Sosial işə dair xarici təcrübənin öyrənilməsi: Sosial iş nəzəriyyələri (I hissə)

 

Sosial işin nəzəri dərk edilməsi ilə əlaqəli ilkin addımlar, dünyanın bir çox ölkələrində feministlər Almaniyada Alisa Solomon, Fransada Mariya Qaxeri, ingiltərədə Yelizaveta Fray, ABŞ-da Ceyn Adams tərəfindən atılmışdır.

Sosial işin elmi surətdə öyrənilməsinin yüksəliş dövrü kimi XIX əsrin II yarısı XX əsrin əvvəllərini, xüsusi ilə də 1915-20ci illəri və həmin illərdə Meri Riçmondun müəllifliyi ilə çıxan «Elmi sosial iş» əsərini qeyd etmək olar. Məhz Meri Riçmond ilk dəfə olaraq, sosial işçilər tərəfindən aparılan sosial işin keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə geniş sxemlər toplusu təklif etmiş, sosial problemlərin diaqnozlaşdırılması yollarını göstərmişdir.

Onun baxışları tibbi üsulların, eləcə də psixologiyanın biheviorist məktəbinin və Z.Freydin psixoanalizi əsasında formalaşmışdır. Sosial işin nəzəriyyəsi sahəsində Meri Riçmondun ilk kitabı «Kasıblarla dostcasına görüş: xeyriyyə təşkilatlarında işləyənlər üçün təlimat» adlanırdı. Ehtiyacı olanlara kömək və dəstək, bir subyektin digərinə qarşı nümayiş etdirdiyi dostluq aksiyası kimi nəzərdən keçirilir. Lakin, təsir təkcə ehtiyacı olan insana doğru yönəlməklə qalmayıb, həmçinin, kasıbçılıq və dilənçilik şəraitində yaşayan insanlara qarşı mənfi münasibət bəsləyən sosial mühitin dəyişdirilməsini də əhatə etməlidir.

XX əsrin əvvəllərində kliyentin ehtiyaclarına qarşı fərdi yanaşma ideologiyası geniş yayılmağa başlayır. Bu üsul sosial işin müxtəlif sahələrində tibbdə, əmək münasibətləri sahəsində məsləhətvermədə, qəyyumluq və s. geniş tətbiq edilirdi. Həmin dövr üçün sosial iş praktikasında fərdi işin aşağıdakı prinsipləri formalaşmışdı:

  1. İnsanın ətraf mühitə uyğunlaşa bilməməsinin səbəbləri iqtisadi və sosial faktorlarla əlaqədardır.
  2. İnsanlar sosial hadisələrə, öz bioloji və intellektual ehtiyatlarından istifadə etməklə reaksiya verirlər.
  3. İnsanlar sosial statuslarından asılı olmayaraq, mənlik hisslərinə malikdirlər və onların ləyaqətlərinə hörmət olunmalıdır.
  4. Düzgün diaqnozun qoyulması, problemin ayrılıqda, fərdi problem kimi öyrənilməsini nəzərdə tutur. Bununla əlaqədar müştərinin həyatının müxtəlif tərəflərini sosial, iqtisadi, ailə, intellektual, tədqiq etmək lazımdır.
  5. Faktların analizi prosesində, müştəri ilə dostluq münasibətləri yaratmaq lazımdır. Diaqnoz qoyulduqdan sonra, sosial işçi müalicə planını hazırlayır və müştərini onunla tanış edir.
  6. Qarşıya qoyulmuş məqsədlərin əsasında xeyrixahlıq və dostluq durmalıdır.

1917-ci ildə Meri Riçmondun «Sosial diaqnozlar» kitabı çapdan çıxır. Bu kitabda o, fərdi sosial işin nəzəri və metodoloji əsaslarını təsvir edir. Bu əsərdə öncəki təcrübələr də nəzərə alınmaqla, fərdi işin elmi əsasları müəyyənləşdirilir, Fərdi iş praktikasına, xəstələrin müalicəsində tətbiq edilən tibbi üsulları uyğunlaşdırmaqla, Meri Riçmond müştərinin sosial və psixoloji problemlərini analiz etməyə imkan verən orijinal bir metod işləyib hazırlayır. Sosial iş nəzəniyyəsinə, yeni semantik məzmunlu tibbi terminologiya “diaqnoz”, “müalicə”, “kliyent” daxil edilir. Sonralar sosial işin bu modeli, fərdi işin «tibbi modeli» kimi tanınacaq.

İctimai və şəxsi situasiyaları sosial işin aparıcı problem sahələri kimi seçib ayıran Meri Riçmondun fikrincə, sosial iş kömək göstərmək sənəti, qabiliyyəti deməkdir. Sosial işçı ilə müştərinin qarşılıqlı əlaqə prosesi isə, ağılsız situasiyada dərrakədən istifadə olunması kimi xarakterizə olunmalıdır.

Onun konsepsiyasına əsasən, sosial işçi tərəfindən situasiyaya 1) birbaşa və 2) dolayı müalicə metodları ilə baş verə bilər. Birbaşa müalicə bilavasitə qarşılıqlı əlaqə şəklində gerçəkləşdirilirdi. Meri Riçmonda görə, bilavasitə qarşılıqlı mürəkkəb prosedur olmaqla özünə bunları daxil etməliydi:

  • sosial işçi ilə müştəri arasında etibarlı münasibətlərin, pozitiv duyğuların yaranmasını;
  • müştərinin öz problemlərini həll etmək qabiliyyətinin artırılması, fəallaşdırılmasını.

