ağlağanlıq və dəfələrlə qusma qeydə alınarsa, meninqokokk infeksiyasından şübhələnmək lazımdır.

Əgər kiçik yaşlı uşaqlarda qoltuq altından asma (Lesaj), “dizi öpmə” (Meytus) simptomları, südəmər uşaqlarda əmgək triadası: əmgəyin şişməsi, gərginliyi və pulsasiyası varsa, meningiti fikirləşməyə əsas verir. Bunlarla yanaşı patoloji reflekslərin olması (Babinski, Qordon, Rossolimo, Oppenheym refleksləri, pəncələrin klonusu), cəpgözlük, nistaqm, burun-dodaq büküşünün hamarlanması, üzün asimmetriyası, göz qapaqlarının yumulmaması, eşitmənin, görmənin zəifləməsi və itməsi, hemiparezlər ola bilir. 

Meningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlar bunlardır:

  • Kerniq simptomu – xəstə arxası üstə uzanmış vəziyyətdə həkim düz bucaq altında bud-çanaq və diz oynaqlarında ayağı bükür və sonra diz oynağında açır. Baş beyin və onurğa beyni qişalarının qıcıqlanması zamanı diz oynağında ətrafın açılması əzələlərin tonik gərginləşməsinə görə çətinləşir, bəzən ağrı olur. 

  • Brudzinski (yuxarı) simptomu – arxası üstə uzanmış xəstədə həkim ənsə əzələlərinin rigidliyini yoxladıqda, passiv olaraq başı önə əyir, bu zaman ətraflar diz və bud-çanaq oynağında bükülür.  

  • Brudzinski (orta) simptomu – qasıq nahiyəsinə təzyiq göstərdikdə reflektor olaraq ətraflar diz və bud-çanaq oynağında bükülür.

  • Brudzinski (aşağı) simptomu – Kerniq simptomunda olduğu kimi bükülmüş ətrafı diz oynağında açırlar. Bu zaman digər ətraf diz oynağında bükülür.

  • Mendel simptomu – xarici qulaq keçəcəyinin ön divarına təzyiq etdikdə, hətta huşsuz vəziyyətdə olan xəstədə həmin tərəfdə ağrı və üzdə ağrılı ifadə yaranır. 

  • Bexterevin yanaq refleksi – nevroloji çəkiclə yanaq qövsünü döyəclədikdə üzün həmin tərəfində baş ağrısı və ağrılı ifadə yaranır.

 Uşaqlarda meningit zamanı patoloji reflekslərin əmələ gəlməsi və yoxlanması:

  • Babinski simptomu – təhrif olunmuş ayaqaltı refleksdir. Piramid fəaliyyətinin pozulması zamanı meydana çıxır. Bu refleksi yaratmaq üçün pəncəaltının lateral hissəsini cızmaqla qıcıqlandırmaq lazımdır. Bu zaman baş barmaq açılır, o biri barmaqlar yelpikvari vəziyyət alır. 

  • Rossolimo simptomu – bu simptomu almaq üçün pəncənin II və V barmaqlarının altına çəkiclə vurulur. Bu zaman cavab olaraq həmin barmaqlar bükülür. 

  • Oppenheym simptomu – əlin baş və şəhadət barmağını qamış sümüyünün ön səthinə yuxarıdan aşağıya doğru təzyiqlə çəkdikdə cavab reaksiyası kimi ayaq baş barmağının açılması və o biri barmaqların yelpikvarı vəziyyət alması ilə özünü göstərir.  

  • Qordon simptomu – müayinə edən həkim əli ilə xəstənin baldır əzələlərini sıxdıqda ayaq baş barmağının həmin qaydada reflektor açılmasıdır. 

Meningit zamanı əsas laborator müayinə üsulları:

  • Qanın ümumi müayinəsi (leykositoz, leykoformulada sola meyllilik, neytrofilyoz, EÇS-in artması) 

  • Qanda elektrolitlər, kreatin, trombositlər, şəkər, sidik cövhərinin müayinəsi  

  • Meninqokokların, pnevmokokların və hemophilus influenzaenin (qanda, burun-udlaq seliyində) təyini üçün Lateks-testin aparılması 

  • Bakterioloji üsul – törədicinin təmiz kulturasının alınması (qan, burun-udlaq seliyi, likvor, səpgi elementlərindən götürülmüş material, bioptatlar) 

  • Lyumbal punksiya baş beyin KT müayinəsindən sonra və ciddi aseptika şəraitində onurğa beyni mayesi almaq üçün aparılır. 

İnstrumental müayinələr:

  • EEQ – qıcolmalar zamanı beyin qabığının oyanıqlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparılır.

  • Döş qəfəsinin rentgenoloji müayinəsi – pnevmoniyanın olmasına şübhə yarandıqda aparılır .

  • KT (və ya MRT) – baş beyin hematomasının və digər həcmli proseslərin inkar edilməsi məqsədilə lumbal punksiyadan əvvəl yerinə yetirilir .

