Hər bir qadının həyatında hamiləlik dövr&u...
Biri var idi, biri yox idi, bir paxıl toyuq var idi. Bu toyuq elə paxıl idi ki, başqalarını düşünməkdən gecələr səhərə qədər yata bilmirdi. İndi də onun yuxusunu ərşə çəkən kəkilli fərənin özünə gözəl bir don alması idi. Kəkilli fərə o gün toyda elə qəşəng geyinmişdi ki... Bütün toy əhlinin gözü qalmışdı bu gözəl libaslı toyuqda. Paxıl toyuğun az qalırdı, ürəyi partlasın. Öz-özünə düşünürdü: “Sən bir bunun paltarına bax, heç yaraşmır da. Görəsən, haradan alıb?” Bu sualları beynində düşünə-düşünə kəkilli fərəyə yaxınlaşdı:
– Aaa, bu nə paltardı? Heç sənə yaraşmır.
Kəkilli fərə pərt oldu:
– Yaraşmır? Axı hamı deyir yaraşır.
– Yox, yalan deyirlər, inanma. Çox çirkin görünürsən.
Kəkilli fərə onsuz da paxıl toyuğa inanmırdı. Yaxşı bilirdi ki, paxıllıqdan özün yeyib-tökür. Odur ki, dedi:
– Sən narahat olma, yaraşdı-yaraşmadı, özüm bilərəm. Elə bu vaxt xallı fərə onlara yaxınlaşıb dedi:
– Necə də gözəl paltarın var, həm də əcəb yaraşır sənə.
Bu sözləri eşidən paxıl toyuğun, az qaldı, bağrı partlasın. Tez oradan uzaqlaşdı. Pərt halda hinə döndü.
Öz-özünə deyirdi:
– Eybi yox, eybi yox, qoy axşam düşsün, mən o paltarı oğurlayıb yox edəcəyəm. Paxıl toyuq havanın qaralmasını səbirsizliklə gözləyirdi. Tez-tez: “Gör sənin başına nə oyun açacağam”, – deyirdi. Axşam düşdü. Hərə öz yuvasına çəkilib yatmağa hazırlaşırdı. Kəkilli fərə hininə döndü, yamanca yorulmuşdu. Gözəl paltarını soyunub asılqandan asdı. Yerinə uzanıb yatdı. Paxıl toyuq səbirsizliklə işığın sönməsini gözləyirdi. “Aha, işıq söndü”. Azacıq gözlədi ki, kəkilli fərə yuxuya getsin. Məkrli planını həyata keçirəcəkdi. Yavaş-yavaş hinə doğru addımlamağa başladı. İçəri girdi, ehtiyatla axtarışa başladı. Asılqan yaxın yerdə idi. Donu götürüb qaçmağa başladı. Elə qaçırdı, elə bil dalınca gələn var. Evinə çatıb içəri girdi, qapını bağladı. Tez-tələsik donu əyninə geyinib güzgünün qabağında fırlandı. Paltar gözəl olsa da, ona heç yaraşmırdı. Kəkilli fərənin əynində daha gözəl görünürdü. O bununla barışmaq istəmirdi. Yerində uzanıb səhərin açılmağını gözləməyə başladı. İstədi, bir az yuxulasın. Amma nə qədər eşələnsə də, yuxusu gəlmədi ki, gəlmədi. Qonşu hindəki xoruz banlamağa başlayanda yerindən qalxdı və donu götürüb qaçmağa başladı.
Sıldırım qayanın başına çıxdı. Oradan donu tulladı ki, çay aparsın. Aşağı tullayan kimi geriyə dönüb qaçmağa başladı. Daha bilmədi ki, don çaya düşmək əvəzinə ağaca ilişib. Sevinə-sevinə qaçırdı. O, düşünürdü ki,
məkrli planını həyata keçirə bilib. Paxıl toyuq hinə çatdı. Öz-özünə: “Yaxşı ki, heç kim görmədi”, – deyə düşündü. Amma onun bu hərəkətini görən olmuşdu. Sən demə, dələ təzəcə yuxudan qalxıb o yan-bu yana baxırmış, bir də görüb ki, göydən al-əlvan bir şey gəldi və ağaca ilişdi. Qaçıb uçurumun başına qalxdı. Nə görsə yaxşıdı? Paxıl toyuq sürətlə geriyə
qaçır. Dələ öz-özünə düşündü: “Heç başım çıxmadı, vallah. Bilmirəm, bu toyuq belə gözəl donu niyə çaya atmaq istəyir”.
Dələ ağaca ilişmiş paltarı ehtiyatla götürdü, səliqə ilə qatlayıb yuvasına qoydu.
Hə… Sizə kimnən deyim, kəkilli fərədən. Kəkilli fərə yuxudan gec ayıldı, çünki axşam toyda çox yorulmuşdu. Yuxudan ayılıb gülümsəyərək toyda baş verənləri xatırlayırdı. Ayağa qalxıb asılqana baxdı. Gözəl libasını yenidən görmək istəyirdi. Amma donunu yerində görməyib gözlərini ovuşdurdu. Elə bildi ki, yorğunluqdan gözü yaxşı görmür. Yenidən
baxanda dəhşətə gəldi. Tez-tələsik evi alt-üst elədi. Don yoxa çıxmışdı. Özünü saxlaya bilmədi. Hönkür-hönkür ağlamağa başladı:
– Kimsə donumu oğurladı, vay, başıma gələnlərə
bax! Kəkilli fərənin səsini eşidən bütün toyuqlar bir
anda hinə axışdı. Paxıl toyuq da gəlmişdi. O, ucadan
deyinirdi:
– Sənin donunu tapacayıq. Hər yeri axtarmağa başladılar. Kəkilli fərənin hönkürtüsü bütün kəndi bürümüşdü. Xəbər dələyə çatdı. Dələ tez donu götürüb kəkilli fərəgilə gəldi. Bütün toyuqlar orada idi. Paxıl toyuq donu dələnin əlində görüb çığırdı:
– Aaa, dələyə bax e, heç gör utanır?
Dələ:
– Niyə, sən utanmaqdan mən utanmalıyam?
Paxıl toyuq dələyə hücum çəkdi:
– Bu saat səni dimdiyimlə didəcəyəm.
Dələ:
– Ay toyuqlar, diqqətlə qulaq asın. Bu səhər sübh vaxtı bax bu toyuq donu çaya atdı. Xoşbəxtlikdən, don ağaca ilişib qaldı. Mən də götürüb saxladım ki, yiyəsi çıxanda verim. Siz buna baxın, atalar doğru deyib: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Hamı təəccüblə paxıl toyuğa baxdı. O, qıpqırmızı qızarıb başını aşağı salmışdı. Ürkək baxışlarından peşmançılıq hiss olunurdu. Kəkilli fərə isə bilmirdi, sevinsin, yoxsa kədərlənsin. Donunun tapılmasına sevinsə də, paxıl toyuğun bu hərəkəti onu məyus etmişdi. Axı paxıllıq pis xüsusiyyətdir. Paxıl ancaq özünə ziyan vurur. Kəkilli fərə öz donuna qovuşmuşdu, amma paxıl toyuq hamının gözündən düşmüşdü və indi o, paxıllığın əziyyətini çəkirdi.
Fikriniz
0
0