Hər bir qadının həyatında hamiləlik dövr&u...
Oyun körpələrin oyaq vaxtlarında əsas fəaliyyət növüdür. Demək olar ki, uşaq oyunda özünü balıq suda hiss etdiyi kimi hiss edir. O, oynayarkən özünü xoşbəxt hiss edir və diqqətini oyuna cəmləyir. Çünki uşaq üçün oyun dincəlmək deyil, oyun onun əsas məşğuliyyətdir. Uşaq oynayarkən baxır, eşidir, toxunur, yaradır, sığallayır, dadına baxır, iyləyir. O, rənglərdən, ritmlərdən, musiqidən həzz alır və beləliklə, oyun uşağın beynini inkişaf etdirir. Uşağa sevinc verən hər şey onun beyin inkişafı üçün xeyirlidir. Oyun, gülüş, torpaqda sürüşmək, dırmaşmaq, qaçmaq uşağın beyin inkişafını sürətləndirir.
Bəzən böyüklər oyun fəaliyyətinin əhəmiyyətini inkar edirlər, bunu boş vaxt itkisi kimi dəyərləndirirlər. Əksinə, oyun uşağın öz individuallığının yaranması üçün vacibdir. Oyun onun həm əl, həm də intellektual bacarıqlarını inkişaf etdirən ən təbii prosesdir. Bu , uşağa onu əhatə edən ətraf aləmi başa düşməyə imkan verir.
Beləliklə, əsasən stolüstü və kollektiv oyunlar sayəsində uşaq qrupa inteqrasiya etməyi və öz yerini tapmağı öyrənir. Oyun, uşağa əylənərək öyrənmək imkanı verir. Oyun, uşağın nələrisə kəşf etməsinə, xəyalından və yaradıcılığından istifadə etməsinə kömək edir. Bir sözlə uşaqların inkişafı üçün oyunun əhəmiyyəti saysız-hesabsızdır.
Bizim təhsil sistemində uşaq ibtidai sinfə gedən kimi bəzi komanda oyun növləri istisna olmaqla, digər oyun fəaliyyətləri dayandırılır. Bu keçid lazımdırmı? Oyunu dərs öyrənməsi üçün istifadə etməyə davam edə bilməzdikmi?
Bu uşaq üçün həqiqətən stresdir. Ona oyun oynamadan öyrənməli olacağını söylədikdə o, bunun səbəbini anlamaya bilər. Çünki, bu vaxta qədər oyunlar onun əsas öyrənmə vasitəsi olmuşdur.
Çoxsaylı tədqiqatlar məktəbəqədər yaşda oyun əsaslı öyrənməyi tövsiyə edir. Forma baxımından sərbəst oyun və rəhbərli oyunu fərqləndirmək lazımdır. Sərbəst oyun adından göründüyü kimi uşağın özünün etdiyi əməllərə tam nəzarət etdiyi bir oyundur. Rəhbərli oyunda isə uşağın müəyyən bacarıq öyrənməsi üçün tərbiyəçi və ya valideyn oyuna forma və istiqamət verir.
İbtidai sinifdə oyunlar vasitəsilə dərs öyrənmək məsələsi daha çox maraq doğurur. Oyun vasitəsilə məktəbdə öyrənmənin ciddi üstünlükləri var. Oyun vasitəsilə öyrənmə əyləncəlidir. Digər tərəfdən, oyun uşaqları yaradıcılığa sövq edir.
Uşağın öyrənməsində bir hərəkətverici qüvvənin olması mütləqdir. Oyun isə uşağın dərs öyrənməsi üçün xüsusilə təsirlidir. Oyundan dəqiq və dərhal təsir gözləmək düzgün deyil. Oyunun təsirli olması üçün mütəmadi təkrarlanması da şərtdir. Oyunlar ənənəvi pedaqogika ilə əldə edilməsi daha çətin olan bilik və bacarıqların əldə edilməsinə daha geniş imkanlar yaradır. Oyun vasitəsi ilə öyrənmək bütün uşaqlara, hətta inkişaf çətinliyi olanlara da yönəlməlidir. Oyun emosional, sosial, fiziki və ya intellektual sahədə uşaq inkişafının əsas mənbəyi kimi uşaqların öyrənməsi və inkişafında mütləq istifadə olunmalıdır.
Fikriniz
0
0