Uşaqlarda çox rast gəlinən bakterial infeksiyaların müalicəsi ilə bağlı son araşdırmalar

Virus qorxusu bürümüş bir dünyada antibiotiklərdən düzgün istifadə edilməməsi və mikrob əleyhinə preraratlara qarşı müqavimətin artması nəticəsində yaranan zərər arxa plana keçmişdir. Ancaq bu, antibiotiklərin düzgün istifadəsinə ehtiyacın  olmaması demək deyil. Son bir neçə ayda uşaqlarda antibiotiklərin istifadəsi ilə bağlı qərar qəbul etməyə təsir göstərəcək bəzi əsas araşdırmaları nəzərə çatdıraq.

Sidik yolları infeksiyasının (SYİ) müalicəsi 

Anamnez, kliniki əlamətlər və laborator göstəricilərin nəticələrinə əsaslanan sidik yolları infeksiyasına şübhə olan bir uşağın ilkin müalicəsi üçün antibiotik empirik olaraq seçilir. Bəzən ilkin seçim səhv olur, yəni laborator  müayinənin nəticələri bakterial izolatın təyin edilmiş antibiotikə həssas olmadığını göstərir. 

"Mübahisəli" antibiotik qəbul edən uşaqlar bu halda əziyyət çəkirlərmi?
Aparılan bir araşdırmada SYİ diaqnozu qoyulan və laborator müayinədə üçüncü nəsil sefalosporinlərə qarşı davamlı olduğu təsbit edilmiş bakterial izolatlar aşkar edilən 300-dən çox uşağın (əsasən ambulator) məlumatları təhlil edilib. Bu uşaqların 90%-dən çoxu əvvəlcə sefaleksin (dar spektrli yanaşma) alsalar da, onlardan yalnız 2,2%-də baxımın güclənməsi tələb olunmuşdu. Ümumiyyətlə xəstələrin böyük əksəriyyətində (85%) kliniki yaxşılaşma müşahidə edilmişdi. Nəticələr göstərir ki, xəstədə SYİ ilə bağlı şübhələr olsa da, əkilmənin nəticələrini gözləyərkən dar spektrli antibiotik qəbul etməyə başlaya bilərik.

Amerika Pediatriya Akademiyasının 2011-ci ildə dərc olunmuş Kliniki Təcrübə Təlimatlarında yerli həssaslığı nəzərə alaraq, son zamanlarda SYİ müşahidə olunmayan xəstələrə dar spektrli antibiotiklərin təyin edilməsinin vacibliyi vurğulanır. Uşaqlarda SYİ-ə əksər hallarda Escherichia coli səbəb olduğu üçün təcrübə təlimatlarında sefalosporin, amoksisilin və klavulan turşusu və ya trimetoprim-sulfametoksazol qəbul edilməsi tövsiyə olunur. Antibiotiklərin dəyişdirilməsi və bakterial floranın həssaslığına daha uyğun antibiotiklərin təyini infeksiyanın təkrarlanmasının və ya SYİ-nin ağırlaşmalarının qarşısını almağa kömək edə bilər.

Uşaqlarda xəstəxanadankənar pnevmoniyanın (XP) müalicəsi 

Digər bir son araşdırmada təcili yardım şöbəsində XP diaqnozu qoyulan və ilkin müalicə üçün antibiotik empirik olaraq seçilən, sonrakı mərhələdə geniş spektrli antibiotiklər təyin edilərək və təyin edilməyərək evə göndərilən uşaqların nəticələri müqayisə edilmişdir. Bu uşaqların hamısı 3 aydan 18 yaşa qədər idi. Uşaqlara XP diaqnozu qoyulmuş və müayinə çərçivəsində döş qəfəsinin rentgenoqrafiyası edilmişdir. Tədqiqatçılar ailələrə təcili yardım şöbəsindən evə yazıldıqdan 1 və 2 həftə sonra müalicənin uğursuzluğu (təcili yardım şöbəsindən evə yazıldıqdan 30 gün ərzində pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirmə, 30 gün ərzində XP ilə əlaqədar olaraq antibiotikin dəyişilməsi tələb olunan hər hansı bir vəziyyət) barədə məlumat toplamaq üçün zəng etdilər. Müalicənin uğursuzluğu hər iki qrupda eyni sayda uşaqda (8.8%) müşahidə edimişdir. Şübhəsiz ki, bu, uşaqlarda aşağı tənəffüs yollarının febril xəstəliklərinin əksəriyyətinin virus təbiətli olması ilə də əlaqədardır. Ancaq bu nəticəyə gələ bilərik ki, bu araşdırmada heç nə geniş spektrli antibiotiklərin dar spektrli antibiotiklərdən daha yaxşı nəticə verməsini göstərmir.

 Uşaqlarda XP diaqnozu və müalicəsi üzrə mövcud təlimatlarda da antibiotiklərin empirik seçimi haqqında məlumar verilir. 5 yaşdan kiçik uşaqlar üçün Steptococcus pneumoniae müalicəsi empirik seçim tələb edir. Amoksisillin gündə 80-90 mq/kq dozada tövsiyə olunur (yəni "yüksək doza"). Amoksisillinin gündəlik üç dəfə dozalanması sefalosporinlərlə müqayisədə, xüsusilə də sonuncular  gundə 1 dəfə tətbiq olunarsa, qan zərdabında daha təsirli konsentrasiyaya nail olmağa imkan verir. 5 yaşdan yuxarı uşaqlarda XP etiologiyasında atipik bakteriyalar böyük rol oynayır və empirik terapiya klinik şəklə uyğun təyin olunmalıdır. Atipik bakterial XP üçün makrolidlər seçim terapiyası olub, amoksisillin və ya sefalosporinlər kimi pnevmokokklara qarşı eyni müdafiə təmin etmir. Buna görə də makrolid terapiyasına cavab verməyən bir ambulator XP zamanı pnevmokokklara daha yaxşı təsir məqsədilə təsir dairəsinin genişləndirilməsinə diqqət yetirilməlidir. 

 Nəticələr 

İki araşdırmanın nəticələri göstərir ki, dar spektrli antibiotiklərlə müalicə SYİ və ya XP-yə görə ambulator müalicə alan uşaqlar üçün geniş spektrli antibiotiklər qədər effektivdir. Bununla yanaşı, mürəkkəb xəstəlikləri, kompleks tibbi şərtləri olan uşaqların hər iki tədqiqatdan kənarlaşdırıldığını unutmamaq lazımdır.

Mümkün qədər dar spektrli antibiotikləri empirik olaraq və qısa müddətə seçin. Eyni zamanda,  lazım olduqda ailələri antibiotik müalicəsi almağa təşviq edin.

 

Mənbələr

  1. William T. Basco, Jr, MD, MS Latest Research on Treating Common Bacterial Infections in Kids: A Short Summary - Medscape - May 29, 2020.