Biri var idi, biri yox idi. Qarlı təpələri...
Balaca Leylanın sevincinin həddi-hüdudu yox idi. Atası ona çoxdan arzuladığı kompüter almışdı. Bundan sonra sevdiyi cizgi filmlərinə baxa biləcək, çoxlu oyun oynayacaqdı. Atası onunla şərt kəsmişdi ki, hər gün yalnız yarım saat kompüterlə məşğul olacaq. O, da söz vermişdi. Amma nəinki vədinə heç cür əməl etmirdi, heç bir dəqiqə də olsun kompüterdən ayrılmırdı. Bir az vaxt keçmişdi ki, Məstan pişik pəncərəyə qalxıb Leylanı səslədi:
- Miyo-miyo, Leyla, acmışam.
Leylanın başı kompüterə elə qarışmışdı ki, Məstana məhəl qoymadı, üstəlik acıqlandı da:
- Eh, sən də əl çək. Görmürsən burda oynayıram?
Məstan pərt oldu. Əvvəlki vaxtları xatırlayıb üzüldü. Əvvəllər pəncərəyə qalxan kimi Leyla onu xeyli sığallayır, sonra yemək verirdi.
- Miyo-miyo, Leyla, əlindəki nədir?
- Kompüterdir. Atam alıb.
Elə bu vaxt Leylanın rəfiqəsi Nərgiz qapıda göründü. Leylanı səslədi:
- Leyla, Leyla, gəl oynayaq.
Leyla dedi:
- Oynamıram.
Nərgiz də pərt oldu. Axı heç vaxt belə qarşılanmamışdı. Məyus halda geri döndü.
Leyla isə divanda oturub elə hey kompüterdə oyun oynayırdı. Dərslərini də unutmuşdu. Tapşırıqları yerinə yetirmək heç yadına da düşmürdü. Xeyli oynadı, oynadı və elə divandaca yuxuladı. Bir azdan ata-anası işdən qayıdanda Leylanı yatmış vəziyyətdə gördülər. Həmən gün Leyla o yatan, yatdı. Bir də səhər anasının səsinə oyandı:
- Leyla, qızım, oyan dərsə gecikirsən.
Leyla oyandı. Yadına düşəndə ki, dərslərini oxumayıb çox pis oldu. Könülsüz-könülsüz geyindi.
Artıq dərs başlamışdı. Leyla arxa partada özünə yer seçmişdi. Müəllimə dərsi soruşanda uşaqların arxasında gizlənməyə çalışan Leylanı görüb çağırdı:
- Leyla, gəl dərsimizi danış.
Leyla utana-utana ayağa qalxdı. Başını aşağı salıb mızıldadı:
- Bilmirəm.
- Niyə öyrənməmisən?
- Bilmirəm.
Müəllimə Leylanın gündəliyinə iki yazdı.
Leyla sarsılmışdı. Bu vaxta qədər ömründə iki almamışdı. “Hamısını eləyən o kompüterdir”, - deyə düşündü. Leyla çox pərt olmuşdu. Həmişə beş alardı. O beşlərin arasında yekə bir ikinin yer alması onu sarsıtmışdı. Dərs qurtaran kimi evə gəldi. Kompüteri görmək belə istəmirdi. “Daha oynamayacağam”, - deyə düşündü. Bu vaxt Məstan pəncərəyə qalxdı:
- Miyo-miyo, Leyla, gəlmisən?
Leyla Məstanı qucağına alıb sığalladı:
- Bağışla məni, Məstan. O gün səninlə pis rəftar etdim.
- Miyo-miyo, daha kompüter oynamayacaqsan?
- Yox, Məstan, həm səninlə oynayacam, həm də dərslərimi oxuyacam. Qoy atam gəlsin, ona deyəcəm ki, kompüteri qutusuna qoysun. Hərdənbir tətildə oynayaram.
Məstan çox sevindi:
- Nərgizin də könlünü al. O, da səndən çox inciyib.
- Düz deyirsən. Qoy dərslərimi hazırlayım, birlikdə gedərik Nərgizgilə.
Məstan sevincindən bilmirdi nə etsin. Ora-bura qaçır, tullanıb-düşürdü.
Fikriniz
0
0