Pozitiv valideynlik

Sübut olunmuşdur ki, körpələr və azyaşlı uşaqlarla söhbət etmək, oyunlar oynamaq, birgə mütaliə etmək onların nitqinin və sosial bacarıqlarının inkişaf etməsinə, nəticə etibarilə məktəbə hazır olmalarına çox kömək edir. Valideynlər ilə uşaq arasında etibarlı bağlılıq olduqda, uşaqlar ətraf mühiti araşdırmaq  və öyrənmək üçün inamlı olurlar. Ailə üzvlərinin yaxşı münasibəti, ailə mühitinin maraqlı olması uşağın beyin strukturunu formalaşdırır və bütün beyin mərkəzlərinin inkişafına birbaşa təsir edir. Valideynlər danışıq dilində zəngin bir mühit yaratdıqda, ətraflarında baş verənləri təsvir etdikdə onlar erkən yaşda daha geniş söz ehtiyatı olan uşaqlara sahib ola bilərlər.

Uşaqların özlərini təhlükəsiz hiss etmələri üçün valideynlər onlara sevgi göstərməli, qayğıkeş davranmalıdırlar. Hətta çox kiçik körpələr də sözlərimizlə sevği və rədd hissini anlaya bilərlər. Sevgi uşağın inkişafı üçün keyfiyyətli yemək qədər əhəmiyyətlidir. Körpələr doğuşdan etibarən ünsiyyətə başlayır. Onlar ac olduqda, yuxulu olduqda, qayğı istədikdə bu ehtiyacları ağlamaq, gülümsəmək, səs çıxarmaqla bildirirlər. Bu ünsiyyət vasitələri körpələrə özlərini təhlükəsiz hiss etməyə kömək edir və onların beyin inkişafının bütün sahələrinin aktivləşməsinə səbəb olur.

Az yaşlı uşaqlarla söhbət etmək üçün bunları nəzərə alın:

  • Uşaqla ünsiyyətə və göz təmasına girməmişdən öncə adını çağıraraq onun diqqətini cəlb etmək;

  • Danışmaq üçün çox imkan yaratmaq;

  • Suala cavab hazırlaması üçün on saniyə vaxt vermək;

  • Yeni sözlər kəşf etməsi üçün yeni situasiyalar yaratmaq;

  • Qısa cümlələrdən və vurğulu açar sözlərdən istifadə etməklə nitqi sadələşdirmək;

  • Uşağın bacarıqlarını tərifləmək və qiymətləndirmək;

  • Uşağa qaydalar, məhdudiyyətlər və mənəvi dəyərləri öyrətmək;

  • Televizor və telefondan gələn kənar səsləri söndürmək.

Uşaqlar oyun vasitəsilə daha yaxşı inkişaf edir və öyrənirlər. Buna görə uşağın oyun və oyuncaqlara çox vaxt ayırmasına şərait yaratmaq lazımdır. Oyun oynamaq uşaqların beyin mərkəzlərinin inkişafını stimullaşdırmaqla onlarda yaradıcılıq, problemlərin həlli və s. bacarıqlar formalaşdırır.

Uşaqlarla oynayarkən onları diqqətlə müşahidə etmək, dinləmək, dəstəkləmək, ünsiyyət qurmaq və onları anlamaq lazımdır. Uşaq oyunu dayandırmaq istədikdə ona ehtiyacı olan sakitlik verilməlidir.

Uşaqlar müxtəlif duyğu reaksiyalarına malikdirlər. Məsələn, səs, işıq və s. kənar stimullaşdırıcı amillərə müxtəlif cür reaksiya verirlər. Əgər uşaq qəfil hərəkət və səsdən qorxur və səksənirsə bunu nəzərə almalı və uşaq bu cür hərəkətləri ehtiva edən oyunlara cəlb olunmamalıdır.

Aktiv oyunlardan sonra və ya uşaq yatmazdan öncə birgə mütaliəyə vaxt ayırmaq lazımdır. Körpənizin oxucu kimi böyüməsini təmin etməyin ən yaxşı yollarından biri evin hər yerində kitabın olmasıdır. Körpələr üçün kitablar rəngli, şəkilli, möhkəm, suya davamlı və ya parça materialdan olmalıdır.

Bir sözlə, uşaqlara sevgi göstərməyin ən yaxşı yolu onlarla vaxt keçirmək, mühriban ünsiyyət qurmaq, onlarla oynamaq, birgə mütaliə etməkdir.