Uşaqlar analarından sevgi və e...
Angina (kəskin tonzillit) yuxarı tənəffüs yollarının tez-tez rast gəlinən xəstəliklərindən olub, badamcıqlarda və digər limfoid toxumalarda gedən iltihabı proses və bədənin ümumi intoksikasiyasının inkişafı ilə xarakterizə olunur. Xəstəliyə müxtəlif mikroorqanizmlər – viruslar, bakteriyalar, göbələklər səbəb olur. Anginanın ən çox yayılmış törədicisi streptokoklardır. Eyni zamanda, virus mənşəli anginalara da çox təsadüf edilir. Xəstəliyin klinik təzahürləri streptokok angina ilə çox oxşardır, lakin mühüm fərqlər var. Onları yalnız həkim təyin edə bilər.
Xəstəlik adətən hava-damcı yolu ilə yayılır. Bununla yanaşı, evdə ümumi məişət vasitələrindən istifadə edərkən də yoluxma mümkündür. İnfeksiyanın yaxın təmasda yoluxması xəstəliyin ilk günündən mümkündür. Kiçik uşaqlar infeksiyaya xüsusilə həssasdırlar.
Yerli immunitet zəif olduğu halda, mikroblar badamcıqlarda qalır və aktiv şəkildə çoxalmağa başlayır. Beləliklə, badamcıqlar iltihablaşır və özləri bir infeksiya mənbəyinə çevrilir. Eyni zamanda, mikrobların həyat fəaliyyətinin zəhərli məhsulları qana sorulur, orqanizmdə yerli və ümumi iltihabı reaksiyaya səbəb olur. Xəstəlik vaxtında müalicə edilmədikdə ciddi ağırlaşmalar – revmatik xəstəlik, infeksion artrit, nefrit, meningit və digər patologiyalar meydana çıxa bilər.
Anginanın ümumi əlamətləri:
temperaturun 38-39˚С və daha yuxarı qalxması, titrətmə
udqunma zamanı boğazda ağrı
regionar limfa düyünlərinin böyüməsi
ümumi halsızlıq, zəiflik
iştahanın azalması
kiçik uşaqlarda ağlağanlıq
Müayinə zamanı badamcıqlarda və ətraf toxumalarda qızartı, şişkinlik, bəzən irin tıxacları müəyyən olunur.
Anginanın müalicəsi
Uşaqda anginanın olmasından şübhələndikdə valideynlər dərhal ixtisaslı bir mütəxəssisdən məsləhət almalıdırlar. Özbaşına müalicə uşağın sağlamlığına düzəlməyən zərər verə bilər. Həkim xəstəliyin növü və mərhələsinə uyğun olaraq optimal müalicəni təyin edir.
Bakterial (streptokok) angina zamanı antibiotiklər (patogenin həssaslığını nəzərə alaraq) təyin edilir. Badamcıqların virus mənşəli zədələnməsi zamanı isə antibiotiklərin istifadəsi göstəriş deyil. Xəstəyə virus əleyhinə preparatlar təyin olunur. Angina göbələklər tərəfindən törədildikdə uşağa göbələk əleyhinə dərmanlar verilir.
İltihabı azaltmaq və boğaz ağrısını aradan qaldırmaq üçün yerli spreylərdən, sorma dərmanlardan, qarqaralardan istifadə edilə bilər. Kiçik uşaqlarda ağız boşluğunu antiseptik məhlullarla yumaq olar. Yerli prosedurların istifadəsi xəstəliyə səbəb olan mikroorqanizmlərə birbaşa təsir göstərməyə imkam verir, sağalma prosesini əhəmiyyətli dərəcədə sürətləndirir və paratonzilyar abses, flegmona və s. kimi ağırlaşmaların qarşısını alır.
Uşaqlarda anginanın müalicəsində dərman preparatları ilə yanaşı fizioterapiya metodları da yaxşı effekt verir. Həkim uşağın yaşını, xəstəliyi ağırlıq dərəcəsini və mərhələsini nəzərə alaraq, ultrasəs müalicəsi, UBŞ, inhalyasiya, UYT, elektroforez, fonoforez, maqnit terapiyası, fototerapiya və s. təyin edə bilər.
Ümumi tövsiyələr
Angina yoluxucu bir xəstəlik olduğu üçün xəstə uşaq müvəqqəti təcrid olunmalıdır. Kəskin tonzillit demək olar ki, həmişə yüksək temperaturla müşayiət olunur. Bu səbəbdən valideynlər uşağın yataqda qalmasına nəzarət etməli, yüksək temperaturu aşağı salmağa çalışmalıdırlar. İnfeksiyanın orqanizmdən kənarlaşdırılmasını sürətləndirmək və susuzlaşmanın qarşısını almaq üçün körpəyə çox miqdarda təmiz su, kompot, meyvə şirələri və digər mayelər verilməlidir. Bundan əlavə, valideynlər uşağı düzgün qidalandırmalıdırlar; udlağın qıcıqlanmasının qarşısını almaq üçün isti, kobud, ədviyyatlı, qızardılmış və duzlu qidalar istisna edilməlidir. Uşaq pəhrizində qaynadılmış və ya buxarda bişmiş yeməklər, meyvə və tərəvəz püreləri, az yağlı bulyonlar olmalıdır.
Bütün hallarda unutmamalıyıq ki, müalicənin vaxtında başlaması və düzgün, hərtərəfli aparılması oynaqlar, böyrəklər və ürək tərəfindən ciddi fəsadların yaranma riskini əhəmiyyətli dərəcədə azaldır.
Fikriniz
0
0
Esgerova Feride
Oxudum, cix deyerli melamatlardi