Uşaqlarda emosional inkişaf

İnsan doğumdan etibarən bir tərəfdə narahatlıq, digər tərəfdə isə zövq olmaqla emosional müstəvi üzərindədir. İnsanın doğulduğu andan verdiyi ağlama reaksiyası sonradan ehtiyaclarına diqqət çəkmək və qayğı göstərəni yanına gətirmək funksiyasını görür, ehtiyacları qarşılandıqca isə yerini zövq ifadələrinə buraxır.

Emosiyalar bu dövrdə ayrı görünmürsə, körpələrin ilk vaxtlarda yuxu zamanı gülümsəmə ifadələri nə deməkdir? Əsasən REM (rapid eyes movement) dövründə olmaqla körpələrin ilk həftələrdə yuxu zamanı gülümsədiklərini bilirik. Yeni doğulmuşlarda yaranan bu ifadələrin, ağlama ifadələrində olduğu kimi, daha çox daxili fizioloji stimullarla əlaqəli olduğu bilinir. Lakin aparılan araşdırmalar yuxu əsnasında daha çox gülümsəyən körpələrin oyaq olduqları zamanda da daha çox güldüklərini göstərmişdir. Beləliklə, emosiyalar ayrı şəkildə görünməyə başlamazdan əvvəl belə gülümsəmələrin emosiya ünsiyyətinin başlamasına töhfə verdiyini deyə bilərik.

Xoşbəxtlik, təəccüb, ikrah, kədər, qəzəb və qorxu əsas emosiyalardır. Bütün insanlar bu emosiyaları yaşamağa və ifadə etməyə hazır olaraq dünyaya gəlirlər. Şəxslərə, vəziyyətlərə və ya mədəniyyətlərə görə fərqlənən tərəfləri olmasına baxmayaraq, əsas emosiyaların ifadələrində universallıq mövcuddur. Doğumdan sonra ilk aylarda ayrı şəkildə yaşanmağa və ifadə edilməyə başlanan bu emosiyalar zaman içində inkişaf etməyə davam edir.

Uşaqlar iki yaşlarından etibarən, sözlərin də nitqdə ortaya çıxması ilə yavaş-yavaş emosiyaları etiketləməyə başlayırlar. Bunun üçün üz ifadələri kimi konkret xüsusiyyətlər ən əhəmiyyətli mənbələrdir. Xoşbəxtlik, kədər, qəzəb, qorxu ilk etiketlənən emosiyalar olarkən, ikrah və təəccüb 4-5 yaşlarında tanınır və etiketlənir. Bu yaşlarda artıq uşaqlar insanların nümayiş etdirdiyi emosiyalar ilə əslində hiss etdikləri emosiyaların bir-birindən fərqli ola biləcəyini və eyni vəziyyətin iki fərqli insanda fərqli emosiyalar oyada biləcəyini anlamağa başlayırlar. Həmçinin, hiss etdikləri emosiyanın intensivliyinin zaman keçdikcə azalacağını da bu yaşlarda anlamağa başlayırlar.

Uşaqlar 7-8 yaşlarına gəldiklərində mədəniyyətin emosiya ifadələri üzərindəki təsirini anlamağa və ifadələrini buna görə formalaşdırmağa başlayırlar. Mədəniyyət, şəxsiyyət xüsusiyyətləri, temperament kimi bir çox faktorun emosiya inkişafı üzərində təsirli olduğu bilinir, lakin ümumi xətlərlə məktəbəqədər dövrdə əsas emosiyaların inkişafı bu şəkildə ümumiləşdirilə bilər.

Qeyd edilən bütün məlumatlar əsasən tipik inkişaf göstərən uşaqlar üçün xarakterikdir.

 

                                                           

Həsənova Milanə

Klinik psixoloq, BDU-nun doktorantı