Yenidoğulmuşlarda eşitmə testinin autizmin erkən aşkarlanmasında perspektivliyi

Sosial ünsiyyət və qarşılıqlı əlaqə problemlərini özündə cəmləşdirən autizm spektr pozuntusu (ASP) təxminən 59 uşaqdan birində rast gəlinir. Erkən aşkarlama və müdaxilə nəticələrin yaxşılaşdırılması üçün vacibdir.

ABŞ-da aparılan tədqiqatın nəticələri yenidoğulmuşlarda geniş tətbiq olunan eşitmə testinin autizmin erkən aşkarlanması üçün indiyə kimi istifadə edilməmiş potensial imkanlarını göstərir. Tədqiqatın nəticələri 31 oktyabr 2020-ci il tarixində “Autism Research” jurnalında dərc edilmişdir.

Yenidoğulmuşlarda eşitmənin universal skrininqi (UNHS- Universal neonatal hearing skreening) üçün istifadə olunan ABR (Auditory brainstem response) testi zamanı eşitmə sinirinin və beyin kötüyünün səsə cavabını ölçmək üçün səthi elektrodlardan istifadə edilir.  Səslər səthi elektrod tərəfindən qeyd olunan elektrik aktivliyini yaradır və beyin kötüyünə çatdıqda ardıcıl beş dalğa yaradır - I, II, III, IV və V dalğalar. Tədqiqat zamanı aşağı intensivlikli səsdən istifadə edilmişdir. Eşitmə testi zamanı qulaqcıq uşağın qulağına qoyularaq sağ qulaqda saniyədə 77, sol qulaqda saniyədə 79 səs sürətilə normal eşitmə səviyyəsindən 35 dB yuxarı şıqqıltı səsinin ötürülməsi həyata keçirilmişdir.

Əvvəlki tədqiqatlar autizm olan uşaqlarda anormal ABR amplitudlarını təyin etmişdi. Hazırki tədqiqatın nəticələri ASP qrupunda sağ qulaqdakı ABR fazasının ASP olmayan qrupla müqayisədə əhəmiyyətli dərəcədə uzandığını göstərdi (P <0.001). Sol qulaqdakı ABR fazası ASP qrupunda əhəmiyyətli dərəcədə uzanmışdı (P = 0.021). Beləliklə, V-mənfi dalğa normal inkişaf edən uşaqlarda 8 ms-dən, ASP qrupunda isə 8,5 və ya 9 ms-dən sonra görünür.

Tədqiqatın aparıcı müəllifi Harvard Tibb Fakültəsi Biotibbi İnformatika Bölümünün elmi işçisi Oren Miron bildirmişdir: «Alınmış nəticələr autizmin bir çox hallarda sensor və eşitmə aspektləri olduğuna və səsə mənfi reaksiyaların autizmin ən erkən davranış əlamətlərindən biri olduğuna dair anlayışımızı daha da gücləndirir. Yenidoğulmuşlarda eşitmənin universal skrininqi (UNHS) üçün  istifadə olunan ABR testi eşitmə qüsurlarının aşkarlanması üçün optimallaşdırılaraq minlərlə uşağa kömək etməyə imkan verir. Doğuşdan sonrakı ilk həftələrdə ASP ABR biomarkerlərinin mövcudluğu bu uşaqların böyük bir qrupunda autizm spektr pozuntusunun doğuşdan əvvəl meydana gəlmə ehtimalının olduğunu göstərir.

ABR testi yalnız eşitmə zəifliyini aşkarlamaq üçün deyil, eyni zamanda daha az intensivlik istifadə etməklə autizm riskini müəyyənləşdirmək üçün də dəyişdirilə bilər. Bu, davranış pozuntularının daha erkən diaqnozuna, ASP olan uşaqlar üçün daha erkən müalicəyə və daha yaxşı nəticələrə səbəb ola bilər. Eşitmə testi autizm üçün yalnız bir göstərici olub, xəstəliyin erkən diaqnozu, müalicəni asanlaşdırmaq və nəticələrini yaxşılaşdırmaq üçün digər davranış xüsusiyyətləri və genetik  markerlərlə birləşdirilməlidir. 

Yeni tədqiqat V-mənfi və faza anormaliyalarının ASP ilə əlaqəli olduğunu göstərən ilk tədqiqat olub, ASP olan insanlarda bu dəyişilliklərin beyin kötüyündəki anatomik anomaliyalar ilə əlaqəli ola biləcəyini göstərir. Yenidoğulmuşlarda  eşitmə testinin klinik cəhətdən faydalı, daha dəqiq və spesifik olması üçün daha çox araşdırmalar aparmaq lazımdır.

 

Mənbə

  1. Common Newborn Hearing Test Promising for Early Detection of Autism - Medscape - Nov 17, 2020.