Bakterial meningitlər qripə bənzər əlamətlər: baş ağrıları, qızdırma, yuxululuq, boyun nahiyəsində ağrı ilə keçə bilər.  Ən çox rast gəlinən bakterial törədicilər aşağıdakılardır: 

  • Yenidoğulmuşlarda xüsusilə B qrup streptokokları, E.coli, Listeria monocytogenes 

  • 3 ay-18 yaş qrupunda H.influenza, meninqokoklar, pnevmokoklar

Meninqokokk meningiti və meninqokokkemiya  

Meninqokokk infeksiyası meninqokoklar tərəfindən törədilən, klinik olaraq nazofaringit, meningit və ya meninqokokk sepsisi şəklində gedən kəskin yoluxucu xəstəlikdir. Meninqokokk infeksiyası 2 əsas sindromla səciyyələnir: 

  • I sindrom: meninqokokk meningiti – bütün yaş qruplarında, daha çox uşaqlarda qeydə alınır. Meninqokokk infeksiyası üçün petexiyaların olması xarakterikdir. Meninqokokk meningiti zamanı ölüm halları 5%-ə qədərdir .

  • II sindrom: meninqokoksemiya hərarətin kəskin artması, şok, çoxsaylı petexiyalar, qansızmalar  ilə səciyyələnir. Bu sindrom ildırımvari sürətlə baş verərək bir neçə saat ərzində ölümlə nəticələnə bilər. Onurğa beyni mayesinin (OBM) müayinəsi zamanı az miqdarda törədicini, tək-tək PNL olmasını, eyni zamanda zülal və qlükozanın normal səviyyəsini aşkarlamaq olur.

Pnevmokokk meningiti uşaqlarda otit, sinusit zamanı rast gəlinə bilər. Hemofilus influenza meningiti ən çox payızda və qışda qeydə alınır. Ən çox faringit, sinusit, epiqlotit, otit nəticəsində təzahür edir. Bu infeksiya zamanı petexiyalar nadir hallarda olur. H.influenza tərəfindən törədilən meningit ən çox 5 yaşadək uşaqlarda rast gəlinir. 

Vərəm meningiti yarımkəskin başlayır və onurğa beyni mayesində 1 mkl-də 200-300 leykosit, limfositə qədər proqressivləşir. Xəstəlik proqressivləşdikcə qlükozanın miqdarı tədricən aşağı düşür, zülalın miqdarı isə artır. Yaxma mənfi nəticə göstərir. Törədicinin 3/4 halda aşkar edilməsinə baxmayaraq, onun əkilməsi üçün 2-6 həftə tələb olunur. Ona görə də vərəm meningitinə şübhə olduqda onurğa beyni mayesinin əkilmə nəticələri alınanadək müalicəni başlamaq lazımdır, əks halda ağır meningeal dəyişikliklər baş verə bilər. VI sinirin iki tərəfli iflici vərəm üçün çox səciyyəvidir. Ölüm 25%-ə çatır, vərəm meningitindən sağalan şəxslərin 25%-də psixi və ya nevroloji pozuntular qalır. Suçiçəyi virusu da meninqoensefalit törədə bilər.

Aktiv dispanserizasiya – stasionardan çıxdıqdan bir ay sonra, daha sonra bir il ərzində 3 ayda bir dəfə və sonrakı ildə 6 ayda bir dəfə aparılır. Stasionardan çıxdıqdan sonra xəstə 3 həftə ərzində poliklinikada reabilitasiya keçməli, məktəblilər 6 ay ərzində idman və bədən tərbiyəsindən azad edilməlidirlər. Belə uşaqlara qoruyucu rejim tətbiq olunur (sakit şərait, təmiz hava, televiziyaya baxışın və kompüterlə işləməyin məhdudlaşdırılması).

Dispanser müşahidəsi zamanı nevroloji simptomatikanın dinamikası, əqli və nitq imkanları, likvorodinamika, təyin olunmuş rejimə əməl etmə nəzərə alınmalıdır. Ehtiyac olduqda təkrar hospitalizasiya, yaxud sanator müalicə təyin olunur. Qalıq əlamətlər olmadıqda, rekonvalessentlərin aktiv dispanser qeydiyyatından çıxarılması 2-3 ildən sonra mümkündür. 

Ocaqda əks-epidemik tədbirlər 

  • Xəstənin mütləq qaydada hospitalizasiyası 

  • Ocaqda (evdə), mütəşəkkil kollektivlərdə (2 və daha artıq hal olarsa) son dezinfeksiyanın aparılması 

  • Xəstələrlə təmasda olan uşaqlar üzərində 14 gün müddətində müşahidə (əsnəyə, dəriyə baxış, termometriya) 

  • Təmasda olan uşaqlara həkim-nevroloqun baxışı 

  • Təmasda olan uşaqların birdəfəlik virusoloji müayinəsi 

  • Uşaq məktəbəqədər müəssisələrdə axırıncı uşağın müəyyən edilməsindən sonra 14 gün müddətində karantin qoyulması 

Meningit təhlükəli infeksion xəstəlikdir. Bu haqda məlumatlı olmağımız xəstəlyi vaxtında dəyərləndirib, hospitalizasiyaya erkən göndərmək, müalicəyə tez başlamaq uşaqların həyatını qurtara bilər.

 

Mənbə

  1. https://isim.az/upload/File/reports/10_Meningitis.pdf