 

Bununla əlaqədar tətbiq edilən aparıcı texnikalar təlqin, inandırma, diskussiyalar, həmçinin sosial işçinin şəxsi keyfiyyətləri səmimilik, düzgünlük olmalıdır.

Dolayı təsir, yaxud müalicə metodunun məzmunu ondan ibarət idi ki, kömək müştərinin əhatəsinə göstərilir, onun mühiti dəyişdirilirdi. Sosial işçi ilə qarşılıqlı əlaqə zamanı müştəri, öz situasiyasının sosial və özəl asılılıqlarının obyektiv mənzərəsini əldə etməli, bütövlükdə cəmiyyətdə eləcədə sosial institutlarda, onun sosial fəaliyyətinə maneçilik törədən münasibətləri araşdırmalıdır.

Bu kitabda, həmçinin, ilk dəfə olaraq fərdi müdaxilə ilə əlaqəli üsullar ümumiləşdirilmiş və müdaxilənin aşağıdakı mərhələləri qeyd edilmişdi: informasiyanın əldə edilməsi;

diaqnoz (sosial vəziyyətinin tədqiqi);

proqnoz (vəziyyətin yaxşılaşdırılması perspektivləri ilə əlaqəli mülahizələr);

müalicə (müştəriyə köməyin göstərilməsi).

“Sosial diaqnozlar” əsərində, müştəri ilə fərdi iş zamanı, mənəvi inanclar və alternativlər metodlarından uzaqlaşmalar, təsir və sosial psixoloji qarşılıqlı əlaqələr metodlarına keçid, müşahidə olunur. İlk dəfə olaraq sosial işçi ilə müştəri arasındakı qarşılıqlı əlaqə prosesi təsvir edilir. Bu proses, müəyyən məntiqə tabe olaraq, müştəriyə qarşı sistemli yanaşmanı ifadə edən, ardıcıl fəaliyyət, qayda kimi nəzərdən keçirilməlidir. Sonralar bu qayda, sosial iş texnologiyalarında aparıcı üsullarından birinə fərdi iş metoduna çevriləcək. M.Riçmond tərəfindən işlənib hazırlanmış, fərdi yanaşma prinsipləri, Xristian ictimai birliyinin dəstəyini alır və təkcə emiqrantlarla, deviant davranışlı şəxslərlə işdə deyil, həmçinin, müxtəlif mədəni və həyat tərzləri olan müştərilərlə aparılan sosial işdə də tətbiq edilir. Bu prinsiplər, həmçinin, qruplarla və icmalarla işdə də tətbiq edilməyə başlayır. M.Riçmondun nəzəri üsulları, təkcə sosial işin praktikasında deyil, eləcə də nəzəriyyəsinin təşəkkülündə mühüm rol oynamışdır. “Sosial diaqnozlar” əsəri mühüm elmi tədqiqat işi olmaqla, fərdi sosial işin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Bu kitabın çapından 20 il sonra Qreys Makus Meri Riçmond və onun əsəri haqqında belə söyləmişdi: “Bu çox böyük məktəb idi və o, sxolast mülahizələrin cəlbedici təsirinə duruş gətirməklə, ictimai həyatın elə aspektlərin tədqiqi ilə məşğul olurdu ki, onlar müəyyən problemlərin həllinə şərait yaradırdı. Onun işinin deduktiv metodu, öz əksini fərdiləşma prinsipində fərdi sosial işin nəzəriyyə və praktikasının öyrənilməsi prosesində tapdı”.

1921-1930-cu illər, sosial işin fərdi metodlarına psixoloji biliklərin daxil olduğu illər kimi xarakterizə olunur. Biheviorizm, freydizm kimi məktəblərlə təmsil olunan “yeni psixologiya”, sosial işin nəzəriyyə və praktikasında öz əksini tapır. Bu dönəm sosial iş nəzəriyyəsində, irsilik, fərdin fizioioji inkişafı, intellektin inkişafı və geri qalması kimi fenomenlər öz interpretasiyasını tapır. Psixologiya və psixiatriya, kliyentin həyati situasiyalarının izahının əsas etibarlı mənbələri kimi çıxış edirlər.

Məsələn, Z.Freydin nəzəriyyəsi, eləcə də inkişaf psixologiyası, sosial iş nəzəriyyəsində davranış simptomlarının izahına, kömək və dəstəyin daxili proseslərinin analizinə şərait yaratdı. Öz növbəsində, sosial biheviorizm də sosial işdə kliyentin sosial tarixinin öyrənilməsinə təsir göstərmişdir.

 

 

İstifadə edilən ədəbiyyat:

 

  1. Теория социальной работы : учебник для бакалавров / под ред. Е. И. Холостовой, Л. И. Кононовой, М. В. Вдовиной. — М. : Издательство Юрайт, 2014. — 345 с. 32-45 c.
  2. Холостова Е.И. Социальная работа в схемах: Учебное пособие. – М.: Из-дательско-торговая корпорация «Дашков и Ко», 2006.