Kitab oxuma vərdişini aşılama üsulları

 

✓ Özünüz kitab oxumaqla, daima mütaliə etməklə övladınıza nümunə olun. Uşağınız sizin əlinizdə tez-tez kitab və ya qəzet görsün. Uşaq kitab oxumağa başlamazdan əvvəl sizin kitaba olan sevginizi görməlidir.

✓ Övladınızı kitablı mühitlərə aparın. Onunla birlikdə kitab dükanlarını gəzin, kitabxanalara gedin, müxtəlif kitabları vərəqləyib baxın. Onları kitabxanalara üzv olmağa həvəsləndirin.

✓ Uşaqlarınızın kitab oxuduğunu görəndə və ya eşidəndə bu hərəkətini alqışlayın.

✓ Evinizdə oxumağa aid xırda işlərdə belə, övladınızın köməyindən faydalanın. Məsələn: məktubların oxunması, alış-veriş siyahısının hazırlanması və oxunması və s.

✓ Kitab oxumaqla bağlı övladlarınızdan nə gözlədiyinizi onlara bildirin. Onların necə oxucu olmasını istəyirsinizsə, bu haqda arzunuzu onlarla bölüşün.

✓ Evdə səsli mütaliə vaxtları müəyyən edin.

✓ Evinizdə ailəvi oxu üçün bir guşə təşkil edin. Guşəni kitablar, dərgilər və yazı ləvazimatları, şəxsi kitab rəfləri qoymaqla daha maraqlı eləmək olar.

✓ Evdə zəngin bir kitabxana da düzəldə bilərsiniz. Kitabxana elə qurulmalıdır ki, bütün ailə üzvləri asanlıqla istifadə edə bilsin.

✓ Övladlarınıza uşaq dərgiləri hədiyyə edin. Bir uşaq dərgisinə aylıq abunə də ola bilərsiniz.

✓ Uşağınızı müşahidə edin, maraq göstərdiyi və istedadlı olduğu sahələri müəyyən etməyə çalışın. Övladınızın xüsusi istedadı və maraq sahəsi varsa, buna uyğun kitab, dərgi və s. alıb ona hədiyyə edə bilərsiniz.

✓ Övladınızın seçdiyi kitablara sayğı göstərin.

✓ Övladınızın kitab oxuma bacarığının inkişafını nazarətdə saxlayın. Vaxtaşırı ona səsli kitab oxutdurub dinləyin.

✓ Öz uşaqlıq illərinizdə dinlədiyiniz və ya oxu duğunuz dəyərli hekayə və nağılları onlara danışın.

✓Hər axşam evdə yeni oxuduğunuz faydalı bir məlumatı bölüşün ki, hamı öyrənmiş olsun.

✓Evdə televizora baxılmasına məhdudiyyət qoyun. Ancaq televizordan dərs oxumağın əvəzində mükafat kimi istifadə etməyin. TV-nin bir həftəlik faydalı verilişlərini müəyyənləşdirin və çalışın ki, "ekran vaxtında" həmin verilişlərə baxsın.

✓  Mütaliənin konkret məkanı olmur. Övladınızla, məsələn, təyyarədə bilet növbəsi gözləyərkən çantanızdan uşağınızın da marağını çəkən bir kitab çıxarın.

✓  Övladınızın yaşına uyğun mədəniyyat jurnalları alın və ona hədiyyə edin.

✓ Ailənizdə axşamlar, əsasən də, şam yeməyindən sonra oxu saatı qoyun. 1 saat ərzində bütün ailə üzvləriniz kitab oxusun. Ailəvi oxu saatının hər gün olması və ailə üzvlərinin ona əməl etməsi çox önəmlidir.

 

 

 

Yaşa uyğun kitablar

 

0-3 yaş: Oyuncaq kitablar və şəkilli kitablar. Bu vəsaitlər təbiəti canlandırır və həyatı uşaqlara əyani şəkildə tanıdır.

4-5 yaş: Real hekayələr və ya heyvanlar haqqında nağıllar bu yaşda olan uşaqların marağını çəkir.

6-7 yaş: Müəyyən fikir və ideya ehtiva edən, kiçik həcmli, iri şriftli şəkilli hekayələr və nağıllar. Təbiətdən, heyvanlardan və uşaqların həyatından bəhs edən hekayələr.

7-8 yaş: Xalq nağılları, xeyirin şər üzərində zəfərini təsvir edən kitablar.

8-9 yaş: Təbiət və insan həyatı, səyahət, macəra və sərgüzəşt mövzusunda hekayələr.

10-11 yaş: Macəra, səyahət, sərgüzəşt, maraqlı ixtira və kəşflər mövzusunda hekayə və kiçik həcmli romanlar.

11-12 yaş: Bu yaşda oğlanlar elmə və ixtiralara, qızlar isə məktəb və ailə həyatına dair əsərlərə maraq başlayırlar.

12-13 yaş: İdman, qeyri-adi və macəra məzmunlu hekayələr.