Bu bir prosedurdur. Bu zaman&nbs...
Əlavə qidalanmaya hansı qida ilə başlamağın çox da əhəmiyyəti yoxdur. Önəmli olan uşaqda qida həvəsinin formalaşmasıdır. Əlavə qidalanmaya tərəvəz püresi, sıyıq, qatıq və kəsmiklə başlamaq olar. Lakin burada bəzi şərtləri nəzərə almaq lazımdır. İlk olaraq qidalar qida dəyəri yüksək, yumşaq konsistensiyalı, həzmi asan və hipoallergen (allergik xüsusiyyəti az) olmalıdır.
Tərəvəzlər. Tərəvəzdən başlayan zaman ilk növbədə hipoallergen, ağ və yaşıl, şirin olmayan gül kələmi, brokoli, kartof, yunan qabağına üstünlük verilməlidir. Əvvəl bir növ tərəvəzdən başlamaq lazımdır (məsələn, kartof püresi). Sonra isə püreyə tədricən bir neçə digər tərəvəz daxil etmək olar (məsələn, kartof + gül kələmi, sonra kartof + gül kələmi + kök və s.). Daha sonra uşağın pəhrizinə kök, balqabaq, pomidor, noxud, lobya, ispanaq və s. əlavə olunur. Tərəvəz pürelərinə az miqdarda bitki yağı (xüsusən zeytun yağı) əlavə etmək olar. Əvvəlcə püre blenderin köməyi ilə hazırlanır. Daha sonra tərəvəz sürtgəcdən keçirməklə və ya çəngəllə əzilir. Belə qida dərhal udulmur, müəyyən bir müddət ərzində ağızda saxlanılır və beləliklə çeynəmə qabiliyyətinin formalaşmasına kömək edir.
8-9-cu aylarında uşaqda çeynəmə qabiliyyəti formalaşır, dişlər çıxır və həzm fermentlərinin aktivliyi artır və uşaq bərk qidanın qəbul edilməsinə hazır olur. Bu zaman uşağın qidasına tikə-tikə olan yeməklər də əlavə oluna bilər. Uşağa qabığı soyulmuş çiy armud, alma, çörək və ya peçenye tikəsi də vermək olar.
Sıyıqlar. Sıyıqlar daha kalorili olduğu üçün ilk əlavə qida kimi daha çox çəki azlığı olan körpələrə təyin olunur. Hipoallergen sıyıqlardan (düyü, qarabaşaq, qarğıdalı) başlayın. Bu yarmalarda uşaqlarda tez-tez allergik reaksiyalara səbəb olan bitki mənşəli zülal olan qluten yoxdur. Əvvəl südsüz sıyıqlardan başlayın, daha sonra sıyıqlara xüsusi olaraq uşaqlar üçün buraxılan quru süd yaxud ana südü və ya süni süd əlavə etmək olar. İnək və ya keçi südünü uşağın pəhrizinə yalnız 1 yaşından, bəzən isə 2 yaşından sonra daxil etmək olar.
Qatıq və kəsmik. Qatıq və kəsmik körpələrin asan həzm edə bildiyi ən etibarlı əlavə qidalardandır. Mədə-bağırsaq problemləri olan körpələrə əvvəl qatıq, sonra isə qatıqla kəsmik verilir. Lakin nəzərə almaq lazımdır ki, qatıq və kəsmiyin qida dəyəri az oduğundan sonrakı mərhələlərdə rasiona digər əlavə qidalar da qoşulmalıdır.
Meyvə və tərəvəz şirələri. Körpəyə veriləcək ilk meyvə mövsümə görə seçilməlidir. Qışda almadan, yayda alma və ya şaftalıdan başlanır, daha sonra ərik, armud, üzüm, banan verilir. Meyvələr uşağın nəcis ifrazının tənzimlənməsinə və həzmə çox yaxşı kömək edir. Qara gavalı yüngül işlədici təsirə malikdir, ona görə də xroniki qəbizliyi olan uşaqlar üçün o, ikiqat qiymətli hesab olunur. Belə uşaqlara gün ərzində bir qidalanma zamanı sürtgəcdən keçirilmiş qara gavalı, digər qidalanma zamanı isə hər hansı digər meyvə vermək olar. Tərəvəz şirələrindən ən çox kök, pomidor və balqabaq şirələri verilir.
Meyvənin sirəsini şirəçəkəndə yox, əl ilə çəkmək daha yaxşıdır. Bu zaman meyvədə olan bütün faydalı maddələr saxlanılır. Şirəni çəkdikdən sonra dərhal uşağa vermək lazımdır.
Yumurta. Bərk bişmiş yumurta sarısı bir çay qaşığı olaraq nahara əlavə olunur, yavaş-yavaş miqdarı artırılır. Bir həftədən sonra körpə tam bir yumurta sarısı yeyə bilər. Allergik xüsusiyyəti olduğu üçün yumurtanın ağı bir yaşına qədər uşağa verilməməlidir.
Dənli şorbalar. Qatıq, meyvə, tərəvəz püresindən sonra mərci şorbası kimi şorbalar verilə bilər. Şorbalara bir çay qaşığı duru yağ, 8-ci aydan sonra qiymə qatıla bilər. Şorbalar əvvəllər çörəksiz, sonra içinə çörək doğranaraq verilə bilər. Bu şəkildə tədricən qatı qidalara başlanılır. Quru paxlalar 7-ci aydan sonra pərdələri çıxardılıb əzilərək, püre halında, az miqdardan başlayaraq verilə bilər.
Ət məhsulları (qırmızı ət, toyuq, balıq əti). Qan azlığının qarşısının alınması üçün körpənin qidasında ət məhsulları mütləq olmalıdır. 8-ci aydan etibarən şorbalara və ya tərəvəz yeməklərinə qiymə parçaları qatıla bilər, toyuq və ya balıq əti əzilərək püre halında tək başına və ya yeməklərin içində verilə bilər. Şorbalar və ya tərəvəz yeməkləri toyuq bulyonunda hazırlana bilər. 9-cu aydan sonra körpənin şorbasına iki dəfə çəkilmiş qiymədən ədviyyatsız olaraq hazırlanmış küftə qatıla bilər.
Duzlu, ədviyyatlı, allergiya vermə ehtimalı yüksək olan qidaları körpələrə vermək olmaz. Həddindən artıq lifli qidalar ilk 12 ayadək məsləhət deyil. Allergiya vermə riski yüksək olan sitrus meyvələri, yumurta, balıq ilk verilən qidalar arasında olmamalıdır.
Fikriniz
0
0
Celilova Durre
Kox yaxşi meslehetlerdi
Niyaməddin Ağalarov
Çox yaxşı .
Esgerova Feride
Oxudum, cox yaxsi meqaledi
Dilsad Atayeva
Cox yaxşi meslehetlerdir
Əliyeva Zivər
Gənc anaların bunları bilməsi vacibdir.
Nailə Şahbazova
Uşaqa əlavə qidalaların vaxtında verilməsi uşaqın gələcəkdə düzgün inkişafına səbəb olur
Afət Rəhimova
Cox yaxşı
Jalə Cəfərova
Hər uşağın qidalanması vacib şərtdir .Lakin düzgün qudalanmaya nəzarət olunmaııdır.Bəzi valideynlər hazır alınmış tərəvəz pürelərinə üstünlük versədə mən qəti şəkildə bunun əleyhinəyəm .Evladlarınızı təzə və təbii şəkildə qidalandırın