Uşaqlarda EEQ müayinəsi

Elektroensefaloqrafiya (EEQ) müasir nevrologiya və pediatriyada geniş istifadə olunan müayinə metodlarından biridir. Bu müayinənin hansı hallarda və necə aparılmasına nəzər salaq.

EEQ müayinəsi nədir?

EEQ beynin işini öyrənmək, fəaliyyətini qiymətləndirmək üçün əsas müayinə üsuludur. Beyin də daxil olmaqla mərkəzi sinir sisteminin əsas elementləri sinir hüceyrələri – neyronlardır. Onlar elektrik impulslarını keçirmək və yaratmaq qabiliyyətinə malikdirlər. Bu impulslar (beyinin bioelektrik aktivliyi) xüsusi cihaz – elektroensefaloqraf tərəfindən qeyd olunur. Bu, çox həssas üsul olub, baş beyin qabığının və beynin dərin strukturlarının cüzi funksional dəyişkənliyini belə əks etdirir.  

Bu müayinə nə vaxt aparılır?

  • Yuxu pozuntuları: çətin yuxuyagetmə, yuxusuzluq, narahat yuxu, yuxuda gəzmək

  • Enurez (yuxuda sidik saxlaya bilməmək)

  • Qıcolma, epilepsiya (diaqnoz qoyulması, xəstəliyin izlənilməsi, müalicənin effektivliyinin təyin edilməsi)

  • Doğuş travmasının, hipoksiyanın nəticələri, psixomotor inkişafın ləngiməsi;

  • Kəllə-beyin travmaları

  • Beynin iltihabı xəstəlikləri (ensefalit, meningit)

  • Vegeto-damar distoniyası, huşunu itirmə

  • Baş ağrıları, başgicəllənmələr, xroniki yorğunluq

  • Autizm

  • Nitq pozuntuları, nitq inkişafının ləngiməsi, kəkələmə

  • Davranış  və diqqət pozuntuları, nevrozlar, panik həmlələr

  • Beyin qan dövranı pozuntuları;

  • Uşaq serebral iflici

  • Beyin şişləri

Müayinə necə aparılır?

Uşağın başı təmiz və quru olmalıdır. Uşağa elektrodlar birləşdirilmiş xüsusi papaq-dəbilqə geyindirilir və xüsusi dəliklərdən elktrod geli yeridilir. Prosedur uşağa heç bir narahatlıq vermir və tamamilə təhlükəsizdir. Ancaq hazırlıq prosesi uşağı qorxuda bilər. Bu səbəbdən evdə uşağa "sərgüzəştləri", məsələn güclü və sağlam olmaq üçün başına “sehirli dəbilqə” geyinəcəyi barədə danışmaq məsləhətdir. Böyük uşağa EEQ-nin necə və niyə edildiyini ətraflı izah edin. Erkən yaşlı uşaqlara müayinə adətən yuxu zamanı aparılır. 

Tədqiqatın müddəti 25-30 dəqiqədir. Uşağın hazırlanması daha çox vaxt aparır. Müayinənin özü 5-7 dəqiqə çəkir. Müayinə zamanı uşağın sakit davranması, ağlamaması, ac və yorğun olmaması vacibdir.

EEQ müayinəsini nə zaman etmək olmaz?

EEQ tamamilə zərərsiz və şüasız bir müayinə üsuludur. Bu müayinə üsulunun aparılmasına  heç bir əks-göstəriş yoxdur. Əlbəttə ki, körpədə qızdırma, kəskin bir tənəffüs xəstəliyi və ya yoluxucu xəstəlik, dəri səpgiləri aşkarlandığı təqdirdə klinikaya getməməlisiniz.