Normal sidik ifrazına nəzarət edilməsi adətən 3...
Yenidoğulnuş dövrdə olduğu kimi, bu inkişaf mərhələsində də böyüklər ünsiyyətin təşkilinə düzgün yanaşmalıdır. İndiyə qədər uşaq və valideyn arasında qarşılıqlı əlaqədə böyüklər təşəbbüskar olmalı idisə, körpəliyin ikinci ayından sonra ünsiyyətdə “ilk addım” uşağın öhdəliyinə verilməlidir. Canlanma kompleksi müşahidə etdiyiniz məqamda bilin ki, bu uşağın ünsiyyət təşəbbüsü sizə yönəldilib və bu zaman siz tərəfdən dəyərləndirilməlidir.
Bəs bunu necə etmək olar? Uşaqla emosional əlaqəyə daxil olduqda aşağıdakı tövsiyələrə əməl etməklə körpənin ünsiyyətdə olan təşəbbüskarlığını inkişaf etdirmək olar:
Fiziki təmasın təmin edilməsi. Adətən iki aylıq uşaqlara onları sığallamaq, barmaqlarını saymaq, ayaq və əllərlərlə yüngül idman etdirmək kimi fiziki təmaslı hərəkətlər körpəyə həzz bəxş edir.
Nəvazişli tonla danışmaq. Mütləq şəkildə uşağın sizə yönələmiş müraciətini dinləyin və danışğı dayandırdıqdan sonra ünsiyyəti siz davam edin.
Təbəssüm. Uşaq tərəfindən göstərilən bütün davranışları (təbəssüm, ayaq və əllərlə hərəkət, müxtəlif səslər və baxış) qarşılıqlı təbəssümlə müşayiət edin.
Baxış. Körpənin gözlərinə baxmağa unutmayın və bu göz təmasının uzatmağa çalışın.
Burada əsas məsələ körpə-valideyn arasında olan ünsiyyət çərçivəsində aktiv və passiv rolların ardıcıllığın təmin edilməsidir. Yani əgər uşaq “danışırsa”, siz izləmə roluna keçməli və körpə “nitqi”ni bitirdikdən sonra özünüz danışmağa başlaya bilərsiniz.
Körpəni əmizdirərkən qucağınızda saxlayın, hətta butulkadan yedizdirsəniz belə. Uşağa zorla qida vermək yerinə ona ilk olaraq yeməyi dadmaq üçün imkan yaradın. Daddıqdan sonra üzündə olan reaksiyanı izləyin və əmziklə olan butulkanı yaxınlaşdırıb ağzını açmağını gözləyin.
Uşaq ağladıqda və qışqırdıqda onu qucağınıza götürün və sakitləşdirməyə çalışın. Çoxsaylı tədqiqatlar onu göstərir ki, narahatlığı vaxtında aradan qaldırılmış körpələr gələcəkdə daha sakit olurlar.
Həyatın ilk aylarında uşağı güzgüdə özü ilə tanış edə bilərsiniz. Üçüncü ayında o artıq özünü güzgüdə tanımağa başlayacaq. Bunu onun diqqətlə güzgüdəki təsvirini izləməsi və təbəssümündən görə bilərsiniz.
Öz təsviri ilə yanaşı ünsiyyət zamanı uşaq yetkin insanların obrazlarını da təsəvvüründə formalaşdırır. Yaxın və uzaq (tərbiyəsində iştirak cəhəddən) böyükləri ayıra bilir. Belə ki, 3-4 aylarında uşaq bütün yetkinlərə maraqla yanaşır, lakin bu diqqətin intensivliyi həmən yetkin insanın uşağa nə qədər yaxın olmasından aslıdır. Ana ilə ünsiyyətdə körpə daha təşəbbüskardır. Ana yaxınlaşan kimi dərhal təbəssüm edir, qığıldayır və babılldayır ki, onun diqqətini cəlb etsin. Tanış olmayan yetkin insanın üzünə isə diqqətlə baxır.
Körpədə yetkin insanın obrazını tam formalaşdırmaq üçün körpə ilə ünsiyyətdə olmaq lazımdır. Ünsiyyətin müxtəlifliyi yetkin insanın uşaqda olan təsvirini daha bütöv edir. Bunun üçün körpəlik dövründə uşağa müxtəlif insanlarla ünsiyyət təşkil etmək lazımdır. Bilmək lazımdır ki, körpəlik dövründə müxtəlif insanlarla ünsiyyətdə olan uşağın gələcək inkişafında qorxular, xüsusilə anadan ayrılma qorxusu ilə qarşılaşma ehtimalı çox aşağıdır. Nəticə etibarilə gələcəkdə bağça mühitinə daha tez uyğunlaşırlar.
Dostlarınızı, müxtəlif yaş kateqoriyasından olan uşaqları körpə ilə ünsiyyətdə olmağa icazə verin. Onun ətraf insanlarla ünsiyyət təşəbbüslərini dəyərləndirin. Bu, həm də gələcəkdə uşağın ünsiyyətli olmağına kömək edəcək.
Körpəyə müraciət etdiyiniz zaman nitqinizdə onun çıxardığı səsləri istifadə etməyi unutmayın!
Fikriniz
0
0