Dizartriya nitqin tələffüz tərəfinin və ni...
Əsmərin dişi bərk ağrıdığından gecəni yatmamışdı. Anası səhər açılan kimi dedi:
-Dişin səhərə qədər ağrıyıb, gəl gedək həkimə.
Əsmər elə ağladı, elə ağladı ki, bütün ailə üzvləri balaca qızın başına yığışdı. Hamı onu sakitləşdirməyə çalışırdı.O isə hey ağlaya-ağlaya deyirdi:
-Həkimdən qorxuram, getməyəcəyəm.
-A qızım, həkim baxsın görsun niyə ağrıyır?
-Yox e... yox... o dəfə babam dişinə mixək qoydu. Mən bilirəm mixək qoysam ağrısı kəsəcək. Mənə mixək verin.
Beləliklə Əsmər gah dişinə mixək qoydu, gah da diş üçün damcı. Amma dişinin ağrısı kəsmədi ki, kəsmədi.
-Mənim ağıllı qızım, gör dişin şişib nə boyda olub.
Əsmər qaçıb güzgüyə baxdı. Dişi həqiqətən çox şişmişdi. O qədər şişmişdi ki, hətta gözü az qala yumulacaqdı.
-Vaxtında həkimə getsəydin, heç belə şişməyəcəkdi.
Əsmər elə peşman oldu:
-Kaş anamın sözünə qulaq asardım - deyə mızıldadı.- Ana, gəl gedək həkimə.
Əsmərin anası çox sevindi. Tez geyinib həkimə getdilər.
Poliklinikada həkim onları çox mehriban qarşıladı.
-Aç görüm ağzını, qəşəng bala, göstər görüm ağrıyan hansı dişindi?
Əsmər ağrıyan dişini həkimə göstərdi. Həkim diqqətlə baxıb dedi:
-Aha...indi bəzi dərmanlar yazacam, qarqara edəcəksən sağalacaq.
Əsmər diş həkiminin ona göstərdiyi nəvazişdən çox razı qaldı. Həkim Əsməri elə mehriban qarşıladı ki, o ağrıyan dişini sanki unutdu. Həkim Əsmərin dişlərinə diqqətlə baxdı, müayinə etdi, öz tövsiyələrini verdi.
Ana ilə Əsmər artıq evlərində idilər. Onlar həkimin yazdığı müalicəni yerinə yetirirdilər. Bir neçə gün keçdikdən sonra Əsmərin dişi sağalmış, şişi çəkilmişdi. Ağrılardan əsər-əlamət qalmamışdı. Əsmər anasını qucaqlayıb hey deyirdi ki, bir də sözündən çıxmayacağam. Ana da çox sevinirdi. O, Əsməri gah qucaqlayır, qıvrım saçlarını sığallayırdı.
Fikriniz
0
0